İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələ zamanı təxliyə planı tədris proqramına salınmalıdır

922 22.02.2023 11:47 Media A A

Ekspertlər məktəblərdə bu istiqamətdə geniş təlimatlandırmaların aparılmasının vacibliyini vurğulayır

Türkiyədə on minlərlə insanın ölümünə səbəb olan dəhşətli zəlzələ Azərbaycanda da ölkənin seysmik vəziyyəti və hazırlığı barədə müzakirələri gündəmə gətirib. Əlbəttə ki, zəlzələnin baş verəcəyi vaxtı müəyyənləşdirmək mümkün olmasa da, onun dağıdıcı təsirini azaltmaq imkanları mövcuddur. Əksər ekspertlər zəlzələ zamanı nə etmək lazım olduğu haqda insanların, məktəblillərin maarifləndirilməsinin vacibliyini vurğulayıb. Qeyd olunur ki, təxliyə planı haqqında dərs tədris edilməlidir.

Təhsil eksperti Elçin Əfəndi bununla bağlı Konkret.az saytına açıqlamasında deyib ki, məktəbdə şagirdlərin təlimatlandırılması üçün təlimlərin keçirilməsi vacibdir: “Ümumiyyətlə, məktəblərdə şagirdlərə zəlzələ və təbii fəlakətlərlə bağlı mütəmadi məlumat verilməli, eyni zamanda praktik məşğələlər keçirilməlidir. Dərsliklərimizdə təəssüf ki, yalnız ibtidai təhsil pilləsində "Həyat bilgisi" fənnində zəlzələlərlə bağlı qısa bir məlumat verilir. Amma yaxşı olar ki, yuxarı təhsil pilləsinin dərsliklərində də müvafiq olaraq bununla bağlı mövzular olsun. Eyni zamanda mülki müdafiə və tibbi biliklərlə bağlı ən azı həftədə, ya da ildə bir neçə dəfə dərslər, ya da praktiki məşğələlər keçirilsin. Düşünürəm ki, şagirdlərin bu istiqamətdə ümumi biliklərinə töhfə vermiş olacaq. Nəzərə alsaq ki, bu gün Azərbaycanda 4440-dan çox məktəb, burada isə 1 milyon 600 mindən çox şagird təhsil alır. Şagirdlərin məktəbdə olduğu zamanlarda belə hadisə baş verərsə, şagirdlər təxliyə planına əsasən, hansı tədbirləri görməli olduqlarını bilməlidirlər.

Qeyd edim ki, bu sahədə Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq təlimlər keçirilir. Yanvar ayında müxtəlif regional təhsil idarələrində təlimlər keçirilib. Amma düşünürəm ki, bu, silsilə formada istər Bakı şəhər məktəblərini, istərsə də rayon məktəblərini əhatə etməlidir. Ümumilikdə bu tədbirlərin icrasına çox ehtiyac var. Azərbaycan da zəlzələ kimi təbii fəlakət hallarının baş verə biləcəyi bir ərazidə yerləşir. Təkcə Şamaxı zəlzələsini, sonuncu dəfə Bakıda baş verən zəlzələni diqqətdə saxlamalıyıq. Ona görə də xüsusilə bu istiqamətdə dərslərin keçirilməsi, məktəblilərin məlumatlandırılması vacibdir".

Günel Səfərova: Heç vaxt hakimiyyətin və müxalifətin adamı olmamışam – Yeni  Çağ Media

Günel Səfərova

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova da məktəblərdə bu istiqamətdə geniş təlimatlandırmaların aparılmasının vacibliyini vurğulayıb:  “Biz Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura ilə birlikdə belə qərarlaşdırmışıq ki, yanğınsöndürən qurğuları və çıxış pilləkənlərini yoxlayaq. Eyni zamanda  bununla bağlı uşaqların maarifləndirilməsi məsələsi də gündəmimizdədir. Əslində həyat bilgisi fənnində çox qısa da olsa fövqəladə hal zamanı davranış qaydaları ilə bağlı məlumat verilir. Təbii ki, bu olduqca səthi məlumatdır və bu istiqamətdə geniş təlimatlandırmaların aparılması vacibdir.

Heç kim belə bir fəlakətlə üz-üzə qalmağı istəməz. Ancaq bütün ehtimalları nəzərə alaraq maarifləndirmə işləri aparılmalıdır. Fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı təlimatlandırma işləri gücləndirilməlidir.

Bununla bağlı Amerika təcrübəsinə nəzər salsaq görərik ki, mütəmadi olaraq məktəb uşaqlarının yanğınsöndürmə məntəqələrinə, sığınacaqlara və s. kimi önəmli məkanlara ekskursiyaları təşkil olunur. Bizdə də bu kimi maarifləndirici tədbirlər görülməlidir. Türkiyə qədər olmasa da, Azərbaycan da seysmoloji zonada yerləşir. Tarix boyu Şamaxıda, Bakıda və s. ərazilərdə zəlzələlər baş verib. Hazırki situasiyada 2 əsas məsələ gündəmdə olmalıdır: binaların dayanıqlılığı və maarifləndirmə işləri. Zəlzələni proqnozlaşdırmaq mümkün olmadığına görə, ən azından sağ qalmaq üçün davranış qaydalarına dərindən bələd olmaq hər bir fərdə önəmlidir. Zəlzələ çantasının hazırlanması, ilkin tibbi yardımın olunması qaydası və s. bunları əvvəlcədən bilmək lazımdır".

Kamran Əsədov "2 həftə sonra tədris dayandırılacaq” xəbəri ilə bağlı  AÇIQLAMA VERDİ

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib: “İlk növbədə qeyd edim ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq  təhsil ocaqlarında müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə və məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi məqsədilə silsilə maarifləndirmə tədbirləri keçirilir.  Hazırda ölkədə 4432 orta ümumtəhsil müəssisəsi fəaliyyət göstərir və burada 1.6 milyon şagird təhsil alır. Amma etiraf edək ki, FHN tərəfindən keçirilən tədbirlər yetərli deyil və bütün məktəbləri, şagirdləri əhatə etmir.

Digər tərəfdən, tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar tam şəkildə izah olunmur.

Doğrudur, “Həyat Bilgisi”və “İlkin Hərbi Hazırlıq” fənlərinin daxilində bir neçə paraqraf bu mövzulara həsr olunsa da, bu yetərli deyil. Tədqiqatlara istinadən deyə bilərəm ki, Azərbaycan seysmik zonada yerləşir, fövqəladə hallara hazır olmalıyıq. Biz şagird və müəllimlərimizi fövqəladə hallara qarşı hazırlıqlı olmağa hazırlamalıyıq.  Ali təhsil müəssisələrində də mülki müdafiə dərsi tədris olunsa da, bu fənlərin tədris keyfiyyəti yetərli deyil.  Hesab edirəm ki, bir hadisənin qarşısını almaq hadisə baş verəndən sonra nəticələrini aradan qaldırmaqdan daha asandır. Ona görə də hamımız fövqəladə hallara hazır olmalıyıq. O cümlədən uşaqlar bilməlidirlər ki, fövqəladə hallarda hansı işləri görməlidirlər. Arzu edirəm ki, fövqəladə hallarla bağlı təlimlər bütün məktəblərdə də keçirilsin, dərs proqramlarında buna daha geniş əlavə yer verilsin ki, uşaqlar belə hallara hazırlansınlar. Uşaqlar xilasedici ola, xilasedici olmasalar da, fövqəladə hallarda başqalarına yardım edə bilərlər. Əlbəttə ki, ayrıca fənn olarsa, daha yaxşı olar. Amma bunun üçün yetəri qədər kadr potensialımız yoxdur. Həmçinin bu təlimlər, hətta az paraqrafla olsa belə, kitablarda fövqəladə hallar, onunla mübarizə haqqında məlumatlar verməklə gənclərin gələcək ixtisas seçiminə kömək etmiş oluruq".=

 

 

 

 

 

 

 

 

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Elmi-kütləvi, mədəni-maarif təhsil proqramlarının hazırlanması" mövzusunda hazırlanıb. 

Hazırladı: Xalidə GƏRAY 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR