İnsanlara hürriyət, millətlərə istiqlal!

İlin ən bivec adamı

2539 05.11.2015 20:23 Yazarlar A A

“Forbes” jurnalı Rusiya prezidenti Vladimir Putini üçüncü dəfə “İlin adamı” elan edib. “Ən nüfuzlular”ın 75 nəfərlik siyahısında Almaniya Kansleri AngelaMerkel 2-ci, ABŞ prezidenti Barak Obama isə 3-cü yerə layiq bilinib.

Jurnal Putini 1-ci eləməsinə maraqlı izah verib. Qərar belə əsaslandırılır ki, “Rusiya prezidenti dünyada istədiyini edən və heç kimə hesabat vermək məcburiyyəti hiss etməyən nadir insanlardan olduğunu sübut etməkdə davam edir”. Bundan əlavə, ölkəsindəki iqtisadi böhranın Putinə heç bir şəkildə təsir etmədiyini vurğulayan jurnal ona xalq dəstəyinin iyun ayında 89 faizə çatdığını da diqqətə çatdırıb.

Yəni Putin faktiki şəkildə nə dünyanı, nə də öz xalqının durumunu ən çox vecə almayan, başqa sözlə, “ən ürəkli lider” olduğu üçün “ən nüfuzlu” kimi tanınıb. Bu mənada ona əslində dünyanın ən populyar adamından daha çox, “ən bivec adamı” yarlığı yaraşır.

Təsadüfi deyil ki, Kremlin hazırkı başçısı bu ada dalbadal üçüncü dəfə məhz Krımı işğal elədikdən sonra layiq görülür – yəni dünya düzəninə, beynəlxalq qanunlara və Avropa Təhlükəsizlik sisteminə nümayişkaranə şəkildə tüpürmək cəsarəti göstərəndən, bəşəriyyəti gərginlikdə saxlayandan bu titulu dalbadal qazanır.

“Ölkəsindəki iqtisadi böhranın Putinə heç bir şəkildə təsir etmədiyini”, öz xalqının rifahı və təhlükəsizliyinin ondan ötrü həqiqətən prioritet olmadığını isə Moskvanın Suriya avantürasından aydınca görmək olar. Belə ki, bu avantüranın ağır bədəlini Rusiya xalqı - uşaqlı-böyüklü günahsız insanlar artıq ödəməyə başlayıb. A321 sərnişin təyyarəsinin Suriyada hərbi əməliyyatların başlamasının bir ayının tamamında terror nəticəsində, havada məhv edilməsi və 224 dinc insanın həlak olmasını deyirik.

Putinin xaricdəki eksperimentləri davam elədikcə yəqin ki, ağır itkilərin ardı gələcək. Təki Rusiya imperiyası yaşasın – hər halda Kremldəkilərin məntiqi bunu deyir. Məsələ də bundadır ki, Rusiya başçılarını tarix boyu öz xalqının rifahı yox, imperiya ərazisini genişləndirmək, qəsbkarlıq düşündürüb. Niyə?

Ona görə ki, bəşəriyyət XXI əsrə qədəm qoysa da, Rusiya rəhbərlərinin təfəkküründə hələ də “velikorus” virusu yaşayır. Bu virusa qarşı isə nə Qərb, nə də bütövlükdə bəşəriyyət indiyədək effektli vaksin tapa bilməyib. Tapsaydı, SSRİ dağılandan 17 il sonra Rusiya - onun hüquqi varisi Abxaziya və Cənubi Osetiyanı, 23 il sonra isə Krımı zorla özünə birləşdirməzdi.
Bunlar gerçəkdə də böyük cəsarət, hətta “siyasi lotuluq” nümunələridir. Zira, hələ heç bir lider dünyaya belə cəzasız şəkildə meydan oxumayıb. Əslində isə tamamilə məntiqə yatan bir davranışdır. Çünki ərz elədik artıq: Rusiya dünya qanunlarını heç vaxt ciddiyə almayıb. Ötən əsrin əvvəllərində Azərbaycan Demokratik Respublikasını, az sonra Baltik ölkələrini zəbt edəndə, Macarıstana və Çexiyaya soxulanda, Əfqanıstana qoşun yeridəndə, “20 Yanvar” qırğını törədəndə də ciddiyə almamışdı. 

Kreml başçılarına həmişə elə gəlib ki, onlar yeganə düzgün hərəkəti edib və edirlər. O sırada Krımın ilhaqını indi nəinki Rusiya rəhbərliyi, bütövlükdə Rusiya cəmiyyəti təbii və normal, öz halal haqqı hesab edir – yenə məhz həmin o velikorus virusunun təsirinə görə. 
Dünyanın bədbəxtliyi də ondadır ki, ucsuz-bucaqsız ərazilərə sahib olmasına rəğmən, rusun gözü doymur, XXI əsrdə də ona torpaq lazımdır, çörək yox! Putinin günahı üzündən sanksiyalar altında düşən Rusiya xalqının ağır durumda ikən ona 89%-lik rəğbət bəslənməsi fenomenini də yalnız bununla izah eləmək mümkündür...     
                            
Bu yollarla “İlin adamı” olmağa nə var ki? Allah dünyanı və xalqları belə bivec, ələlxüsus da öhdəsində atom silahı olan liderlərdən qorusun!        

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR