Свобода людям, независимость нациям!

Avropadan Azərbaycana edilən təzyiqlərdə rus barmağı

SSRİ 25 ildir dağılsa da, Rusiya imperialist düşüncəsindən əl çəkmək istəmir. Görünən budur ki, Rusiya bu iddialarını daha geniş müstəviyə keçirməyə cəhd edir. 

Vladimir Putinin Avrasiya İttifaqı ideyası da bunun sübutudur.  Kreml keçmiş sovet ölkələrindən bir neçəsini hələ də de-yure və de-fakto öz nəzarətində saxlamaqla kifayətlənmir, faktiki olaraq SSRİ-ni başqa bir formatda “diriltməyə” cəhd edir. 

Heç şübhəsiz, Rusiyanın bu planlarının tərkib hissəsi olaraq müstəqil Azərbaycan Respublikası ilə bağlı da arzuları, gerçəkləşdirmək istədiyi məsələlər var. Zaman-zaman biz bunları müşahidə etmişik və etməkdəyik. Rusiyanın hələ SSRİ dağılan ərəfədə Ermənistanın vasitəsi ilə Dağlıq Qarabağda münaqişə ocağı yaratması təsadüfi deyildi. Bu, məhz Azərbaycanı, belə demək mümkünsə, öz təsir dairəsində saxlamaq üçün idi. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edə bildi, ancaq Rusiya ermənilərin vasitəsi ilə və onlara dəstək olaraq Dağlıq Qarabağı və ətraf rayonları zəbt etməklə, bu gün də işğal altında saxla(t)maqla ölkəmizə təzyiq və təsir imkanlarına malik olmaq məqsədi güdüb və güdməkdədir...

Əgər əvvəllər Rusiya Azərbaycana dair məkrli planlarını gizlətməyə çalışırdısa, son illərdə “kartları açıb”. Kreml aşkar şəkildə Ermənistanı dəstəkləyir, ona ən müasir silahları, hətta strateji “İsgəndər” raketlərini verir, işğalçı dövlətin, aqressorun yanında olduğunu gizlətmir. Təbii, məqsəd Azərbaycana hansısa formada təzyiq göstərmək, təsir imkanlarına malik olmaqdır. Rusiya anlayır ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir, bu regionda  nüfuzunu artırmaq üçün ölkəmizi öz yanında saxlaya bilmək üçün bütün addımlara gedir... 

Əlbəttə, danılmaz faktdır ki, Rusiya nəhəng dövlətdir, dünyanın iki supergücündən biridir. Belə bir hegemon şimal qonşumuzla konfliktə getmək təbii ki, ağılsızlıq olardı. Əksinə, Rusiya ilə müəyyən mənada politoloji baxımdan çox sərrast davranılması zərurəti var. Azərbaycan hakimiyyətinin Rusiya ilə davranışlarda onun qıcıqlandırılmaması, Azərbaycanın maraqlarına “küt rus zərbə”si dəyməməsi üçün mümkün olanları etməsi də sirr deyil. 
Zaman-zaman iqtidarın Rusiya ilə isti münasibətlər saxlamasına görə tənqidlərə məruz qalmasının da şahidi olmuşuq. Bu gün də bir sıra politoloqlar Azərbaycan hökumətinin konkret seçim etməli (ya Avropa, ya Rusiya) olduğunu bildirirlər. Lakin təhlillər onu deməyə əsas verir ki, bu, heç də asan məsələ deyil. Çünki qarşımızdakı “rus ayısı”dır! 
Əlbəttə, Azərbaycan dövləti Avropaya inteqrasiya siyasəti yürütdüyünü açıq şəkildə dəfələrlə bildirib. Rəsmi kurs budur. Amma bu gedişatda Rusiya ilə kəllə-kəlləyə gəlmək də Azərbaycana uğur gətirən siyasət ola bilməz. Çünki “rus ayısı” çox qəzəblidir, son vaxtlar da Avropadan yara alıb; onun Gürcüstanda törətdikləri də yaddaşlardan silinməyib. Bu həm də Azərbaycana bir siqnal idi...

Və bu gün görünən də odur ki, Rusiya var gücü ilə Azərbaycanın birmənalı şəkildə Avropa istiqamətinə getməsini əngəlləmək üçün əlindən gələnləri əsirgəmir. Ermənistanı silahlandırır; bu o deməkdir ki, istənilən vaxt işğalçının vasitəsi ilə Qarabağ cəbhəsində növbəti təxribatlar törədə bilər. Digər tərəfdən Azərbaycan-Avropa əlaqələrini zəiflətmək, əməkdaşlığa nail olmaq üçün gizli oyunlar qurur və həyata keçirir. Avropa təsisatlarında Azərbaycanla bağlı gedən proseslərdən məlumatlı olan təhlilçilər də bunu etiraf edir. Əldə etdiyim məlumatlardan, kiçik dəqiqləşdirmələrdən, müşahidələrdən bəlli olur ki, illərdir Avropa Şurasında Azərbaycanla bağlı tənqidi qətnamələr hazırlayan məruzəçilər məhz solçular, sosialistlər – de-fakto Rusiyanın adamlarıdır. Məsələn, Azərbaycana qarşı qərəzli qətnamələr hazırlayan Kristof Ştrasser, Mikael Maknamara Avropa Şurasında Rusiyanın lobbistləri kimi tanınırlar. Daha bir maraqlı fakt: AŞPA-da Azərbaycana qarşı olan deputatları sosialistlərin bu çevrədəki lideri Andreas Qross və onun klanı yönləndirir, idarə edir. Məsələ ondadır ki, müəyyən dönəmlərdə - Azərbaycan üzrə həmməruzəçi olduğu zaman və daha sonralar da  ölkəmizi ən sərt şəkildə tənqid edən, amma çoxlarının bunun arxasında nə dayandığını bilmədiyi səbəbindən müəyyən nüfuz qazanmış Andreas Qross əslində, Rusiyanın Avropadakı adamıdır! Bu, danılmaz bir faktdır. 

Bəlli olan odur ki, Avropa Şurasında Azərbaycana qarşı təzyiqlər etdirən Rusiyadır. Avropa təsisatlarındakı sosialistlərin əli ilə ölkəmizi Avropa Birliyi, Avropa Şurası ilə düşmən etməyə çalışırlar. Bununla Kreml Azərbaycan-Avropa əlaqələrini, inteqrasiyanı zəiflətmək və Azərbaycanı öz yanına çəkmək məqsədi güdür. Burada mühüm bir məqama da diqqət etmək zərurəti var: 2013-cü ilin prezident seçkiləri ərəfəsində Rusiyanın projesi olaraq Azərbaycanda yaradılan Milli Şura da dolayısı ilə bu oyunların içərisindədir. Diqqət edin; MŞ illərdir Azərbaycana Avropa Şurasında qənim kəsilən sosialistləri, Rusiyanın adamlarını - Ştrasseri, Maknamaranı, Qrossu cani-dildən müdafiə edir. Və onlara Azərbaycanla bağlı yanlış, şişirdilmiş siyasi məhbus siyahıları, digər təzyiqə səbəb olan məlumatlar da məhz Milli Şuradan, Əli Kərimli cəbhəsindən ötürülüb və ötürülməkdədir! Və yenə “beşinci kalon” söhbəti...  Bunları sadəcə bir detal kimi qeyd etdim...

...Rusiya bu gün Cənubi Qafqazda aranı qatmaq üçün bacardığını edir. Amma heç şübhəsiz ki, enində-sonunda Rusiya özü bu siyasətinin acısını çəkəcək. Böyük ehtimalla, çox da uzaq olmayan illərdə Kremlin bu dərəbəylik kimi görünən davranışları Rusiya Federasiyasının dağılması ilə nəticələnəcək. Çünki SSRİ-ni dağıtmış Qərb və Avropa Rusiyanın imperialist düşüncəsinin əməli addımlarla müşayiət olunmasına dözüm nümayiş etdirməyəcək.

Новости автора