İnsanlara hürriyət, millətlərə istiqlal!

YASAMALDA YENİ SÖKÜNTÜ ƏMƏLİYYATI PLANLAŞDIRILIR

9693 30.10.2012 09:21 Ölkə A A

Yasamalın III Alatava qəsəbəsindəki sökülmə planından sonra növbə II Alatavaya çatdı. Məlumat üçün deyək ki, sözügedən massivlər də yol-tunel kompleksinə qurban veriləcək.
Bu qəsəbələrdə məskunlaşan sakinlərə isə kompensasiya verilməsi nəzərdə tutulmayıb. Daha doğrusu, sənədi olan mənzillər dövlət yardımı ilə təmin ediləcək. Bələdiyyədən aldığı sənəd hesabına tikilən və qanunsuz elan olunan evlərin sahiblərinə isə bir qəpik də düşmür. Bu haqda 2-ci Alatavada yaşayan sakinlərdən bir qrupu redaksiyamıza xəbər veriblər. Onların sözlərinə görə, söküntü işlərinin başlanmasına qısa bir vaxt qalıb. Gözlənilir ki, hər üç Alatava massivində söküntü işlərinə start verilsin. Ancaq qərar 2-ci Alatavada yaşayanların hamısına şamil olunmayacaq. Qərar yalnız yol üstündə yerləşən tikililərə aiddir. Burada isə evlər, dükanlar, qaraj və s. obyektlər fəaliyyət göstərir. Səksəkə içində olan sakinlər isə Nəqliyyat Nazirliyini bu məsələdə günahkar görür.

Onların dediyinə görə, 2010-cu ildə “İpək yolu” layihəsinə əsasən Bakı Dairəvi Yolunun açılışı olub. Açılış mərasimində prezident də iştirak edib və nəqliyyat naziri ona məlumat verib ki, görülən işlər standartlara cavab verir. Lakin yeni yol sürücülər üçün yeni imkanlar açsa da, ətrafda yaşayan sakinlərin yolunu bağlayıb. Uzun müddətdən bəri gözlənilən Bakı Dairəvi Yoluna görə 2-ci Alatava qəsəbəsində yaşayanların yolun digər səmtinə keçmək imkanları məhdudlaşıb.
İri divarlarla bağlanmış yolun böyük bir hissəsi burada sakinlər üçün keçilməz sədd yaradıb. Hələ üstəlik, yolun açılışına bir həftə qalmış bu istiqamətə işləyən 94 saylı marşrut avtobusu da yığışdırılıb. Ancaq məsələnin üzərindən 3 ilə yaxın vaxt keçib və problem həllini tapmayıb. Qərara gəlinib ki, ərazidə davamlı şəkildə yaranan dözülməz tıxacları aradan qaldırmaq, o cümlədən “İpək yolu” layihəsinin davam etdirmək məqsədi ilə körpü-tunel kompleksi tikilsin. Xatırladaq ki, bir müddət əvvəl 3-cü Alatava sakinləri də bu kompleksin tikilməsinə görə söküləcək evlərinin müdafiəsinə qalxmışdılar. Onlar aksiya keçirib kompensasiya tələb etmişdilər. İndi analoji vəziyyət 2-ci Alatavada hökm sürür. Sakinlər bildirirlər ki, əgər mülklərinə müqabilində yardım ödənilməsə başqa tədbirlərə əl atacaqlar.

Mülkiyyət sahibləri əməkdaşımızla söhbətdə qeyd ediblər ki, evlərin qiymətləndirilməsi düzgün aparılmalıdır: “Əgər söhbət dövlət layihəsindən gedirsə və bizim evlər layihəyə görə plana düşürsə istənilən halda kompensasiya verilməlidir. Yaxşı bunlar qanunsuz tikilidirsə, bu günə kimi niyə sökməyiblər? Dövlət planı işə düşən kimi evlərimiz qanunsuz tikili elan olunur. Bu ədalətsizlikdir”.
Sakinlər onu da deyiblər ki, evlərinin sənədləri qaydasındadır və hökumət bunu nəzərə almalıdır. Yerli sakin Şəmsəddin Axundov deyir ki, yol üstündə xeyli sayda tikili yerləşir və onları ucdan tutma birdəfəlik sökə bilməzlər: “Sulutəpədə, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində, ”Papanin"də evləri tək-tək dənləyib sökürlər. Kütləvi şəkildə söküntü başlasa etirazlar böyük olar. Ona görə də aramla yıxacaqlar. Bizdə də belə olacaq. Ümumi xəbərdarlıq olunub. Kompensasiya barədə bir kəlmə də söz açmayıblar".

Ş.Axundov hesab edir ki, ən azı kvadratına 1000 manatdan yardım ödənməlidir: “Camaat əziyyətlə tikib yaradıb. Başını salıb yuvasına, çətin də olsa dolanır. Sökürsən əcəb eləyirsən, amma millətin haqqını ver də. Mən də razıyam ki, yol darısqaldır. Nəqliyyatın hərəkəti çətinləşib, tez-tez qəzalar baş verir, piyada keçidi üçün yer qalmayıb. Ancaq bunu vaxtında fikirləşmək lazım idi”.
Yada salaq ki, 2010-cu ildə prezidentin açılışını etdiyi Bakı Dairəvi Yolu Ərəb İqtisadi İnkişaf Küveyt Fondunun və Abu Dabi İnkişaf Fondunun ayırdığı vəsait hesabına həyata keçirilib.
Layihəni Nəqliyyat Nazirliyinin sifarişi ilə podratçı “Makyolcopri İnşaat və Taahhüt A.Ş.” şirkəti, subpodratçı “Azərinşaat” MMC, tikintiyə texniki nəzarəti “Pan Arab Consulting Engineers” şirkəti həyata keçirib.
2007-ci ildən tikintisinə başlanılan Bakı Dairəvi Avtomobil Yolu təxminən 80 milyon dollara ərsəyə gəlib. Bunun 14,9 milyon dollarını Küveyt İnkişaf Fondu, 10 milyon dollarını Əbu-Dabı Fondu, qalan məbləği isə Azərbaycan hökuməti maliyyələşdirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR