İnsanlara hürriyət, millətlərə istiqlal!

Zərərçəkən Mövlam Şıxəliyevin dəbdəbəli türmə həyatından nazirə MƏKTUB yazdı

2800 04.03.2024 16:17 Kriminal A A

Mövlam Məmmədismayıl oğlu Şıxəliyev və digərlərinin cinayət işi üzrə 36 zərərçəkəndən biri olan Hüseyn Səfərov ədliyyə naziri Fərid Əhmədova məktub ünvanlayıb.

Surəti Musavat.com-a göndərilən şikayətində Hüseyn Səfərov Mövlam Şıxəliyev və onunla birgə mühakimə olunan dəstə üzvlərinin dəbdəbəli türmə həyatı yaşadıqlarını qeyd edir:

"Hörmətli Fərid müəllim,

2022-ci ilin sentyabrında Bakı Hərbi Məhkəməsində (sədrlik edən hakim Elbəyi Allahverdiyev) ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev, idarənin şöbə rəisləri – Sahib Ələkbərov, Yasin Məmmədov və Vüsal Ələkbərovun barəsində hökm çıxarılıb. Hökmə əsasən, Mövlam Şıxəliyev 12, keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum ediliblər. Eyni zamanda məhkəmə 16 nəfər zərərçəkmiş şəxsin mülki iddialarını da təmin edib. Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən hakim İlqar Murquzov) 2023-cü ilin aprelində Bakı Hərbi Məhkəməsinin hökmünü dəyişdirmədən qüvvədə saxlayıb. Barələrindəki qərardan Mövlam Şıxəliyev və digərləri dərhal Ali Məhkəməyə şikayət veriblər. Eyni zamanda biz zərərçəkənlər də şikayət verib Mövlam Şıxəliyev və digərilərinə daha ağır cəzalar təyin olunmasını xahiş etmişik. Dövlət ittihamçısı da qərardan protest verərək Mövlam Şıxəliyevin ailə üzvlərinin adına rəsmiləşdirilmiş, ibtidai istintaq dövründə üzərinə həbs qoyulmuş, xüsusi müsadirəyə təqdim olunan, lakin Bakı Hərbi Məhkəməsinin hökmü ilə ailə üzvlərinə qaytarılması nəzərdə tutulan əmlakların da tam şəkildə xüsusi müsadirəyə götürülməsini xahiş edib. Eyni zamanda məhkəmənin təqdimatı ilə möhtərəm cənab Prezident Mövlam Şıxəliyevi general-mayor xüsusi ali rütbəsindən və orden-medallardan məhrum edib.

Hörmətli Fərid müəllim,

Ali Məhkəmənin cinayət kollegiyasında hakim Nazim Mövsümovun sədrliyi ilə 2023-cü ilin oktyabrında hazırlıq iclası baş tutdu. Mövlam Şıxəliyev məhkəməyə şərt irəli sürdü. Tələb etdi ki, onu Bakı İstintaq Təcridxanasına köçürməsinlər, saxlanıldığı 9 saylı Cəzaçəkmə Müəssisəsindən birbaşa Ali Məhkəməyə gətirsinlər. Sədrlik edən hakim isə belə bir prosedur qaydasının müəyyən edilmədiyini deməklə Mövlam Şıxəliyevin şərtini rədd etdi.

Hörmətli Fərid müəllim,

Mövlam Şıxəliyevin saxlanıldığı cəzaçəkmə müəssisəsindən birbaşa Ali Məhkəməyə gəlmək istəyinin arxasında isə korrupsiya cinayəti dayanır. Belə ki, Bakı Hərbi Məhkəməsi 2022-ci ildə Mövlam Şıxəliyev barəsində hökm çıxarandan sonra onu və rəhbərlərindən olduğu mütəşəkkil cinayətkar quldur dəstənin üzvləri 9 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüblər. Orada müəssisə rəhbərliyi tərəfindən Mövlam Şıxəliyevlə onun dəstə üzvlərinə xüsusi komfortlu şərait yaradılıb. Mövlam Şıxəliyev və başının dəstəsi 9 saylı Çəzaçəkmə Müəssisəsində ayrıca kotecdə yaşayır, istədikəri vaxt istədikləri şəxslərlə əlaqə yaradır, telefonla limitsiz danışır, istədikləri şəxslərlə qeyri-rəsmi görüşür, bir sözlə, rahat həyatlarını yaşayırlar. Cəzaçəkmə Müəssisəsini öz rahat həyatlarına uyğunlaşdırıblar. Belə bir halda Mövlam Şıxəliyevlə onun dəstə üzvlərinin islah olunmasından söhbət gedə bilməz. Çünki öz bildikləri kimi yaşayır, cinayət yolu ilə əldə etdikləri pullardan hər ay 10-15 min manat xərcləməklə istədikləri kimi günlərini keçirirlər. Hər ay xərclənən 10-15 min manatdan 9 saylı Cəzaçəkmə Müəssisəsi rəisinə də pay çatdığı haqda məlumatı belə gizlətmirlər.

Hörmətli cənab nazir,

Azərbaycan vətəndaşı olaraq mən Mövlam Şıxəliyevin cinayətlərindən böyük zərər görmüşəm. O və başına topladığı dəstə üzvləri həyatımızı alt-üst ediblər. Bütün bunları dövlətin gücündən istifadə etməklə, sırf şəxsi maraqlarının təmini üçün ediblər. Azərbaycan dövləti biz vətəndaşlara sahib çıxaraq Mövlam Şıxəliyev və başına yığdığı dəstə üzvlərini cəzaya çatdırıb. Lakin o, bu gün korrupsiya əlaqələrindən istifadə edərək 9 saylı Cəzaçəkmə Müəssisəsində komfort həyat yaşayır.

Hörmətli cənab nazir,

Sizdən xahiş edirəm ki, Mövlam Şıxəliyev və dəstə üzvlərinin 9 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə, rejim qaydalarına uyğun cəza çəkməsinin təmin edilməsinə göstəriş verəsiniz".

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR