İnsanlara hürriyət, millətlərə istiqlal!

“BAŞIMIZ ÜSTÜNDƏ... MİLLİ PEYKİMİZ”

1814 18.02.2013 09:39 Yazarlar A A

“Uçdu göylərə bizim peykimiz, söylədi Yerə, yol gedirik biz, bip-bip-bip”.
Əlbəttə, peyklərin göydə “bip-bip” deyə siqnal verməsi kimi ənənə mövcud deyil, heç fəza boşluğunda siqnallamağa da ehtiyac yoxdur, amma razılaşaq ki, mahnının ləzzəti elə o “bip-bip”dəydi.
Bu günlərdə yazılmış və yayılmış milli peyk mahnısındansa, elə köhnəni yeni oranjemanda və müasir ifadələrlə zənginləşdirərək təqdim etmək yaxşı olardı: “Oley, uçdu göylərə bizim peykimiz, yes, yes, qaqa, tvit atdı Yerə, okey, yol gedirik biz, hey, hey”. Rep üstündə bir şey.
Yaxud da məsələyə qədim massagetlər kimi yanaşaraq, tonqal qırağına yığışmaq, çırtma çalaraq peykimizə yeni bədiyyə qoşmaq olardı - əlbəttə ki, köhnə qafiyənin üstündə.

“Göylərə uçubdur milli peykimiz,
Kosmosla var indi salam-əleykimiz.
Artacaq dünyada hörmət, çəkimiz,
Ey Yaradan, peykimizə toxunma,
Orbitdəki yekimizə toxunma".

Yoxsa milli peyk haqqındakı yeni mahnının sözləri ən yaxşı halda YAP gənclərinin şüarlarına oxşayır: “Milli peykimiz çıxdı orbitə, necə sevinməyim, ana vətənim... kosmosdan gəlir səsimiz, ilhamla gedirik xoş sabahlara, başımız üstündə Heydər bayrağı, ilk milli peykimiz qalxdı səmaya, sevin odlar yurdu, vətən torpağı” və sair və ilaxır.
Belə sözlər yazmaq Abdulla Qurbani kimi incə zövq sahibi olan sənətkara, patriot şairə, əməkdar incəsənət xadiminə yaraşarmı?
Söhbət ilk milli peykdən gedirsə, müsabiqə elan edilməliydi. Ölkədə sinəsini söz deşən şairlər çoxdur, hərəsi bir nəğmə sözü yazıb gətirərdi, sanballı münsiflər heyəti seçib-seçələyrdi, ən yaxşı mətni müəyyən edərdi, ondan sonra iş keçərdi ikinci mərhələyə. Bu dəfə milli bəstəkarlar (hətta İsveçdən də bəstəçi dəvət etmək olardı - “Eurovision”da olduğu kimi) öz not dəftərlərində melodiya bəstələyərdilər. Yenə sanballı münsiflər heyəti ən yaxşı melodiyanı seçərdi. Hətta bunu İTV ilə efirə verib qalibi SMS-lə də seçmək olardı. Axı söhbət ilk milli peykin şərəfinə yazılmış ilk milli nəğmədən gedir.
Qoy bir həftə, bir ay gec olsun, amma nəğmə güclü olsun. Peykin səmaya qalxmasından 24 saat keçməmiş nəğməsi hazır olmalıdır və efirə verilməlidir kimi bir qayda, hökm yoxdur.
Elə ölkələr var ki, kosmik fəza onların peyki ilə doludur, amma hələ nəğmə bəstələməyiblər. Elə qonşumuz Rusiyanı götürək, Ayda kosmosa bir gəmi göndərirdi, amma hər dəfə yerdə camaata çastuşka oynatmır, xor kapellası oxutmurdular. Hərçənd deyilənə görə, ruslar da ilk milli kosmik gəmiləri göyə qalxanda yekə şadyanalıq ediblər. Hətta bir gündə minlərlə Yuri adında uşaq doğulub. Daha dəqiqi, həmin gün və sonrakı günlərdə doğulan oğlan uşaqlarının tam əksəriyyətinə Yuri adı verilib - ilk kosmonavt Yuri Qaqarinin şərəfinə.
Yəni görməmişlik belə şeydir. Sonradan göyə o qədər kosmonavt qalxıb-düşdü ki, bu məsələ adiləşdi. Canibekov kosmosu su yolu eləmişdi. Heç Şamaxıdan olan tələbələr ata yurdlarına o cür tez-tez getmirdilər.
Xüləs, mətləbdən uzaqlaşmayaq. Söhbət ilk milli peykimizə yazılan ilk milli nəğmənin zəifliyindən gedir. Bir kolxozun əmək kollektivi qədər adam yığılıb, amma ortaya 3 dəqiqəlik (nəğmə 2 dəqiqə 56 saniyə çəkir) babat bir əsər qoya bilməyiblər.
Klip də bərbaddır. Rəqqas və rəqqasələrin əynindəki orta əsrlər geyimi ilə kosmosa, “ilhamla xoş sabahlara” getməkmi olar? Heç yaradıcılar Sərdar Ortacın kliplərinə baxmırmı? Rəqs edənlər o geyimdə olsaydı, o sayaq rəqs etsəydilər, klip daha baxımlı olardı.
Əsəri ifa edən oğlanı isə, sanki, əvvəllər hardasa görmüşəm. Bu, o, KVN-də ariya oxuyan gənclərdən biri deyilmi? Çox oxşayır. Odursa, əmin ola bilər, əsl KVN havası yaradıb. Sadəcə, KVN-dəki ifası duzluydusa, indi çox şitdir.
Xalq tələb edir, ilk milli peykimizə həsr edilən ilk milli mahnı yenidən yazılmalıdır. Yoxsa xalq onu dinləməkdən kütləvi şəkildə imtina edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR