İnsanlara hürriyət, millətlərə istiqlal!

Zərdarinin yeni triumfu – Ona qarşı irəli sürülən ağır ittihamlar seçilməsinə mane olmadı

1867 10.03.2024 13:13 Analitika A A

Pakistan unikal ölkədir. Orada korrupsiya və rüşvətxorluqda ittiham olunan, mühakimə edilən, ayrı-ayrı vaxtlarda türmədə yatan, mühacirətdə yaşayan adam bir gün yenidən prezident seçilə bilir.

Bu dəfə Pakistanda həmin “nailiyyət”i Asif Əli Zərdari əldə edib.

69 yaşlı Zərdari dünya ictimaiyyətinə çoxdan - ötən əsrin 90-cı illərindən tanışdır. O, vaxtilə iki dəfə (1988-1990 və 1993-1996) Pakistanın baş naziri olan, 3-cü dəfə baş nazir seçilməyə hazırlaşarkən 2007-ci ildə sui-qəsd nəticəsində həyatını itirən Benəzir Bhuttonun həyat yoldaşı olub.

Asif Əli Zərdari hazırda Pakistan Xalq Partiyasının həmsədridir. O, 2008-2013-cü illərdə Pakistan prezidenti olub. Ölkəsinin ən varlı adamlarından biridir. 2013-cü ildə sərvətinin ölçüsünə görə Pakistanın ikinci ən zəngin adamı olub.

bilasben.jpg (71 KB)

A.Ə.Zərdari Sind əyalətində varlı ailədə anadan olub. Etnik mənşəyinə görə, o, bəluc tayfasındandır. Zərdari İngiltərədə təhsil alıb. 1987-ci ildə Benazir Bhutto ilə evlənib.

1990-cı ildə o, korrupsiya ittihamı ilə həbs edilib və iki il həbsdə olub. 1993-1996-cı illərdə, B.Bhutto Pakistanın baş naziri olanda Zərdari də əvvəlcə ətraf mühitin mühafizəsi naziri, 1995-1996-cı illərdə isə investisiyalar naziri vəzifələrində çalışıb. 1996-cı ildə o, rüşvət almaq da daxil bir sıra ittihamlarla həbs edilib, beş il azadlıqdan məhrumetmə cəzası alıb. Onu qaynının (Bhuttonun qardaşının) bir il əvvəl baş vermiş qətlində də ittiham ediblər, ancaq bu ittiham 2009-cu ilin yazında götürülüb. 1999-cu ildə Asif Əli Zərdari həm də narkomafiyaya kömək etməkdə ittiham olunub. Bhutto onun işgəncələrə məruz qaldığını bəyan edib. 2004-cü ilin noyabrında girov müqabilində həbsdən azad edilən Asif Əli tezliklə ABŞ-a gedib, lakin bir ildən sonra onun barəsəində yeni həbs qərarı çıxıb. Sabiq naziri gəlir məlumatlarının saxtalaşdırılmasında ittiham ediblər. Yalnız Müşərrəfin hakimiyyətinin sonunda Zərdari Pakistanda maneəsiz yaşaya bilib.

bilavvv.jpg (95 KB)

B.Bhuttonun ölümündən sonra o və oğlu Bilaval PXP-nin həmsədrləri olub. Pərviz Müşərrəf 2008-ci ilin avqustunda prezident postundan istefa verəndə Zərdari yenidən fəallaşıb. Korrupsiya və narkotik alverində əli olduğu barədə şübhələrə, ABŞ-la gizli əlaqələrinə və psixi problemlərinə baxmayaraq, o, prezidentliyə əsas namizədlərdən birinə çevrilib və qalib gəlib.

2008-ci il sentyabrın 9-da Pakistanın 11-ci prezidenti olaraq and içən Zərdarinin hakimiyyətinin başlanğıcı uğurlu olmayıb. ABŞ-ın "terrorla mübarizə" adı altında Pakistanda apardığı hərbi əməliyyat mülki əhalinin ölümünə səbəb olub və bir sıra Pakistan xadimləri bunu "hərbi müdaxilə" adlandırıb. İki həftə sonra parlamentə etdiyi ilk müraciətində Zərdari ABŞ ordusunu qınayıb və həmçinin parlament respublikasına keçidi təmin edərək, prezident səlahiyyətlərinin əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasını təklif edib.

Həmin ilin sonunda Yaxın Şərqdə terror təhlükəsi daha da böyüyüb. İslamabadda otelin partladılmasının Zərdariyə sui-qəsd olduğu güman edilsə də, Pakistan kəşfiyyat orqanları Mumbaya hücumu maliyyələşdirməkdə şübhəli bilinirdi. Bununla belə, Zərdari terrorçularla əlaqələrdən rəsmən imtina etdiyini bildirib və Hindistana istintaqda kömək vəd edib. Bu, “Əl-Qaidə” terror təşkilatının qəzəbinə səbəb olub.

askaaa.jpg (122 KB)

2009-cu ildə daxili siyasi çəkişmələr Zərdari rejimini təhdid etməyə başlayıb. Keçmiş baş nazir Nəvaz Şərif prezidentin işdən çıxarılan bir neçə hakimi işə bərpa etməməsindən istifadə edərək ortalığı qarışdırıb. Bununla belə, Şərif tərəfdarlarının Kəraçi və Lahorda keçirdiyi mitinqlər dağıdılıb və Şərifin seçkili vəzifə tutması qadağan edilib. Hökumət sonda Ali Məhkəmənin sədrliyinin məşhur İftixar Məhəmməd Çoudriyə qaytarılmasına razılıq verib.

2009-cu ilin iyul ayında ictimaiyyətin korrupsiya və vergi artımı ilə bağlı narazılığı Zərdari haqqında bütün zarafatların və lətifələrin qadağan edilməsinə səbəb olub. Dövlət başçısı haqqında zarafat edən hər kəs həbs oluna və 14 ilə qədər həbs oluna bilərdi. Bu, ictimaiyyət tərəfindən mənfi qarşılanıb.

2011-ci ildə məşhur terrorçu Üsamə bin Laden Pakistanda amerikalılar tərəfindən öldürüləndən sonra iki ölkə arasında münasibətlər pisləşib.

2013-cü ilin mayında keçirilən seçkilərdə məğlub olan hakim PXP-nin nümayəndəsi, prezident Asif Əli Zərdarinin səlahiyyət müddəti sentyabrın 8-də başa çatıb.
Budur, 11 ildən sonra onun partiyası yenidən seçkilərdə qələbə qazanıb və bunun nəticəsi olaraq Asif Əli Zərdari bir daha prezident kürsüsündə oturacaq.

Görək, onun bu dəfəki triumfunun axırı necə olacaq. Pakistanda qaydadır: prezident və baş nazirlər axırda ya öldürülür, ya həbs edilir, ya da mühacirəet edirlər. Əksər halda belə olub. Buna baxmayaraq, bu ölkədə seçkilər hər zaman nə qədər gərgin, təlatümlü keçsə də, mütləq qanun-qaydalar çərçivəsində təşkil edilir və xalqın səsini alan rəhbərliyə gəlir.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR