Свобода людям, независимость нациям!

Ovçular cəmiyyətində gender problemləri

“Bu araq şüşəsidir və Şeyx Nəsrullah burada gecələr bu balaca uşaqları boğanda, mən bu şüşədən araq içərdim”.

(Mirzə Cəlil, “Ölülər”)

Bəzən biz mənasız şəkildə hansısa tema üzərində dartışarıq, o jurnalist yazar, bu yazar pozar, hərə bir söz deyər. Ancaq həyat özü məsələnin cavabını gətirib qoyar ortaya. Srağagün Şəmkirdə doğuş zamanı ölən 36 yaşlı qadın, məncə, son günlərin “Qadınların Azərbaycanda günü xoş keçirmi” mübahisələrinə nöqtə qoymuş oldu. Xəstəxanadan alınan açıqlamada belə cümlə vardı: “Üç dəfə müayinədə uşağın oğlan olduğunu desələr də, qız uşağı doğulub. Bir az onda həyəcanlanmışdı... İlkin ehtimallara görə, qadın tromb-embaliya nəticəsində dünyasını dəyişib”. Gör qanı necə qaralıbmış...

Mən orta məktəbi 1979-89-cu illərdə oxumuşam. Sinfimizdə 2 Kifayət adlı qız vardı. İkisi də gözəl-göyçək, ağıllı, mədəni... Valideynləri də həmçinin, hörmətli insanlar idi. Ancaq uşağa bu cür mənfur ad qoymağa qıymışdılar. Yaşadığım obada da Bəsti, Yetər, Tamam, Qızqayıt nə qədər istəsən... İndi fikirləşirəm ki, görəsən guya qadınlara azadlıq verən sovet hökuməti bu cahilliyə nə üçün göz yumurmuş? Hələ qız uşaqlarının əslində tam bir insan olmadığına onlara qoyulan nisbətən normal başqa adlarda da işarə vurulurdu: kişi adlarına anomal bir “ə”, “a” şəkilçisi qoşmaqla! Bu yolla Həmid olurdu Həmidə, Elmir olurdu Elmira; Zəminə, Kamilə və sairə yaranırdı. İndi bu yöndə hər hansı müsbət dəyişiklik varmı? Doğrudur, indi, deyəsən, Kifayət adı azalıb. Ancaq millət dolayısı ilə narazılığını bildirir və çox zaman özü də bunu bilmir. Misal üçün, Ədliyyə Nazirliyinin açıqlaması var, son illər qız uşaqlarına qoyulan adlar içində Zəhra, Fatimə, Zeynəb, Aylin, Nuray, Xədicə çox imiş. Xədicə - ərəb dilində arzu edilməyən uşaq deməkdir. Sən bunu dini baxımdan götürüb uşağa qoymaqla söz dəyişmir ki? Necə ki, sovetin əmək qəhrəmanları arasında da Bəsti və Qızqayıt adı daşıyanlar vardı. Fatimə - uşağı süddən ayıran qadın deməkdir, elə qısaca “ayıran, bölən” mənasını verir. Zeynəb - yoğun, kök qadın deməkdir. Zəhra nisbətən babat mənalı görünür, parıltı mənası verirmiş, amma burada da din mənanı üstələmişdir - belə zənn edirəm. Nuray və Aylin adlarına gələndə, burada ümumən məna absurddur. Ay özünün nuru olmayan, Günəşin işığını əks edən bir kosmik cisimdir. Aylin nə deməkdir, bunu isə heç kim bilmir.

Əlbəttə, adlar üzərində çox dayanmaq, buna xüsusi məna vermək bəlkə düz deyil, insanların şəxsi işlərinə qarışmaq kimi alınır (buna görə yuxarıdakı adları daşıyan hər bir kəsdən üzr istəyirəm - bu, sizdən asılı olmayan bir məsələdir). Ancaq şeytan detallarda gizlənir və forma da məzmunu əks etdirir. Uca millətimiz və sevgili xalqımız qız uşaqlarını sevmir. Bu da bizim həyata mağaradan, ovçuluq xasiyyətindən baxmağımızın təzahürüdür. İbtidai icma quruluşunda qadın toplayıcı (meyvə, ağac kökü, lap elə alma, buğda və sairə) rol oynayırdı, kişi ovlayıcı. Əkinçilik mədəniyyəti yarananda artıq cinslər arasında sosial fərqləndirmə azalmağa meylləndi, çünki kişinin ovçuluğuna ehtiyac bir növ azalmışdı. Bizdə isə belə görünür hələ əkinçilik mədəniyyəti tam formalaşmayıbdır, erkək uşağın yaranmasına, onun ov ovlayıb, quş quşlamasına hələ də üstünlük veririk. Ötən illərdə dövlətin regionlarda pambıqçılığı inkişaf etdirmək planları daşa dirənəndə, bəzi icra başçıları təxribata yol verib pambıqçıları kütləvi zəhərləyəndə, buna həm də gender problemi kimi yanaşmalıydıq. Bizim heyvandar-patriarxal-ovçu milləti olmağımız yeməklərimizdən aydın görünür: “lülə-tikə-basdırma”...

İndi söz əlaqədar təşkilatlarındır - qadınlara daha çox vəzifələr verin. Bu, cəmiyyətdə humanizmi artıracaqdır, şübhəsiz. Məncə, bunun əlamətləri artıq hiss olunur. Misal üçün, Elmira Süleymanovanın ombudsman qoyulmasından sonra ölkəmizdə insan haqlarına diqqət artmışdır.

Новости автора