Xətai sakini “Azərsu”dan şikayətçidir
“Xətai rayonunda ət dükanımın suyunu ”Azərsu ASC" bloklayıb. Səbəb isə özümün də xəbərim olmadan neçə illər əvvəl həyətdəki bulağın suyundan istifadə etdiyim üçün yazılan 1200 manatlıq cərimədir. Halbuki bu cərimə mənə haqsız yerə kəsilib". Bu sözləri Bakı şəhər Xətai rayon sakini Kərəm Dünyamalıyev redaksiyamızda şikayətini dilə gətirərkən deyib.
O, yaşlı anası Qiyafət Ağayevanın adına olan ət dükanının hazırda işlək vəziyyətdə olmadığını bildirdi: “1988-ci ildə Sisiyan rayonundan qaçqın gəlib Kürdəxanıda məskunlaşmışıq.
Qardaşımın ikisi şəhid olub. 1994-cü ildə sabiq prezident Heydər Əliyev şəhid ailəsi olduğumuz üçün bizə Xətai rayonunda 15 kvadratlıq yer verdi ki, fəaliyyət göstərək. 1994-cü ildən bu günə kimi həmin yerdə ət dükanı kimi fəaliyyət göstərmişik. Biz heyvanı qıraq yerdə kəsib burada satırıq. 1994-cü ildən 2012-ci ilədək məhlədə olan sudan istifadə etmişik. Bütün məhəllələrdə bulaq olur ki, binaya su gəlməyəndə camaat həyətdəki həmin bulaqdan su daşısın. Bu bulaqla da bizim dükanın arasında 10 metr məsafə var. Buna görə də biz ət dükanına su çəkdirmədik və oradakı bulaqdan su daşıyırdıq.
2012-ci ilin oktyabr ayında “Azərsu” işçiləri gəlib baxıblar ki, blokun qabağında bulaq var və bir az aralıda da ət dükanı. Ət dükanına akt yazıb heç kimə də demədən çıxıb gediblər. Mən noyabrın 1-də “Azərsu”ya müraciət etmişəm. Gətirib dükanıma smart tipli su sayğacı qoyublar. 3 il müddətində hər ay 300 manata kimi pul ödəmişəm. Əgər mənim cəriməm olubsa, “Azərsu”nun ixtiyarı yoxdur ki, mənə smart tipli sayğac qoysun. 3 ildir biz bu sudan istifadə etmişik. İndi isə bizim dükanın suyunu blok ediblər ki, cəriməni ödə. Biz də ödəmirik. 1994-cü ildən 2012-ci ilə qədər harada idilər ki, bu cəriməni görmürdülər. Cərimə 2012-ci ildə yazılıb. 2012-ci ildə cərimə vardısa, bizə niyə smart tipli sayğac qoyurdular? Ağayeva Qiyafətin adına kompüterdə vuranda heç bir cərimə çıxmır. Dükan anamın adınadır. Anam yaşlı olduğu üçün mən şikayətə gəlmişəm. Prezidentə şikayət məktubu yazmışıq. Məktub “Azərsu”ya göndərilir. Orada da baxılmır".
Şikayətçi 2012-ci ilin iyunundan blok edilən suyunun blokdan çıxarılmasını və haqsız saydığı cərimənin silinməsini tələb edir.
Məsələ ilə bağlı “Azərsu”nun də rəyini aldıq. “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı şəxsə yazılan cərimənin qanuni olduğunu dedi: “Bu şəxs sudan qeyri-qanuni istifadə etdiyinə görə cərimələnib. Nazirlər Kabinetinin qərarı var. Həmin şəxs bulaqdan qeyri-qanuni xətt çəkib. Biz də buna görə dəymiş ziyan cədvəli hesablamışıq. Cərimə ödənməsə, biz onun smart kartını blokdan çıxartmayacağıq. Çünki bizim ona başqa təsir gücümüz yoxdur. Əgər bizə etirazı varsa, buyurub məhkəməyə versin. Məhkəmə qərar çıxarsa ki, biz səhv eləmişik, həmin kartı blokdan götürərik. Cərimə qanunidir”.
Günel MANAFLI






