İnsanlara hürriyət, millətlərə istiqlal!

ULDUZU GEC PARLAYIB, TEZ SÖNƏN ŞAİR

2271 07.11.2009 09:25 Yazarlar A A

Yaşasaydı, rəhmətliyin 61 yaşı tamam olacaqdı. Ancaq amansız ölüm onu aramızdan vaxtsız-vədəsiz, 56 yaşında apardı. Ondan bizə yumor, satira, göz yaşları dolu şeirlər, nəzm parçaları qaldı.
Onları oxuculara dönə-dönə təqdim etmək gərəkdir, yoxsa vallahi, unudulub gedəcək. Bu millət hər il yeni Baba yetişdirmir, 50-100 ildən bir elə təb, vicdan yiyəsi gələ, gəlməyə.
Müasirlərinin 99 faizi böyük Sabirlə eyni zamanda, eyni məkanda yaşadıqlarını bilibmi? Bilməyib. Bunu sonrakı nəsillər bildi. Hələ yaxşı ki, biz televiziyadakı çıxışlarından dolayı 50 yaşınacan hər kəsə pünhan qalmış babanı tanıyırdıq, şeirlərinə qulaq asırdıq. Ancaq bu insanı az qala hər gün xatırlamaqda yarar var.
Qarşımda Baba Pünhanın balaca bir kitabı durur, 3-4 il öncə metroda vaqona daxil olandan sonra ucadan “kitablar var” deyə səslənən kişidən 40 qəpiyə almışam. Amma o, çox qiymətli kitabdır. İçində şedevrlər var.
Bu gün hamının məktəbdəki korrupsiyadan, neqativ hallardan danışdığı bir vaxtda Babanın 7 il öncə yazdığı bu sözlər nə qədər yerinə düşür:

“Bu, nə təhsil, bu, nə dövlət və sair puludur”.

Məktəbdə şagirdlərdən tələb olunan xırda xəraclardan birbəbir bəhs edən şair lap axırda yazır:

“Bəlkə Pünhan babanı məktəbə dəvət eləyib,
Bir qədər pul yığasız ki, bu da şair puludur".

Bu, qara yumor, hətta qara satira nümunəsidir. Cəmiyyətdəki paradoksallıqları tutub iki balaca misrada yan-yana qoymaq şakəri rəhmətlik Babada çox yaxşı alınırdı. Məsələn, görün şair adi sözləri qələminin ucunda necə oynadır:

"Necə on "şirvan"a Məmməd kişi qız versin ərə?
Əriyib “qar qızımız”, qız qarımız evdə qalıb".

Babadan əvvəl rus sözlərini əruz vəznində Azərbaycan təhkiyəsi ilə işlədərək qəzəl yazmağı heç kəs təcrübədən keçirməmişdi, bunu Baba Pünhan elədi və baxın görün, necə elədi:

“Beryot tixo, dayot tixo, krupnıy on "papışnixa",
Şyot şaytanu başmaçki, şyot medlenno, medlenno".

Bu qəzəlin sonu belə gəlir:

“Baba Punxan pri smerti, kuda xoçeş eqo verti,
Vzyav pialu smerti, pyot medlenno, medlenno".

Hələ şair təkcə rusca yazıb-yaratmırdı, onun yarımingiliscə yazdığı “Sənk yu” adlı nəzmi də var.

“Ey Conum, gəl biz sənə hər səhər qud moninq deyək,
Sən bizə zəbt etdiyin Şirvanımızçün - sənk yu".

Babada belə sözlər çox idi. Onun satirasında ölkədə söhbəti gedən hər şeyə incə eyhamlar olurdu: 

“Mənə tən eyləmə ki, evdə çırağım yoxdur,
Vacib oldur ki, dənizdə “Çırağ”ım var mənim".

Siz şairin sözlə davranmasına fikir verin: “Birinə ”göy" dolları verdi, mənə də göy qutabı"; “Bu necə şirvanlıdır ki, bir dənə ”şirvanı" yox"; “Saçım ağ, saqqalım ağ, neynirəm ölsəm kəfəni” və sair və ilaxır.
Heyf, çox heyf ki, bu söz xiridarını, qəlbində Vətən dərdi, el qayğısı gəzdirən insanı biz tez itirdik. Babanın ulduzu gec, çox gec, 50 yaşının həndəvərində parladı, ancaq tez, çox tez, elə 50 yaşının üstündəcə söndü.
Qoy satira, şeir həvəskarları onun kitabını əldə etsinlər, oxusunlar, dillər əzbəri olsun. Yəqin ki, elə də olacaq. Bu gün biz gündə yeddi dəfə “Allah Mirzə Cəlilə, Üzeyir bəyə, Sabirə rəhmət eləsin” dediyimiz, onların 80-100 il bundan qabaq yazdıqları cümlələri sitat gətirdiyimiz kimi, vaxt gələcək, Baba Pünhanın da misraları atalar sözləri, zərbül-məsəl yerinə işlədiləcək və hamı Baba Pünhana rəhmət oxuyacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR