İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ uğrunda döyüş bitməyib? - Paşinyanın yeni kələyi

4185 23.04.2024 13:47 Yazarlar A A

Azərbaycan və Ermənistan arasında ədalətli sülhlə bağlı rəsmi İrəvanın yanaşmasında ciddi suallar qalır. Onlar o vaxt aradan qalxmış olacaq ki, heç olmasa, Ermənistan konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı bəndlər çıxarılacaq. Bu da ki, hələlik üfüqdə görünmür...

“Sizə düzünü demək istəyirəm: Ermənistan Dağlıq Qarabağ uğrunda döyüşmək fikrində deyil. Hazırkı proseslər sülhə və regional təhlükəsizliyə yönəlmiş səylərimizin səmimiliyinə dəlalət edir”.

Dünən bunu baş nazir Nikol Paşinyan söyləyib. Hərgah, ardınca “Qarabağda etnik təmizləmə” ifadəsini işlətməklə həmin səmimiyyəti şübhə altına alıb. Sitat: “Mövcud vəziyyəti və Azərbaycanın mövqeyini nəzərə alsaq, hazırda bu (Qarabağ uğrunda döyüşmək – Z.S.) mümkün deyil. Çünki əks halda etnik təmizləmə baş verməzdi. Bunun qarşısını almaq üçün bütün səyləri göstərmişik”.

Yəni belə çıxır, gələcəkdə “Qarabağ uğrunda döyüş” mümkün ola bilər, eləmi? Diqqət edin, adam “heç vaxt” sözünü dilə gətirmir...

Əlbəttə, “etnik təmizləmə” ifadəsi də “Qarabağ Ermənistandır və nöqtə” kimi absurd, erməni toplumu üçün ziyanlı və təhlükəlidir. Ən azı o səbəbə ki, Nikol Paşinyanın sülh bəyanatlarına rəğmən, Bakı və İrəvan arasında etimadın möhkəmlənməsinə xidmət etmir. Böyük sülhü yaxınlaşdırmır, uzaqlaşdırır. Eyni zamanda, “inqilabçı” baş naziri ziddiyyətli şəxs qismində təzədən gözlər önünə sərir. Axı cəmi iki gün qabaq o, Qazaxın 4 kəndinin qaytarılması haqda anlaşmanı tərəflər arasında etimad quruculuğuna töhfə adlandırmışdı. Elə isə o “nə pəhriz, bu nə turşu”?

“Pəhriz” demiş, bəzi ehtimallara görə, Ermənistan hökuməti guya Türkiyə ilə qonşuluq əlaqələrini qaydaya salmaq naminə uydurma “erməni soyqırımı” şərtindən tədricən uzaqlaşmaq kursu götürüb. Söhbət mifik 1.5 milyon rəqəmini şübhə altına alacaq adbaad siyahı tutmaq təklifindən gedir.

Yeri gəlmişkən, keçən həftə Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev İrəvana səfəri zamanı qondarma “erməni soyqırımı” memorialını ziyarət etməyib. Ermənistan Xarici İşlər Nazirliyi “bu, səfər protokolunun məcburi tərkib hissəsi deyil” şəklində izah versə də, yerli media “əvvəllər memorialın ziyarəti bütün dövlət səfərləri üçün məcburi idi” iradını ortaya atıb.

Yavaş-yavaş ağıllanırlar deyəsən. Amma eyforiyaya qapılmağımıza da gərək yox. Zira, Ermənistan rəhbərinin ritorikasında ara-sıra özünü göstərən müsbət elementlər böyük ölçüdə məcburiyyətdən qaynaqlanır və müstəsna olaraq, “Dəmir qapaz”ın təsiri, bir də Azərbaycanın uğurlu diplomatiyası ilə bağlıdır.

Yəni kapitulyant ölkə hazırda xeyli zəif və aciz durumdadır deyə, “ağ və yumşaq tüklü” görünür. Sabah ayağı təzədən yer tutanda İrəvandan hansı havalar eşidiləcək, onu təkcə Allah bilir. Bu da növbəti sübut.

Paşinyan dünən həm də belə deyib: “Azərbaycan və Ermənistanın hərbi büdcələrinin nisbətinə baxsanız, nəzərəçarpacaq disbalansın olduğunu görərsiniz. Bu balanssızlıq şəraitində belə, bizim silahlı qüvvələrdəki islahatlara, silah və texnikanın alınmasına Bakı çox aqressiv reaksiya verir, baxmayaraq ki, satınalmalarımız sırf müdafiə xarakteri daşıyır. Döyüşə hazır ordunun olması sülh üçün, qüvvələr balansının düzgün formalaşması üçün vacibdir. Aldığımız silahlar Azərbaycanın aldığı silahların 15-20%-dən çoxunu təşkil etmir”.

Növbəti, tipik və “tərtəmiz” erməni hiyləgərliyi. Əvvəla, Azərbaycan əhalisinə və ərazisinə görə Ermənistandan dəfələrlə böyükdür. Müvafiq surətdə hərbi kvotalar da fərqli olmalı. O zaman Ermənistanın hərbi xərcləri ilə bizim hərbi xərclər, iki ordudakı hərbçi sayı necə eyni ola bilər? Hərbi balans necə yarana bilər? Kiçik xalqların və ya ölkələrin böyük ordusu mümkünmü? Bu, yenə boydan yuxarı tullanmaq cəhdidir.

Deməli, Paşinyanın niyyəti, hədəfi müdafiə ordusu deyil, gələcəkdə “Qarabağ uğrunda döyüşə” biləcək hücum ordusu qurmaqdır! Belə deyilsə, qoy ləngimədən Ermənistan konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırıb Bakı ilə sülh müqaviləsi imzalasın...

Nəhayət, yalan ustası ermənilərə münasibətdə bizim əsas prioritetimiz onların qulağımıza xoş gələn sözlərinə yox, Ermənistan üzərində Azərbaycanın qalıcı və əzici hərbi-iqtisadi üstünlüyünün təmin edən strategiyaya əsaslanmalıdır. Üstəgəl, daxildə milli vəhdət. Ölkə sükanı arxasında kimin durmasından asılı olmayaraq, bütün dönəmlər və əsrlər üçün bu strategiya dəyişməməlidir.

Təkrarlamaqda fayda var: barıtımızı həmişə quru saxlamalı, qılıncımızı heç vaxt qınına qoymamalıyıq. Hayları bizdən yaxşı kim tanıya bilər ki...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR