İnsanlara hürriyət, millətlərə istiqlal!

Xoşbəxtliyə sığışmamaq

2190 28.01.2024 19:25 Yazarlar A A

BMT-nin 2011-ci ildən bəri hesabladığı xoşbəxtlik indeksi adlı göstərici var. Bu göstərici belə ölçülər, kriteriyalar üzrə hesablanır: ümumi daxili məhsuldan adambaşına nə qədər düşür, korrupsiya hansı səviyyədədir, dövlətin xalqa sosial dəstəyi varmı, xeyriyyəçilik yayılıbmı, insanlar həyatlarıyla bağlı qərarları özləri verməkdə nə dərəcədə azaddır, gözlənilən ömür uzunluğu neçə yaşdır və sairə. Yetərincə ciddi hesabatlardan sayılır, çünki bunun hazırlanmasında Gellap araşdırma mərkəzinə qədər çox önəmli, ciddi quruluşlar iştirak edir. Ta, “Fatmanisə xalanın pəncərə monitorinq xidməti” işin içində olmur.

Son 6 ildə xoşbəxtlik indeksi üzrə dünyada 1-ci yeri Finlandiya tutub. Danimarka 3 dəfə birinci olub. Norveç və İsveçrə də hərəsi 1 dəfə xoşbəxtlik çempionu olmuşlar.  Yəqin elə təkcə bu ölkələrin adını görəndə hesabatın dəqiqliyinə şübhə yaranmır. Əfqanıstan, Burundi, Suriya kimi ölkələrin siyahıda həmişə axırıncı yerləri tutduğunu da düşünsək. Hərçənd, bəlkə Burundidə camaatdan soruşsan, qorxudan hamısı deyər xoşbəxtik, finlər isə kədərlə üzlərini turşudar, çünki xəbərlərdə Qrenlandiya yaxınlığında hansısa mavi balinanın ekoloji problemlər üzündən rəhmətə getdiyini görmüşlər.

Hər insanın, hər xalqın bu dünyadan, planetdən umacağı fərqlidir. Xoşbəxt olub-olmamağımız da elə umacaqlarımızın ödənməyi səviyyəsindən asılıdır. Arzu çox olanda, insan bədbəxt olur. Həyatını həmin arzuların uğrunda çarpışmağa həsr edir, bir gün baxır ömrün sonudur, heç yaşamağa imkan tapmayıbdır.

Burada bir pritçanın yeri gəlibdir, bazar günü belə müdrik söhbətlərin vaxtıdır. Deyir fermada toyuqla öküz yaşayırmış, bir gün toyuq öküzə deyir ki, bədbəxtəm, çünki uça bilmirəm. Öküz deyir: “Sən mənim təzəyimi dimdiklə, içində qidalı maddələr çoxdur, güclənsən bəlkə uçarsan”. Məsləhət toyuğun ağlına batır, başlayır öküzün nəcisini yeməyə. Sabahkı gün buna qüvvət gəlir, uçur qonur ağacın aşağı budağına. İkinci gün daha güclənir, yuxarıkı budaqlara uçur. Nəhayət tezliklə ağacın lap təpəsinə qalxır, fermer bunu uzaqdan görür, elə bilir hansısa ov quşudur, tüfənglə toyuğu vurub aşırdır.

Əhvalatın çıxan mənəvi nəticə nədir? Hər cür ... yeməklə ucalmaq olar, ancaq zirvədə qalmaq çətindir.

Qayıdaq mövzumuza. Azərbaycan adətən xoşbəxtlik indeksində 80-90 kimi orta yerlərdə olardı. Məsələn, 2016-cı ildə 81, 2017 – 85, 2018 – 87, 2019 – 90, 2020 – 89-cu olmuşuq. Bir növ, bizə nə çox xoşbəxt, nə də çox bədbəxt xalq demək mümkündür. Bəlkə ən yaxşısı elə budur. Xoşbəxt olsaq göz dəyər, bədbəxt olsaq bizə, dövlətçiliyimizə yaraşmaz.

Ancaq maraqlıdır ki, təzəlikcə 2023-cü ilin xoşbəxtlik indeksi açıqlanıb, o siyahıda ana yurdumuzun adı ümumiyyətlə yoxdur. Burada iki variant mümkündür: ya BMT ekspertləri bizim xoşbəxtliyimizi keçən il hesablamağa çətinlik çəkmişlər, ya da paxıllıqdan bizi siyahıya salmayıblar. Yoxsa hardan baxsan xoşbəxtliyimizin vəziyyəti 2023-cü ildə çox yüksəlmişdir. Korrupsiya ilə mübarizə artıb, ömür uzanıb, həyatımızla bağlı bütün qərarları özümüz veririk, əlbəttə, uçaskovının iştirakıyla. Onun iştirakı da dövlətin sosial dəstək formasıdır. Adambaşına düşən ÜDM-ə görə inkişaf var, hətta bəzən ÜDM çox ağır olur, başına düşən adamı öldürür. Bu baxımdan, dövlətdən tez-tez xahiş edirik ki, ÜDM-i azaltsın, bizə çoxdur.

Elə bugünlərdə ən yaşlı seçicinin adını açıqladılar. Məlum oldu bu, 124 yaşlı bir ağdaşlı qadındır. 327 manat pensiya ilə belə uzun ömür sürmək harda mümkündür? Yalnız bizdə. Xanım müstəqil dövlətimiz qurulanda 18 yaşındaymış. Sovet hökumətinin qurulmağını, dağılmağını, qısası, 20-21-ci əsrdə nə olubsa hamısını canlı müşahidə edibdir. Di gəl, bu xanımın adı dünya uzunömürlüləri siyahısında varmı? Yoxdur. Yenə bizə paxıllıq edirlər. Şirəli Müslümovun 158 il yaşamağını da qəbul etməmişdilər.

Mən özüm hərdən Nadir şahı xatırlayıram. Ancaq kimdir buna inanan? Düşmən çoxdur. Şair demişkən: dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun. Lakin mən xoşbəxtəmmi? Əlbəttə. Dünyaya yenidən gəlsəm, yenə azərbaycanlı olmaq istəyərdim.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR