İnsanlara hürriyət, millətlərə istiqlal!

QAMƏT SÜLEYMANOV HƏBSDƏKİ DİNDARLARLA ÜZLƏŞDİRİLDİ

4875 30.01.2009 08:32 Ölkə A A
Daha sonra prosesdə şahid qismində Qobustan qapalı həbsxanasının nəzarətçisi Cümşüd Xankişiyev, 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi İlqar Sadıqov ifadə verdilər.
Ardınca isə “Əbu Bəkir” məscidinin imamı Qamət Süleymanov şahid qismində ifadə vermək üçün çağırıldı.
O bildirdi ki, təqsirləndirilənlərin heç birilə birbaşa ədavəti olmayıb. Onların arasındakı fikir ayrılıqları əqidə məsələləri ilə bağlıdır. Sərbəst ifadəsini yekunlaşdırandan sonra şahid əvvəlcə ittiham tərəfinin suallarını cavablandırdı:
- Hacıbalanın dini çıxışlarına münasibətiniz necədir?
- Özünü tanımıram, amma çıxışları ilə razı deyiləm.
- Konkret nə ilə?
- Hakimiyyət məsələsinə münasibətdə. Mən tərəfdarı olmuşam ki, cihadlar dövlət rəhbərliyinin qərarı ilə olmalıdır. Məsələn, hakimiyyətin rəhbəri Qarabağda döyüşlərin başlanması ilə bağlı əmr versin, biz də cihad edək, torpaqlarımızı alaq. Yoxsa hansısa qruplara bölünüb, özbaşına cihad etmək yox.
Təqsirləndirilənlərdən Hacı Qamətə ilk sual verən İlkin İsmayılov oldu:
- Bizə müsəlman kimi baxırsınız, ya yox?
- Müsəlman?
- Etdiyimiz hərəkətlər İslama ziddir?
- Xətadır.
Kamran Əsədov isə şahiddən vəhhabi olub olmadığını soruşdu.
- Vəhhabi deyləm və belə bir təriqəti qəbul etmirəm.  
- Xristianlar kafirdirlər?
- Kafirdirlər, amma münasibət normaldır.
- Bu dövlət Allahın hökmü ilə haram buyrulmuş şeyləri halal edirsə, ona necə baxmalıyıq?
- Müsəlman ölkəsi kimi. Bəzən şəraitə uyğun hərəkət etməli olursan.
H.Hüseynov isə şahidin ibtidai istintaqa verdiyi ifadəsindəki bəzi fikirləri aydınlaşdırmağa çalışdı:
- Orada bildirmisiz ki, Hacıbala dövlətçilik və Konstitusiya əleyhinə çağırışlar edirdi. Bunu təsdiq edirsiniz?
- Mən bildirmişəm ki, siz Azərbaycan qanunlarını qəbul etmirsiniz, daha deməmişəm ki, bununla əlaqədar çağırışlar etmisiniz. Qanunlara qarşı olduğunu söyləmisiniz. Amma bir sözü deyəndə nəticənin nə olacağını nəzərə almaq lazımdır.
Samir Mehrəliyevin də suallarını cavablandıran Hacı Qamət vurğuladı ki, insanlar gərək yaşadıqları ölkənin qanunlarına hörmət etsinlər. Şahidin bu cavabı hakimin də ürəyincə oldu.
- Ay sağ ol, harda oturmusan oranın qanunlarına riayət etməlisən. “Zon”da oturmusansa, oranın da qanunlarına əməl etməlisən.
Diqqəti “Əbu-bəkr” məscidindəki partlayışa çəkən S.Mehrəliyev hadisənin müsəlmanlar tərəfindən törədildiyinə şübhə ilə yanaşdığını vurğuladı:
- Məncə, müsəlman olan kəs ibadət olunan yerə qarşı belə hərəkət etməz.
Q.Süleymanov:
- Samir, sən eləməzsən. Amma onlar elədilər, dəqiqdi.
Radikal dini qrup ətrafında açılan müzakirə prosesdə bir qədər gərginlik yaratdı. Hakimin xatırlatma verməsi isə təqsirləndirilənləri özündən çıxardı.
- Demirdiniz ki, Bin Ladenin tərəfdarıyıq, “Əl Qaidə”nin üzvüyük?
Bu kəlmənin müəllifinin yalnız Kamran Əsədov olduğunu deyən təqsirləndirilənlər bu məsələnin hamıya şamil edilməsinin əleyhinə çıxdılar. Məsələyə hamıdan tez İlkin İsmayılovun reaksiya verməsi isə zalda əyləşən anasını özündən çıxardı:
“Bəsdi hamının yerinə danışdın! Hacıbala heç gör ağzını açır. Ona görə də hamısını sənin üstüna atırlar”.
Kamran Əsədov isə bu ifadənin yalnız özünə məxsus olduğunu dedi.
- Mən burda altı nəfərin adından danışıram. Qalan 14 nəfəri bizə qatmayın. Görmürsünüz, onların hərəsinin ağzından bir hava gəlir.
Hakim:
- Mən sizi bir qrup kimi qəbul etməyim?
- Müsəlman kimi qəbul edin.
Şahid dindirildikdən sonra hakim məhkəməyə daxil olan teleqramı diqqətə çatdırdı. Q.Süleymanovun müavini Əlixan Nuriyev tərəfindən göndərilən teleqramda vurğulanır ki, o, səhhəti ilə bağlı məhkəməyə gələ bilmir, lakin istintaqa verdiyi ifadəsini təsdiq edir. Bundan sonra hərbi qulluqçular ifadə verdiyindən proses qapalı davam etdirildi. Növbəti məhkəmə prosesi fevralın 3-də keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR