İnsanlara hürriyət, millətlərə istiqlal!

İlk genosidi kim törədib?

1867 23.01.2016 09:10 Yazarlar A A
Abxaziya, Cənubi Osetiya və Krımı işğal edən, Donbasa faktiki, qoşun yeridən Moskva utanmadan beynəlxalq qanunlardan, beynəlxalq birliyə sayğıdan danışır, ona qarşı iki ildir haqlı olaraq tətbiq edilən sanksiyaları ədalətsiz hesab edir. Çünki onun öz “ədalət” anlayışı və ölçüsü var. Nə yazıqlar ki, bu anlayış az qala, irili-xırdalı bütün Rusiya siyasilərinə və ziyalılarına xasdır. 

“Ədalət”dən söz düşmüşkən, Rusiyanın “Ədalətli Rusiya” partiyasının sədri, tanınmış siyasi xadimlərindən biri, Federasiya Şurasının sabiq sədri, hazırda isə Dövlət dumasının üzvü və “erməni genosidi”ni inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan bədnam qanun layihəsinin müəllifi Sergey Mironov haqqın.az saytına müsahibəsində ilk genosidin 1915-ci ildə məhz Osmanlı imperiyasında ermənilər, assuriyalılar və yunanlara qarşı törədildiyini söyləyib. 

“Bu, kütləvi fiziki məhvetmə və qaçılmaz ölümə gətirib çıxaran deportasiya yolu ilə həyata keçirilib” deyən rus siyasətçi onu da əlavə edib ki, “bütöv bir xalqın sürətli kütləvi qirğını metodunu ilk dəfə məhz yenicə yaranmış Türkiyə hökuməti həyata keçirib ki, sonradan da bu, Almaniyada nasist cinayətkarları tərəfindən öz tətbiqini tapıb”.

Doğrudan da utanmasan, oynamağa nə var. Adam elə danışır ki, sanki bəşəriyyət yaranandan - Adəm peyğəmbərin vaxtından bütün tarixi dönəmlərin və ermənilərin başına gələnlərin canlı hal şahididir. Təbii ki, bu absurd iddia ilk növbədə Türkiyəyə, türk toplumuna, türk soyuna nifrətdən qaynaqlanır. 

Türk soyu demiş, 14-15-ci əsrlərdə, çar İvan Qroznının dövründə Rusiyada türkdilli tatar xalqına qarşı soyqırım və assimilyasiya siyasəti aparan, bu xalqın bir hissəsini xristianlaşmağa məcbur edən məhz ruslar, Moskva idi (indinin özündə Tatarıstan Respublikasında xristian tatarlar yaşayır). Bunun özü ilk genosidlərdən deyilsə, nədir? 

Söhbət 1915-ci ildən əsrlər öncə törədilın soyqırımdan gedir. Ondan sonra - XX əsrdə isə öz milli azadlığı uğrunda mübarizə aparan çeçen xalqına qarşı törədilən bəşəriyyət əleyhinə cinayətlər, bu xalqın bir neçə dəfə qan gölündə boğulmasını bəs hansı dövlətin ayağına yazaq?..    

***
Siz ondan danışın ki, Rusiya siyasiləri hələ də imperiya düşüncəsindən qurtula bilməyib və hələ də SSRİ adlı imperiyanın çöküşünə görə yas və ağlaşma qurmaqda, hətta Lenini günahlar çıxarmaqdadırlar. Bu da Putinin son açıqlaması: Rusiya prezidenti SSRİ-nin qurucusu Vladimir İliç Leninin vəfatının 92-ci ildönümünə həsr edilən toplantıda görün nə deyib: “Leninin müdafiə etdiyi düşüncə üzündən Sovetlər İttifaqı dağıldı. Rusiya adı verilən binanın altına atom bombası yerləşdirildi və daha sonra Rusiya sarsıldı”.

Sən demə, Lenin savab iş görübmüş. Belə baxanda Vladimir İliç bunlardan qat-qat demokrat imiş, çünki yerli xalqlara muxtariyyət, hətta müttəfiq respublika yaratmaq haqqı tanımışdı. Amma indiki Putin Rusiyası - orta əsrlərdəki kimi yad və qonşu əraziləri işğal edə-edə gedir.  
O ki qaldı, Rusiya imperiyasının sarsılmasına, bu sarsılma əslində nə qədər güclü olsa, bir o qədər çox xalq azadlığa qovuşar, bəşəriyyət isə daha rahat nəfəs alar. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR