İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vətənpərvərliyin təbliği üçün sosial şəbəkələrdən yararlanmaq lazımdır” - DEPUTAT

1063 23.06.2022 10:10 KİVDF layihələri A A

“Təhsil sistemində də vətənpərvərliyin təbliğinə mütləq yer ayrılmalıdır”

Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində qazandığımız qələbə barədə çıxışlarından birində qeyd etmişdi ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi, dövlətimiz qalib dövlət kimi əbədi yaşayacaq:

“Bu, böyük xoşbəxtlikdir-hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix, xalq və Vətən qarşısında misilsiz xidmətlər göstəriblər. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi qələbəni Azərbaycan xalqına bəxş ediblər.Biz gənclərimizi bundan sonra da mütləq vətənpərvərlik ruhunda tərbiyə etməliyik.Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur”.

Təbii ki, davamlı uğur üçün vətənpərvər gəncliyin gücündən də maksimum istifadə etmək lazımdır. Dövlətin bundan sonra da hər mənada yenilməz olması üçün bu, mühümdür.

Millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi mövzusunda danışarkən Vətən müharibəsi dövründə xaricdə təhsil alan, çalışan gənclərin fəallığına diqqət çəkərək bildirib ki, hər nə qədər Vətənə sevgi hissi güclü olsa da, təbliğatın əhəmiyyəti danılmazdır: “Milli mənlik şüuru hər bir millətin özünüdərkidir. Bu anlayış özündə insanın Vətənə, torpağa bağlılığı, xalqın bir nümayəndəsi olaraq mövcudluğu ehtiva edir. Hər bir milləti ayaqda saxlayan onun özünüdərki, milli mənlik şüurunun yüksək olmasıdır. Bu gün Azərbaycan xalqını güclü edən, Vətən müharibəsində qələbə qazanmağı təmin edən milli mənlik şüuru oldu. Milli mənlik şüurunun formalaşmasında təbliğat mühüm rol oynayır. Qan, gen nə qədər rol oynasa da, bu, kifayət deyil. Bu hissin oyadılmasına, gücləndirilməsinə hər zaman ehtiyac var. Bunun üçün də həm ölkə daxilində, həm də xarici ölkələrdə tədbirlər həyata keçirilməkdədir. Xarici ölkələrdə təşkil olunan tədbirlər, həyata keçirilən layihələrdə diaspor təşkilatlarının xüsusi rolu var. Nəzərə alsaq ki, 50 ölkədə təxminən 570 diaspor təşkilatımız fəaliyyət göstərir, o zaman təbliğatın miqyasını az da olsa, təsəvvür etmək mümkün olur. Bu göstəricilər, ümumiyyətlə, Azərbaycanla bağlı proseslərdə ciddi təsir göstərir”.

C.Məmmədov hesab edir ki, maarifləndirici tədbirlərin rolunu da nəzərə almaq lazımdır: “Mətbuatda - istər televiziyada, istər radioda, istərsə də yazılı mətbuat orqanlarında fəal təbliğat aparılmalıdır. Bundan əlavə, mütəmadi görüşlərin keçirilməsi də faydalıdır. Təhsil sistemində də vətənpərvərliyin təbliğinə mütləq yer ayrılmalıdır. Ali təhsil müəssisələri, məktəblərin üzərinə böyük məsuliyyət düşür ki, bu fəaliyyəti həyata keçirə bilsinlər. Ayrıca fənnin olmasına ehtiyac olduğunu düşünmürəm. Zərurət yaranarsa, bu barədə düşünmək olar. Tədris sistemində ayrı-ayrı fənlərin tərkibində, dərsliklərdə vətənpərvərliyin təbliğinə yer ayrılır. Sadəcə, davamlı fəaliyyət olmalıdır. Təbliğat  görüşlər, konfranslar, müzakirələr yolu ilə daha da gücləndirilməlidir. Hesab edirəm bu elə bir məsələdir ki, fasiləsiz təbliğat getməlidir. Yalnız bu halda qarşıya qoyulan məqsədə nail olmaq mümkündür. Bir reallığı da nəzərə almaq lazımdır ki, bu gün sosial şəbəkələr böyük bir gücə çevrilib. Təkcə Azərbaycanda deyil, bütün dünyada bu məsələ geniş müzakirə olunur. Məsələ burasındadır ki, sosial şəbəkələri məhdudlaşdırmaq, yaxud qarşısını tamamilə almaq mümkün deyil. Bir çox hallarda bu, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qəbul edilir. Dünyada bu məsələyə fərqli yanaşmalar müşahidə olunur. Hesab edirəm ki, sosial şəbəkələrin mənfi təsirini nisbətən azaltmaq üçün sosial şəbəkələrdən istifadə qaydaları barədə maarifləndirmə aparmalıyıq. Təbliğat üçün də sosial şəbəkələrdən yararlanmaq olar. Sosial şəbəkələri geri çəkilmək, məhdudiyyətlər tətbiq etmək yox, əksinə, tərbiyəvi, maarifləndirici məlumatlarla zənginləşdirmək ən effektiv yollardan biridir. Mübarizəni inzibati qaydada aparmaq qeyri-mümkündür. Bu,mümkün olsa belə, istənilən effekt əldə olunmayacaq”.

 Nigar Həsənli 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR