Свобода людям, независимость нациям!

Siçan komitəsi

“Onu didik didik didiklediler,

saçlarından tutup sürüklediler.

götürüp kafire: “Buyur...” dediler.

Bəylər, bu vatana nasıl kıydınız?"

(Nazim Hikmət)

Üzeyir Hacıbəylinin yüz il qabaq yazdığı məşhur “Biz nə tövr iş görürük” adlı felyeton var. Xalqımızın hərf tanıyan çox üzvü bunu güman edirəm oxumuşdur, oxumayanlara qısa özətini yazaq. Deyir bizim qonşularımız siçan boyda iş görəndə biz yatırıq. Onlar keçi boyda iş görəndə də yatırıq. Qonşuların işləri böyüyüb eşşək, dəvə, camış boyda olur, yenə oyanmırıq. Nəhayət qonşular fil boyda iş görəndə oyanırıq, deyirik burda nə var, biz də fil boyda iş görərik. Lakin filin bir ayağı düzəlməmiş yoruluruq, dəvə boyda iş görmək istəyirik. Təbii ki, o da alınmır, yuxarıdakı sıralamanı tərsinə eləməyə cəhdlər göstəririk. Dəvə, camış, eşşək boyda işlər görmək istəyirik, bunların da heç birini yarıtmırıq. Lap axırda siçan boyda iş görürük, onu isə pişik çıxıb udur. Vəssalam.

Bu felyeton erməni prezidenti Paşinyan Qarabağa gəlib orada iclas keçirəndə, bizə ağıl öyrətməyə çalışanda yadıma düşdü. Deyir mən nəinki öz ermənilərimi, Azərbaycan xalqını da sülhə hazırlamalıyam. Deyir Dağlıq Qarabağın erməni icması danışıqlara ayrıca qoşulmalıdır, mən Ermənistanın prezidentiyəm, seçicilərim burada yaşamır. Çox həyasız açıqlamadır, çünki Qarabağ boyunca hər yerdə Ermənistan ordusunun mövqeləri və əsgərləri durur. Sən bizim Qarabağ erməniləri ilə danışmağımızı istəyirsənsə, çıx get, forpostu olduğun imperiyanı da yanına al apar, ondan sonra biz özümüz bilərik öz vətəndaşımız olan ermənilərlə nə danışıb-anlaşırıq. Sülh istəyən bunu boşboğazlıqla eləməz, ortaya real əməllər qoyar. Misal üçün, öz evinə ziyarətə gedib banditlərə əsir düşmüş Şahbaz və Dilqəm kimi günahsız girovları azad edər. Dağlıq Qarabağ ermənilərinə ümumiyyətlə dəxli olmayan ətraf rayonlardan qoşunu bir az dala çəkər. Kiflənib iylənməkdə olan BMT qətnamələrinin hansısa hərfinə əməl edər və sairə və ilaxır. Yoxsa quru-quru sülh istəməkdirsə, mən də bu saat İsraillə Fələstin, Pakistanla Hindistan, nə bilim, Yaponiya ilə Rusiya arasında sülh arzu edirəm. Olurmu? Olmur.

Bəs görəsən, “hərzə-mərzə söyləyən, itim kafir”in üstümüzə bu cür qanad açmasının səbəbkarı kimdir? Doğrudur, insafən bizim XİN ona cavab yazmışdı, beynəlxalq vasitəçilər də pis-yaxşı Paşinyanın ağzını yumdular, ancaq biz Qarabağ probleminin bu hala gəlib çıxmasında günahı ilk növbədə özümüzdə görməliyik. Biz lap əvvəldən bu işin ipini əlimizdən buraxmışıq, indi tapıb tuta bilmirik.  Ermənilər silahlanıb kəndlərimizi bir-bir yandıranda biz hakimiyyət davası aparırdıq. İki eşşəyin arpasını bölməkdə çətinlik çəkən adamların əl işarəsi ilə meydanlarda “oturub, dururduq”. Rus kəşfiyyatının agentlərini ordu qərargahlarımıza yerləşdirmişdik. Erməni generalları Şuşaya hücum planı cızanda bizim boynuyoğun generallar Bakıda villa tikdirirdi. Yalandan “şayiələrə uymayın” deyirdik, ancaq qaldırıb 1989-1994 arası mətbuatımıza, xəbər lentlərinə baxın. Lentin hər kvadratmetrinə bəlkə 15 yalan yerləşib. Ermənistandan, Qarabağdan ancaq yalan xəbərlər almışıq. Panika yayanlar hamıdan hörmətli adamlar idilər. O cümlədən xainlər, satqınlar, aşkar formada separatçılıq edib düşmənə işləyənlər qəhrəman sayılırdılar.

30 il keçib, baxırsan yenə eyni tiplər meydanda at oynadırlar. “Biz ölərik, Qarabağı vermərik” deyə-deyə millətin ən yaxşı oğullarını küyləyib, beyinlərini qızışdırıb nahaq ölümə veriblər, özləri isə turp kimi ortalıqda dolaşır, ürəyimizi bulandırır, gözümüzü yağır eləyirlər. Az qala hər ay yeni bir “Qarabağ Komitəsi”, “Xalq Hərəkatı”, nə bilim, daha hansı boşboğaz qurum qayırırlar. “Öz millətimin diktatoru, başqa millətin demokratından əzizdir” deyənlər uşaqlarını xaricdə oxutdurur. Hərçənd adamlar diktator məhəbbətinin izharında necə səmimi imişlər, biz qafil olmuşuq, qanmamışıq! O cümlədən “Bir qarış da geri çəkilməyəcəyik” deyənlərin çoxu indi mühacirətdədir, İsveçi, Norveçi, Almaniyanı, Amerikanı qarışlayırlar.

Biz hərəkat yaradırıq, Paşinyan isə hərəkət edir. Otuz il ötüb, deyəsən heç siçan ciyiltisi də gəlmir.

Новости автора