İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xalqımız xilaskar liderinə sayğısını, sevgisini bir daha nümayiş etdirir”

677 09.05.2023 12:10 Media A A

Deputat Aqil Məmmədov: “Azərbaycanı öz aralarında bölməyə hazırlaşan müəyyən xarici dövlətlər Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində istəklərini həyata keçirə bilmədilər”

Azərbaycan xalqı Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin təntənəsini yaşayır. Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1969-1982-ci illərdə sovet Azərbaycanına, 1993-2003-cü illərdə müstəqil Azərbaycan Respublikasına rəhbərlik edib.

Azərbaycan xalqının və dövlətinin tarixində xüsusi xidmətləri olan Heydər Əliyev istər Azərbaycana rəhbərlik etdiyi zamanlarda, istərsə də SSRİ-nin rəhbərliyində təmsil olunduğu dövrlərdə daim Azərbaycan xalqının dünyada sayılıb seçilən xalqlar sırasında yer almasına çalışıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə ölkənin həqiqi müstəqilliyə nail olmasında, ölkənin parçalanmasının qarşısının alınmasında böyük tarixi liderlik missiyasını həyata keçirib. Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycanda yaşayan bütün millətləri bir araya gətirən azərbaycançılıq ideologiyasını dövlət siyasətinə çevirməsi olub. Ümummilli liderin dövlət ideologiyasına çevrilmiş azərbaycançılıq ideologiyası Azərbaycanın bütün vətəndaşlarının birləşməsi, vətəndaş həmrəyliyinin sarsılmaz təməli funksiyasını yerinə yetirir.

Azərbaycan xalqı Heydər Əliyevin qoyduğu siyasi xətt ətrafında daha sıx və monolit birlik nümayiş etdirir. Azərbaycançılıq ideologiyası artıq dövlətin ideoloji xəttinə çevrilib və qələbələrimizin əsaslarından birini təşkil edən faktordur. Bu gün Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bu mərhələyə gəlib çatmaqda şübhəsiz ki, azərbaycançılıq ideologiyasının məharətlə təbliği, xüsusi işlək mexanizmə çevrilməsi mühüm əhəmiyyət daşıyır. Bu mərhələ Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. Müzəffər Azərbaycan Ordusu Ali  Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir.

Aqil Məmmədov: Kəlbəcərin işğalı özbaşınalığın, AXC-Müsavat hakimiyyətinin  xəyanətinin nəticəsi idi - AZƏRTAC

Milli Məclisin deputatı Aqil Məmmədov “Yeni Müsavat”a bildirib ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyi Azərbaycan xalqı tərəfindən ümummilli bayram kimi qəbul edilir və qeyd edilir: “Xalqımız xilaskar liderinə sayğısını, sevgisini bir daha nümayiş etdirir. Ulu Öndər Heydər Əliyev sözün əsl mənasında Azərbaycan dövlətini və xalqını məhv olmaqdan xilas etmiş dahidir. Heydər Əliyev olmasaydı, 1993-cü ildə Azərbaycanın müstəqilliyi əldən gedəcəkdi. Azərbaycanı öz aralarında bölməyə hazırlaşan müəyyən xarici dövlətlər Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində istəklərini həyata keçirə bilmədilər. Ulu Öndər dövlətimizi xilas etməklə kifayətlənmədi. O, Azərbaycan xalqının bütövlüyünü, birliyini təmin edəcək azərbaycançılıq ideologiyasını da dövlət ideologiyasına çevirdi. Bu ideologiya inkişafın, sabitliyin, milli birliyin təməli oldu. Heydər Əliyevin miras qoyduğu ideologiya bu gün də Azərbaycan vətəndaşlarının vahid vətən, vahid xalq kimi birləşməsini təmin edir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu  və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ideologiya sistem halına salınıb. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürürdü. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı. Ulu Öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Prezident Əliyevin hakimiyyətə gəlişindən sonra bu xətt böyük məharətlə davam etdirildi və bu gün də etdirilməkdədir. Azərbaycançılıq ideologiyası milli birliyin təməlinə çevrilib. Ölkəmizdəki bugünkü sabitliyin, cəmiyyətdaxili və dövlət-cəmiyyət münasibətlərindəki harmoniyanın təməlində milli-mənəvi birlik dayanır”.

Azərbaycançılıq ideologiyası vətəndaş-dövlət vəhdətinin daha da möhkəmlənməsinə yol açır. Hər bir vətəndaşın fəaliyyətinin mərkəzində Azərbaycan dövləti, dövlətin maraqları dayanır. Bu məqam isə ölkənin möhkəm ideoloji əsaslara dayanaraq inkişaf etməsini şərtləndirir. Vətən müharibəsi dövründə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri çiyin-çiyinə bu ölkəni, dövləti, torpağı qorudu, onun uğrunda canından keçdi. Bu gün hər bir azərbaycanlı həmrəyliyin və milli birliyin önəmini dərk edir və bu sərvəti əziz tutur. Məhz bu ideoloji əsasla hər bir çətinliyin öhdəsindən gəlmək, Azərbaycanın davamlı inkişafını təmin etmək və daha böyük uğurlar əldə etməkdəyik. Azərbaycandakı milli birlik mühitinin formalaşması isə cəmiyyətin bütün kəsimlərinin mənafeyini ifadə edən və hər bir Azərbaycan vətəndaşını, azərbaycanlını öz ölkəsi, vətəni ətrafında birləşdirən azərbaycançılıq ideyasının təbliği və real ictimai-siyasi münasibətlər sferasında tətbiqi sayəsində mümkün olub. Azərbaycançılıq ideyasının təbliği ən müxtəlif sferalarda və fasiləsiz olaraq aparılır. Ümummilli lider Heydər Əliyevin təkmil ideologiya şəklinə saldığı azərbaycançılıq konsepsiyasına sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda milli birlik özünü daha qabarıq formada göstərir. Tanrı dahi Heydər Əliyevin üzərinə dövlətimizi, xalqımızı xilas etmək missiyasını qoymuşdu. Ulu Öndər bu missiyanı uğurla həyata keçirdi və xalqımızın qəlbində əbədiyaşarlıq qazandı. Ulu Öndərin 100 illiyini bütün dünyadakı azərbaycanlıların sevgi və coşqu ilə qeyd etməsi bunu bir daha göstərir". 

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycançılıq ideyasının təbliği - Heydər Əliyev ili" mövzusunda hazırlanıb. 

Hazırladı: Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR