İnsanlara hürriyət, millətlərə istiqlal!

ZİYA MƏMMƏDOVUN ADI ŞÜBHƏLİ ÖLÜM İŞİNDƏ

Hüseyn Abdullayev“Adil Moskva Dəmir Yol İnstitutunu qırmızı diplomla bitirdi. 80-ci illərin əvvəllərində Bakıya qayıdaraq Dövlət Dəmir Yol İdarəsində (DDYİ) işə düzəldi. Həmin vaxt indiki nəqliyyat naziri Ziya Məmmədov da həmin idarədə depoda işləyirdi. Bildiyimə görə, Ziya Məmmədov institutu qiyabi, güc-bəla ilə 10-11 ilə bitirib. 90-cı ilin əvvəllərində Dövlət Dəmir Yol İdarəsinin tabeçiliyində ”Azərreyl" şirkəti yaradılıb. O vaxt bu şirkəti MDB məkanında Boris Berezovski təsis etmişdi. Adildən əvvəl həmin şirkətin prezidenti Bəhram adlı şəxs olub. Adil isə onun müavini idi. Təxminən 1999-cu ildə Adil həmin şirkətin prezidenti oldu. Hüseyn Abdullayev (“Quska”) və “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədov bizneslə məşğul olduqları üçün işləri ilə bağlı Adillə tanış olublar və sonradan yaxın münasibətlər qurublar. O vaxt Ziya Məmmədov da onlarla yaxın olub. Hüseyn Abdullayev mərhum Heydər Əliyevə yaxın şəxslərdən sayılırdı. Hüseyn Abdullayev 90-cı illərin sonlarında Adilə Dövlət Dəmir Yol İdarəsinin rəisi postunu təklif edib. Lakin Adil bundan imtina edib. Hüseyn Abdullayev Adilə deyib ki, onda Nəqliyyat Nazirliyi yaradılanda nazir təyin edilər".
Hafiz MəmmədovF.Məmmədov iddia edir ki, Ziya Məmmədov Dəmir Yol İdarəsinə rəis təyin ediləndən sonra qardaşı ilə münasibətləri pisləşib. Bundan sonra Adil Məmmədov “Azərreyl” prezidenti vəzifəsini itirib: “O vaxt Ziya Məmmədov Hüseyn Abdullayevin sözündən çıxa bilməzdi. Heydər Əliyevin səhhətində problem yaranandan sonra vəziyyət qəfil dəyişdi. Ziya Məmmədov yeni qruplaşmaya qoşulduğundan əvvəlki dostları ilə münasibəti pisləşib”.
F.Məmmədov qardaşının ailə qurması haqda da danışdı. Dediyinə görə, Adil 1999-cu ildə “Azərreyl” şirkətində mühasib işləyən Şəlalə Rəhman qızı Verdiyeva ilə ailə qurub: “Adil gec evləndi. Ailə qurduğu qadın əvvəllər ərdə olmuşdu. O qadın əslən Kəlbəcər rayonundan olsa da, Bakıda böyümüşdü. Birinci ərindən bir övladı da var idi. Şəlalə ilə Adilin rəsmi nikahı olub-olmadığını da dəqiq bilmirəm. Çünki qardaşımın ölümündən sonra bunu da araşdıran olmadı. 2004-cü il iyul ayının 15-də gecə Adilin səhhəti Mərdəkandakı bağ evində qəfil pisləşib. Həmin gecə intuitiv olaraq nəsə hiss etdiyimdən Adilin mobil telefonuna zəng etdim. Bunu lazım olsa rəsmi qurumlar yoxlaya bilərlər. Həmin vaxt Adilin yaxın dostları da ona zəng ediblər, amma telefona cavab verən olmayıb. İyulun 16-da axşamtərəfi eşitdim ki, qardaşım dünyasını dəyişib. Bakıya gəldik. ”Göy Məscid"də meyiti ekspertizadan keçirmədən kəfənə bükülmüş vəziyyətdə bizə təhvil verdilər. Biz də meyiti Qubaya aparıb orada dəfin etdik. Deyilənə görə, Adil vəziyyəti pisləşəndən bir neçə saat sonra Mərdəkandakı Kordioloji Mərkəzə gedib və orada ona iynə vurublar. Vəziyyəti yaxşılaşsa da, sonradan qəfildən ölüb".
F.Məmmədov qardaşının ölümü ilə bağlı bir neçə müəmmalı məqama toxundu. Onlardan ən sensasionu və diqqət çəkəni nəqliyyat naziri Ziya Məmmədovla bağlıdır. Müsahibimiz bildirdi ki, qardaşının həyat yoldaşı söhbət zamanı ona Adilin Ziya Məmmədov tərəfindən öldürüldüyünü deyib:
“Mən Şəlalədən niyə telefona cavab vermədiyini və vaxtında təcili yardım çağırmadığını soruşanda o rusca ”Eqo Ziya ubil da" deyə cavab verdi. Yasdan bir gün sonra nə Şəlalə, nə də onun atası yaslı adam təsiri bağışlamırdılar. Onlar ancaq Adilin əmlakı ilə maraqlanırdılar. Hər şeyi yazmışdılar. Elə bil ki, bu, qabaqcadan hazırlamış iş idi. Sonra onlar anamın vərəsəlik payını aldadaraq mənimsədilər. Şəlalənin “onu Ziya öldürtdürüb” deməsini araşdıranda ortaya qəribə məqamlar çıxır. Həmin qadının Arif adlı qohumu Adilin ölümündən sonra Dövlət Dəmir Yol İdarəsinin rəisi oldu (söhbət DDYİ-nin indiki rəisi Arif Əsgərovdan gedir. Xatırladaq ki, A.Əsgərov Tovuz rayonundandır. Amma F.Məmmədov yuxarıda bildirir ki, Şəlalə əslən kəlbəcərlidir - red). Tanışlarından kim ki, Adilin yasına gəlmədi, onlar sonradan yüksək vəzifələrə təyin edildi. Yaxın dostu İqbal Hüseynov da yasa gəlmədi və sonra Dəmir Yol İdarəsinin rəis müavini oldu. Hətta Moskvada Adillə bir yerdə oxuyan keçmiş tələbə yoldaşları da yasa gəlmədilər. Belə çıxır ki, onlar da oyundan xəbərdar olublar. Yəqin biliblər ki, yasa gəlsələr işsiz qalarlar. Ziya Məmmədov da yasa gəlmədi. Adil sağlığında deyirdi ki, “Azəriyolservis”in indiki rəhbəri Cavid Qurbanov onun qayınatasının bağ evində yaşayır və orada Ziya Məmmədov Cavid Qurbanov və Hafiz Məmmədovla dostlaşıb. Ziya Məmmədovu Hüseyn Abdullayevdən və Adildən onlar ayırıb".

***

Fikrət MəmmədovF.Məmmədovdan soruşduq ki, qardaşının müəmmalı ölümü ilə bağlı həmin vaxt niyə araşdırma aparmayıb? O, həmin vaxt həyatına təhlükə hiss etdiyi üçün bir müddət susmağa üstünlük verdiyini bildirdi: “Adil öləndən sonra bir neçə hüquqşünasla məsləhətləşdim. Onlar dedilər ki, Adilin öldürülməsindən şübhələnirlər. Mənə bir az gözləməyi məsləhət gördülər və dedilər ki, bilmək olmaz bu işin arxasında kimlər dayanır. Aradan götürülə biləcəyimdən çəkindim. Həm də o vaxt fikirləşdim ki, cinayət işi aça bilərlər və Adilin qayınatası ilə həyat yoldaşını tutarlar. Adilin həmin qadından iki oğlu var. Uşaqların baxımsız qalmaması üçün işi araşdırmadım. Sonradan o qadının keçmiş ərinin yanına qayıtdığını, anamı aldadaraq vərəsəlik payını əlindən aldığını və Mərdəkandakı bağ evini səhiyyə naziri Oqtay Şirəliyevə satdığını eşidəndə başa düşdüm ki, burda müəmmalı məqamlar var”.
Adil Məmmədov və ailəsiF.Məmmədovun dediyinə görə, Ziya Məmmədov DDYİ-nin rəisi təyin ediləndə ona qarşı təzyiqlər olub və Adil Məmmədovun müdaxiləsindən sonra həmin təzyiqlər aradan qalxıb: “Ziya Məmmədov Dövlət Dəmir Yol İdarəsinin rəisi təyin ediləndən bir müddət sonra gecə yarı Adilə zəng edib ki, yaşadığı evin qarşısında bir qrup adam toplaşıb. Adil həmin gecə Ziya Məmmədovun evinə gedib və görüb ki, Dəmir Yol İdarəsinin Maştağadan olan əvvəlki rəisinin adamları evin qarşısına toplaşıb. Adil onları, onlar da Adili tanıyıblar və qardaşımın müdaxiləsindən sonra oradan dağılışıblar. Həmin gecə Adil Ziya Məmmədovu öz ”Jeep"inin arxa oturacağına uzadaraq Qubaya aparıb və təhlükə sovuşana qədər bir həftə oradakı “Turan” restoranında saxlayıb".
F.Məmmədov qardaşının ölümündən sonra hüquq-mühafizə orqanlarından heç kimin ölüm işi ilə bağlı onları dindirmədiyini dedi. Bildirdi ki, A.Məmmədova infarkt diaqnozu qoyublar: “Qardaşımın ölümündə bir neçə şübhəli məqamlar var. Hamı deyirdi ki, Adili öldürüblər. Onun ölümünün əsl səbəbini müvafiq araşdırmalardan sonra dəqiq bilmək olar. Amma Azərbaycanda bu işin düzgün araşdırılacağına inanmıram. Qardaşımın ölümü ilə bağlı mətbuata açıqlama verəndən sonra özümə qarşı təxribatların, təzyiqlərin olacağını bilirəm”.
Ana tərəfdən alman olduğunu deyən F.Məmmədov bu işdə Almaniya dövlətindən köməklik istədiyini dedi: “Bizim ana tərəfimiz Bakıda yaşayan almanlardandır. Buna görə də obyektiv araşdırma aparılmasında bizə köməklik etmək üçün Almaniya hökumətinə müraciət etmişəm. İstəyirəm ki, Adilin cəsədindən nümunə götürərək ekspertiza keçirsinlər. Obyektiv ekspertiza aparılsa, hər şey məlum olacaq”.
Yazıda adları çəkilən şəxslərin mövqeyini çap etməyə hazırıq.

Şərh yoxdur