İnsanlara hürriyət, millətlərə istiqlal!

Zamin Hacı və tum satan Şirin bacı

5078 03.03.2015 20:13 Yazarlar A A






Bu günlərdə “Fəvvarələr meydanında rəzalət - müxalifət hardadır?” başlıqlı bir köşə yazdım. Xeyli maraqla qarşılandı. Amma etirazlar da oldu. O cümlədən Zamin Hacı yazımı “müxalifəti söküb-dağıdan bir cızmaqara”,  məni isə “İsveçrəli üsyançı” kimi qələmə verdi. 

Deyim ki, tənqidə dözümlü adamam. İndiyə kimi də Zamin bəy haqqımda dəfələrlə mənfi planda nələrsə yazıb. Boş vermişəm. Bir dəfə demişəm filankəsdən ayıbdır, bir dəfə demişəm həmkarıq, eyni qəzetdə külüng çalırıq. Ancaq mənim belə bir yanaşmamdan qarşı tərəfin sui-istifadə etməsi, özü də cığallıq həddində ədabazlıq nümayiş etdirməsi bu dəfə heç xoşuma gəlmədi. Qırmızı xətti keçənlərin isə cavabını mütləq vermək lazımdır. Hər kəs öz yerini və həddini bilsə yaxşıdır. Görün həmkarım nə yazır: “ Məqalənin əsas motivi ondan ibarətdir ki, bəs, hakimiyyət qiymətləri qaldırdı, siz (müxalifət) niyə tərpənib üsyan-zad eləmirsiniz, əzabkeş xalq kütlələrinin önündə getmirsiniz”

Bəli, mən hesab edirəm ki, fevralın 21-də manatı bir anın içində 35 % qədər ucuzlaşdıran iqtidar qarşısında müxalifətin rəhbərlik etdiyi xalqı görməliydi. Çünki məhz o gün hökumət hər bir Azərbaycan vətəndaşının cibinə girmişdi. Bu boyda soyğunçuluq faktından istifadə edib ölkədə ciddi etiraz təşkil edə bilməyən müxalifət xalqa nağıl danışmasın. Belə fürsət heç ildə bir dəfə də ələ düşmür. Əgər bunun fərqində deyilsənsə bu mənim problemim deyil. Belə müxalifətin iqtidara gəlmək şansı heç nəzəri baxımdan da mümkün deyil. Mənim müxalifət haqqında fikrim budur. Bəlkə Zamin bəy müxalifət haqqında daha yüksək fikirdədir? Həmkarım yazır: “ Mənim müxalifətdən ümumən zəhləm gedir (hakimiyyətə gələ bilmədikləri üçün), ancaq deyir imam üçün VİP palatka quranda Yezidə də bir başsağlığından-zaddan vermək lazımdır. Məsələ ondadır ki, bu müxalifəti üsyana çağıran qardaşımız 2003-cü ildə burda müxalifəti döyüb zindana dolduranda, bəzilərini hətta öldürəndə qaçıb gedibdir İsveçrəyə, siyasi sığınacaq alıbdır, 11 ildir burda yaşamır”. 

Bildiyiniz kimi, Zamin bəy 11 il əvvəl mənim kimi İsveçrəyə qaçmayıb. Ancaq o da müxalifətdən narazıdır. Yəni, müxalifətə münasibətdə eyni mövqeyi paylaşırıq. Bəs, o, nəyə etiraz edir? Sözünün “müstafası” odur ki, sən qaçıb getmisən, müxalifətə etiraz edə bilməzsən. Ancaq mən qaçmamışam, ona görə də müxalifətdən zəhləm gedə bilər. Ay bərəkallah, məntiqinə quzu kəsim, mamaoğlu...

Qorxaqlıqla bağlı bir məqamı yadına salım, sən də cavanlıqda necə qəhrəman olduğunu xatırla. 2000-ci ildə məni Naxçıvana oğurlayıb aparanda bir qrup nehrəmli adıyla Müsavat Partiyasının qərargahına hücum etmişdi. Xuliqanlıq edən həmin şəxslər Bakının mərkəzində səndən soruşandakı “haralısan”, qarabağlı olduğunu gözlətmişdin. Çünki görmüşdün ki, “qarabağlıyam” deyənləri döyürlər. Demişdin ki, “gürcüstanlıyam”. Yaxanı ələ verməmişdin. Uydurduğun bu yalan özünə də o qədər ləzzət etmişdi ki, hər kəsə müdriklik nümunəsi kimi nəql edirdin. Balıq kimi sürüşkən olmaq da hər adamın hünəri deyil...

Bir də müxalifəti Elbəyi Həsənlidən əndrabadi formada müdafiə etməyə ehtiyac yoxdur. Yadındadırsa, Xədicə İsmayıl İsa Qəmbərdən İsmayıl Ömərov sayağı, yəni müstəntiq stilində müsahibə götürəndə mən ona etiraz etdim. Sən və Azərbaycan jurnalistikasının vicdanı hesab etdiyim Şahvələd Çobanoğlu (onunla həm də qohumsuz) isə Xədicəni bu bayağı hərəkətinə görə təriflədiz. Həyatın reallıqların mən yaxşı başa düşürəm. Amma maraqlara söykənən belə alver heç ürəyimcə olmadı.


Əvvəla, “qaçmaq məsələsi”nə bir aydınlıq gətirim. Ölkədən çıxmamış Müsavat Partiyasının başqanı İsa Qəmbərlə qərargahdakı kabinetində görüşmüşəm. Demişəm ki, başqan, məni bağışla, ancaq mən getməliyəm, daha əsəblərim dözmür. Başqan dediklərimi anlayışla qarşıladı. Ondan halallıq alıb ölkədən çıxdım. Özü də təkcə ondan yox. O vaxt Rauf Arifoğlu həbsdə idi. Qəzetə Qabil Abbasoğlu rəhbərlik edirdi. Onunla da süfrə arxasında oturub bir xeyli söhbətləşdik. Dərdimi dedim, təbii ki, gedişimdən Rauf bəy də xəbərdar idi. Qabil bəylə də eləcə, halallaşdıq. Elə səninlə də. Əgər yadındadırsa, şər qarışan vaxtı partiyanın yeni qərargahında qarşılaşdıq. Sənə dedim ki, mən sabah Azərbaycanı tərk edirəm, sağlıqla qal. Sənə də uğurlar arzuladım. Öpüşdük-görüşdük və ayrıldıq. Mənim “qaçmağımın” tarixçəsi bu...

Bir də Azərbaycandan kənarda milyonlarla soydaşımız yaşayır. Onların arasında siyasi baxışlarına görə ölkəni tərk edənlər də az deyil. Bu sırada qələm sahibi olan mühacirlər də var...

O gün bir yurdçu sənin istifadə etdiyin bu arqumentdən yararlanmışdı. Ümumiyyətlə, bu arqument “iki eşşəyin arpasını bölə bilməyənlərin” son sığınacağıdır. Yurdçu qardaşımız deyir ki, bəy, sən qaçıb gedib oturmusan İsveçrədə... Eynən sənin kimi, sözünün canı da odur ki, sən sus, danışma. Ona dedim ki, elədir, mən qaçdım Avropaya, sonra Qənimət Zahid də qaçdı. Yurdçu dərhal etiraz etdi ki, Qənimət Zahid qaçıb eləməyib, elə-belə, Fransada yaşayır...

Sizlərin arqumenti bu qədər bəsitdir. Tum satan Şirin bacı da naftalin iyi verən bu arqumentdən istifadə edir, sən də. Axı kim Qənimət Zahidə deyə bilər ki, sən efirdən “Azərbaycan saatı”n yığışdır? Və ya Emin Milliyə hansı xalasıgöyçək deyə bilər ki, sən “Meydan TV”ni qapat. Çünki sən Azərbaycanda yaşamırsan. Adama deməzlərimi ki, səndən çox döyülmüşəm, söyülmüşəm, həbsdə yatmışam, təqib olunmuşam, indi xeyr ola, niyə susmalıyam ki? Hansı axmaq mənim kimi İsveçrəyə “qaçmış” Əli Əkbərə deyə bilər ki, sən müxalifət haqqında bunu yaz, bunu isə yazma? Vallahi, mənə baxmayın, bakılı balası əlinə xiyardan-zaddan alıb sizləri dünyaya gəlişinizə peşman edər...

Elçibəyin dostları deyirdi ki, bəy Bakını tərk edərək Kələkiyə gedib. Düşmənləri isə buyururdu ki, Elçibəy Bakıdan Naxçıvana qaçıb. Yəni, sənin bu qaçmaq söhbətin də xoş münasibətin göstəricisi deyil. 

Özünü böyük demokrat, intellektual... hesab edirsən. Amma Hindistanda hələ də mövcud olan kasta sisteminin bataqlığından çıxa bilmirsən. Azərbaycan insanını növlərə bölməkdən belə çəkinmirsən. Özün Bakıda oturub dünyanın dörd tərəfində baş verən hadisələrə şərh yazırsan, Moskvada Nemtsovun qətlini araşdırırsan. Amma eyni haqqı mənə tanımırsan? Niyə? Populizmin də bir əndazəsi olmalıdır axı...

Bir də sənin çox sevdiyin “Molla Nəsrəddin” jurnalının naşiri Mirzə Cəlil Tiflisdə mühacir kimi yaşamırdımı? Mirzə yazır ki, mən jurnalı Tbilisidə deyil, Bakı və İrəvanda (müsəlman türklərin çoxluqda olduğu şəhərlərdə) çıxarsaydım onlar mənim ofisimi dağıdardılar və məni də öldürərdilər. 

İndi Bakının mərkəzi küçələrində “Əli və Nino” filmi çəkilir. Sənin məntiqinə görə xaricdə yaşayan bir azərbaycanlının qələmə aldığı bu roman buna qətiyyən layiq deyil. Çünki müəllif Azərbaycandan o vaxt “qaçıb”. Üstəlik, roman da almanca yazılıb...Məhəmməd Əmin Rəsulzadə həyatının az qala yarısını mühacirətdə yaşayıb. Azərbaycanın nə qədər böyük siyasi xadimləri  mühacir olub? Bəlkə onların da üstündən xətt çəkəsən? 

Bir də mən İsveçrədə yaşasam da “Yeni Müsavat”ın redaksiyasında səndən çox oluram. Öz aləmində redaksiyanı bəyənmirsən, halbuki o qəzetin hesabına yaşayırsan. Ancaq mənim maddi baxımdan o redaksiyaya heç bir ehtiyacım yoxdur. Buna baxmayaraq həmişə ilk fürsət düşən kimi gedib o ocağı məmnuniyyətlə ziyarət edirəm. Həmkarlarımla görüşürəm, dərdləşirəm. Qardaş, adam bir az sadə olar. Niyə özünü çəkib dağın başına qoymusan? Bir aşağı düş, axı sən də insansan, mələk deyilsən.

Bir də bax gör ki, mənim “cızma-qara” adlandırdığın yazını nə qədər adam oxuyub. Bütün müqayisələr qüsurlu olsa da, sonra öz yazılarının oxucu sayına bax. Rəqəmlər danışanda uydurma arqumentlər mənasız görünür...

 










Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR