Свобода людям, независимость нациям!

Əliuzun müğənni qadınlar...

Adbaad da demək olar. Demirsən. Əvvəla, ona görə ki, Azərbaycanın fəxri adlarını alıb bir xeylisi. Bir də ona görə demirsən ki, əlin çatmayan yerlərə səndən qabaq çatır, söz deyir, qərar belə qəbul etdirirlər haqqında. Qaragünlü sən olursan. Yəni özünü isbatlayana qədər başın məmləkətin bütün daşlarına dəyir. O üzdən hadisələri xatırlayaq yetər. Çoxunun yadındadır şou-biznesin nüfuzlu “ledilərinin” adı çəkilən cinayətlər. Təkcə Hacı Məmmədov cinayətində qadın alveri, insan qaçaqçılığı, insan oğurluğu, narkotiklər, əxlaqsızlıq yuvası saxlama və daha böyük cinayətlərdə adı hallanıb şou biznes “ledilərinin”. Bir müddət ölkəni tərk edən, ara sakitləşən kimi dönüb məşğul olduğu işə qaldığı yerən davam edəni də olub. Susub sakitcə ev qadını kimi köşəyə çəkiləni də. Hələ havadarlarının adından onu-bunu hədələyən müğənnilər də vardı aralarında.

Nufuzları, fəxri adları, peşələri, populyarlıqları, ən asası pulları və digər sahib olduqları üstünlüklərlə onlar həyatdan zövq ala, xoşbəxt yaşaya bilmirlər. Daha çox bulaşmaq, çirkaba girmək istəyirlər?!.. Cavab çox bəsitdir. Xeylisi elə o çirkabdan qazandığına görə. Qazancın gələn yerlərə təbii ki, borclanırsan. Zamanı gələndə borcunu ödədirlər adama. Lazım gəlsə adın-sanın, nüfuzun bahasına. Haydı, ödəmə görüm?!.. Fədayə Laçının situasiyası tam bu deyil, həm də budur.

Bir ağrılı məqam da var. Belə cinayətlərdə adları hallananların xeylisi həm də öz adının əvvəlində bu ölkənin fəxri adını daşıyır. Xalq artisti, əməkdar artist və sairə. Fəxri adların ləğv olunması haqda ictimai hərəkatmı başlansın? Müzakirə mövzusu belə deyil. Çünki sənət və yaşamaq eşqi ancaq o adlara bağlı xeyli gerçək incəsənət adami var. Bəs onlar necə olsun? Onda dönməli olursan belələrini fəxri ada təqdim edən kəslərə. Tələb eləyirsən ki, təqdim edəndə heç olmasa on adamdan yeddisini araşdırın. Di gəl, bu da sadəlövh və bəsit tələb olur. Çünki mütləq sənin indi bildiyini onlar illərdir bilir. Bu məsələlərdə vəziyyət qarışıqdır, amma istəyən olsa durular...

... Məsələn, lap gündəmi zəbt eləyən Fədayənin “Qoca”ya olan qocaman sevgisindən başlamaq olar. Tamam, Fədayə yaxşı ifaçıdır, sevgisinə görə cinayət törədib. Qalxın ayağa, alqışlayaq bu sevgi dramını. Alşıqladıqmı?!.. Hə, indi əyləşək və düşünək:

-Fədayə məhbuslara qaçış üçün avadanlığı ötürəndə necə olub ki, başqa vaxt gözü dörd olan mühafizəçilər heç nə görməyib? Ya da doğrudanmı görməyib? Qadın dostumu, sevgilisimi olan qaçaq məhbusla ölkəni tərk eləmək istəyib. O sənədləri və səfəri təşkil edənlər kimlər olub? Bu təşkilatçıları kim və necə razı salıb?

Burda bir az da təcrübə danışır. Deyir ki, bütün siyasi, kriminal olayların mütləq irili-xırdalı fiqurları olur. “Xərcləmək” lazım gələndə lap balacadan başlayırlar. Yəni bu məhbus qaçırma oyununun ən balaca fiqurlarından biri qapıda duran sıravi müfavizəçidir, bir də içəri kəlbətin, kəkic ötürən müğənni Fədayə.

Özünü bu qədər endirməyə dəyərdimi? Tamam o məqamı çıxaq ki, sevgi bəzən insanın iradəsini belə sınayır, çətinə salır, nəyəsə məcbur edir. Amma başqa bir məqam da var. Sevgi və şöhrət səni dibə endirirsə ikisindən də imtina edə biləcək boyda ADAM olmalısan. Bacarmasan və üstəlik qadınsansa, mütləq şou-biznesin arvadlarından birinə çevriləcəksən.

Şou-biznes sahəsində xeyli ciddi nüfuz sahibi olanlar var. Məncə, haqları da çatır bu qadınlara desinlər ki, ağlınızı başınıza cəmləyin, Allahın sizə verdiyi istedadla bir parça həyatınızı və çörəyinizi qazanın. Amma bu təklifdə də bir az peşə romantikası və sadəlöhvlüyü var, deyəsən. Bəlkə elə o bazara yol da bundan keçir. Saflığını, səmimiliyini, adamlığını və duyğularını qurban verməkdən...

P.S. Bir məsələ də var. “Deməsəm ölləm”... Gündəm başqa idi, tam başqa. Azərbaycanın ayağını yerə bərk dirəyən dəmir yolumuz açıldı. Elə bil sevinmək düşmür bizə. Bu dəfə məmləkətin ayağını yerdən üzən əfsanə səs, şəxsiyyət Rafiq Hüseynov dünyasını dəyişdi. Demək olmaz ki, bu olaylar cəmiyyətin və mediamızın diqqətindən kənada qaldı, əsla. Amma dəqiq olan bu ki, Fədayə və “Qoca”sı daha çox gündəm oldu. Hər kəsə yazılar yazdırdı. Beləcə, asta-asta sanballı ictimai rəyin də, oxucu kütləsinin də başına daş salmaqdayıq. Çıxış yolumu yoxdur?! Var, sadəcə nə qədər sərfəli olduğu sual altındadır...

 

Новости автора