İnsanlara hürriyət, millətlərə istiqlal!

Virusdan ölənlərin sayında kəskin artım

2528 30.08.2022 10:40 Müsahibə A A

Nilufər Məmmədova: “Ölüm sayının artmasının hansı ştamla bağlı olduğunu bilmirik”

Artıq 3 aya yaxındır ki, koronavirusa yoluxma sayı artan templə davam edir. Amma bu artım sürətli deyil və rəqəmlər də bəzən kəskin şəkildə dəyişir. Ötən həftəsonu isə gözlənilmədən ölüm sayında kəskin artım oldu, bir gündə 9 nəfər dünyasını dəyişdi. Həkimlərin proqnozuna görə, Azərbaycanda yoluxmanın pik həddi payızda müşahidə ediləcək.

Bəzi ekspertlər isə yoluxma sayı ilə bağlı açıqlanan rəqəmləri real hesab etmir, yoluxma sayı rəsmi statistikada qeyd olunandan çoxdur. Çünki həkimə müraciət edənlərin, test verənlərin sayı azalıb. Bundan əlavə, əvvəlki ştamlar daha ağır olurdu. Həkim deyir ki, yeni mutasiyada ağciyərlə bağlı ağırlaşmalara çox rast gəlinmir, bu mutasiya daha yumşaqdır. Əgər vəziyyət doğrudan da belədirsə,  o halda ölüm halları niyə artıb?

Omikron” ştamı ilə mübarizədə ən optimal yollardan biri əvvəlki kimi  qorunma qaydalarına ciddi riayət etməkdir - AZƏRTAC

 

Nilufər Məmmədova

Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assistenti, həkim-infeksionist Nilufər Məmmədova mövzu ilə bağlı “Yeni Müsavat”ın əməkdaşının suallarını cavablayıb:

- Açıqlanan rəqəmlər real rəqəmlər deyil, razıyam sizinlə. Bizə müraciət edən xəstələrə də COVİD testi verməyi xahiş etsək də, vermək istəmirlər. Ölüm sayı əsasən xroniki xəstəliyi olanlar, risk qrupuna aid olanlar arasında daha çox müşahidə edilir. Eyni zamanda vaksin olunmayanlar arasında ağırlaşma, ölüm hallarını görürük. Nə qədər ölüm sayı artsa da, vaksin sayəsində ölüm sayı əvvəlki ştamlarla müqayisədə aşağıdır. Təəssüf ki, müalicə taktikamızda dəyişiklik yoxdur. Müalicə üçün xüsusi bir preparat yoxdur. Ona görə də edə biləcəyimiz yalnız qorunma qaydalarına riayət etməkdir. Yeni və orqanizmin tanımadığı, eyni zamanda vaksinlərin təsir edə bilməyəcəyi mutasiya olduğu üçün bu virus variantı zamanı da ölüm halları ola bilər. Biz hər dəfə qeyd edirik ki, vaksin bütün ştamlara qarşı qoruyucu deyil. Ona görə vaksinlə yanaşı, qoruma qaydalarına riayət etməliyik.

- Doktor,  Azərbaycanda koronavirusa yoluxma hallarının artmasını həm də yeni,  “Kentavr”  ştamının yaranması ilə əlaqələndirirlər. Qeyd edilir ki, bundan əvvəlki ştamlarda qızdırma və öskürək olurdusa, indiki halda ürəkbulanma və diareya da bu simptomlara əlavə olunub. Bu ştam nə dərəcədə təhlükəlidir?

- Bəli, biz son günlər pasiyentlərdə qusma-işləmə kimi şikayətləri tez-tez görürük. Amma onu qeyd edim ki, bu fəsildə rotoviruslar da yayılıb, bu cür oxşar əlamətlər- qusma, qarın getmə, hərarətin artması kimi simptomlar olduğu üçün diferensiasiya yalnız COVİD testini verib inkar etməklə mümkündür. Biz COVİD testini verdirməmiş hansı infeksiyanı keçirdiyini deyə bilmərik. Çünki simptomlar oxşardır. İnsanlar düşünməsin ki, qarın gedirsə, demək rotovirusdur. İstənilən hərarətlə müşahidə olunan xəstəlikdə COVİD testi verilməlidir. İlk öncə biz COVİD-i inkar etməliyik. Həm bununla COVİD-in yayılmasının qarşısını alacağıq, həm də risk qrupuna aid olan şəxsləri nəzarətə götürmüş olacağıq. Rotoviruslar o qədər də qorxulu deyil, 3-5 gün simptomatik müalicə ilə öz-özünü məhdudlaşdıran xəstəlikdir. Uşaqlarda, böyüklərdə geniş yayılmış xəstəlikdir. Amma COVİD-də risk qrupuna aid olan insanlar nəzarətdə olmalıdır ki, ağırlaşmanın görüldüyü günlərdə həmin şəxs həkim müşahidəsinin altında olmalıdır ki, vaxtında müdaxilə olunsun.

 - Son günlər ölüm saylarının çoxalması “Kentavr” ştamı ilə əlaqədar deyil ki? Çünki bundan əvvəl, təqribən iki həftə öncəyə kimi “Omikron”un BA.4, BA.5 ştamları yayılmışdı, bu insanlarda olduqca yüngül, adi qrip kimi özünü göstərirdi. Son günlər isə insanlarda ağırlaşmalar baş verir , bu, yeni simptomla bağlıdır?

- Hələ ki əlimizdə elə faktlar yoxdur. Azərbaycanda hazırda hansı ştamın yayıldığını tam dəqiqliyi ilə aydınlaşdıra bilmirik. Bunun üçün xüsusi testlər lazım olur. Yəni xəstələnən şəxslərdə COVİD testi ilə yanaşı,  COVİD testini genotipləndirmə - hansı mutant variantın yayılmasının aparılması gərəklidir. Bunu da bütün xəstələrdə apara bilmədiyimiz üçün hazırda müşahidə olunan ölüm sayının hansı ştamla bağlı olduğunu deyə bilmərik. Ümumilikdə, dünya statistikasını götürsək, bəli, siz dediyiniz kimidir. Deyə bilmərik ki, hazırda Azərbaycanda ştam dəyişilib, yeni mutant variant çıxıb. Təəssüf ki, bunu qeyd edə bilmirik.

- Bayaq bildirdiniz ki, ölüm sayları vaksin olunmayanlar arasında daha çox baş verir. Yaxud ağırlaşmalar vaksin olunmayanlar arasında daha çox müşahidə edilir. Hətta ötən həftələrin statistikasında vaksin olunanların sayı sıfır idi.  Sizcə, vaksinlər məcburi olmalıdırmı?

- Bu məcburiyyət insanlara psixoloji təsir etdiyi üçün hər yeni mutant variantında vaksin söhbətini edə bilmərik. Bu, könüllü olmalıdır. Amma insanlar nəzərə almalıdır ki, vaksin bütün ştamlara qarşı qoruyucu ola bilməz. Yeni ştamlar meydana çıxdıqda yenidən vaksinasiya gündəmə gələ bilər. Hazırda epidemioloji vəziyyət nəzarət altındadır. Yoluxma sayı, ölüm halları yuxarı deyil, məcburi vaksinasiya aparacaq vəziyyətdə deyil. İnsanlara vaksinlərin qoruyuculuğu azaldığı üçün könüllü olaraq revaksinasiya oluna bilər. Əsasən risk qrupuna aid olan şəxslər payız aylarında vaksin olunsunlar. Digər şəxslərin isə könüllü olaraq   vaksin olunması tövsiyə olunur. İcbari şəkildə nəzərdə tutulmayıb.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR