İnsanlara hürriyət, millətlərə istiqlal!

Yatmış xalqın Yusifi

7372 26.09.2015 08:00 Yazarlar A A


Ədliyyə Nazirliyi son 9 ayda uşaqlara qoyulan adları açıqlayıb, həmişəki kimi, Yusif və Zəhra adları birinci yerdə gedir. Bu adlardan hər biri təxminən 3 min dəfə qoyulub. Ümumiyyətlə, son 5 ildə Azərbaycanda 16500 Yusif yaranıbdır. 

Əlbəttə, Yusiflərin çoxalmasını fərqli səbəblərdən izah etmək olar. Örnək üçün, deyə bilərik uca millətimiz elmə, alimə böyük hörmət bəsləyir və uşaqlarına Yusif Məmmədəliyevin adını qoyur, onun xatirəsini yaşadır. Niyə deməyək? Özümüzü AzTV-yə intervü verən paytaxt sakini kimi aparsaq istənilən həyasızlığı qırmızı şəkildə eləmək olar. 

Yaxud, şəkli ildə azı iki dəfə avtobuslara vurulduğu üçün tanıdığım müğənni, korifey sənətkarımız Miri Yusifin adından da şövqə gələ bilərlər (hətta mən özüm bir dəfə həvəsə gəlib Yusif müəllimin mahnılarını internetdən tapıb qulaq asdım, başa düşdüm ki, avtobusa şəklimi vursam özümün də səsim pis deyil). Bəs necə, o məşhur məsəldə deyilən kimi, Azərbaycan xalqı yatmış şirdir, oyadırsan, gedir o yanda təzədən yatır. Bu xalqdan hər cür orijinallıq gözləmək olar. Sovet dövründə İsmayıllıda bir kişi öz əkiz oğlan nəvələrinə Corc Vaşinqtonun şərəfinə Vaşin və Qton adları qoymuşdu. Beş-on il qabaq Qton qəzetimizə intervü vermişdi, ondan yadımda qalıb. Gənc sevinirdi ki, nə yaxşı babası Corc Buşu görmədən ölüb, yoxsa bunun adı həmin milli onomastik prinsipə əsasən Uş, qardaşının adı isə B olmalı idi. Hərçənd, bilmirəm Uş-un Qton-dan nəyi pisdir, hələ bəlkə daha sevimlidir, çünki bəzi qızlar görürsən balacaları əzizləyəndə “Uşş” səsinə bənzər səs çıxarırlar.   

Yusif adına ümummilli məhəbbəti bunun yəhudi köklü ad olması və tolerantlığımızın rəmzi, İosif Stalinin şəxsiyyətinə pərəstiş, hətta “Quran” kitabındakı “Yusif” surəsi ilə də izah edə bilərik. Ancaq sonuncu heç ağlabatan görünmür, çünki biz kitab oxuyan deyilik, oxuyub gözümüzü xarab eləmək istəmirik. Gərək insan öləndə o dünyaya salamat gözlə getsin, çünki “kor açkisi” taxanlar Qıl körpüsündən keçəndə gözləri çəpləşib cəhənnəmin dibinə yıxılırmış. Bu haqda uca şeyximizin fətvası var, inanmayan daşa dönsün.   

Ta söhbət düşüb, bir iradımı da AMEA Şamaxı rəsədxanasının təzə müdiriyyətinə bildirməliyəm. Məncə bu adam haqqın yolundan azıbdır, ölkəmizin başına göydən min bir fəlakət gəlməsini, meteorit yağışı düşməsini, komet quyruğuna bağlanıb sürütmə elənməyimizi istəyir. A kişi, sən hələ də rəsədxananın əsas funksiyasını qanmırsan? Nə təhər olur, bu boyda Qurban bayramı keçirilir, lakin rəsədxana hələ də Ayın saat neçədə çıxacağı haqda, qoyunu saat neçədə kəsməyin, bu zaman Merkurinin hansı bucaq altında olmasını deməmişdir? Bu nə hərəkətdir? Biz tələb edirik köhnə müdir yerinə qayıtsın, əsl Allah adamı o idi. Görünür bu təzə müdir xaçpərəst Avropanın milli-mənəvi dəyərlərimizə zərbə vurmaq üçün atdığı desant qrupuna daxildir. 

Nəsə, qayıdaq mövzumuza. Məncə Yusif adına uca millətimizin eşqi-məhəbbətinin əsas səbəbi İranın 2008-ci ildə çəkdiyi, 45 seriyalı, Azərbaycanda da bəzi telekanallarda və disklər şəklində kütləvi yayılan “Həzrət Yusif” serialıdır. Bir dəfə bu haqda yazmışam, amma təkrarın ziyanı yoxdur, üstəlik həyət-bacaya çıxanda, saysız-hesabsız balaca Yusiflərin əhatəsində düşəndə istər-istəməz mövzuya qayıdırsan.  

Söhbət ondadır ki, Azərbaycan xalqı üçün bu serial, ümumiyyətlə Yusif peyğəmbər mifi çox simvolik, yerinə düşən bir şeydir. Adamı qardaşları satıb, paxıllığını çəkiblər. Zindana saldırıblar. Tam bizim adamdır. Millətimiz bu saat “Vor-zakon”, “Lotu Filankəs” mifləri ilə yaşayır. O cümlədən, hazırda yapistlərin zindanda saxladığı yüzlərlə siyasi məhbusu elə öz azərbaycanlı qardaş-bacılarımız satmayıbmı? 

Amma Yusif bəy orda yuxugörmə elmini öyrənib padşaha kömək edir, zindandan qurtulub ağaya çevrilir. Bu da tam bir azərbaycanlı həyat düsturudur – yuxu-zad görüb həyat quracaqsan, vəzifə ələ keçirib yaxşı yaşayacaqsan, səni satanlar da xainlikdən partlayacaq, əziyyət çəkməyə, mübarizə aparmağa ehtiyac yoxdur. İşin sirri bu yuxu yozma qabiliyyətinin başındadır. Hərçənd, Yusif peyğəmbər yatsa yuxusunda görə bilməzdi ki, 21-ci əsrdə Azərbaycanda adını bu qədər sevəcəklər.  

Uca millətimizdən xahiş edərdik hərdən ayrı kinolara da baxsınlar. Yoxsa adam özünü qədim Misirdə timsah otaran jurnalist kimi hiss edir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR