İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vətənpərvərlik qanla gəlməlidir, lakin xarici təsirlər də rolunu oynayır” - xalq şairi

703 14.04.2022 10:40 KİVDF layihələri A A

Vahid Əziz: “Milli təəssüb hissi varsa, satqınların içində də mənliyi qorumaq olar”

Vətən sevgisi mücərrəd anlayış olsa da, əməldə təzahür edir. Vətənə xidmət göstərmək üçün bunu əməldə sübut etmək mümkündür, yetər ki, təəssübkeşlik olsun...

Ölkə başçısı İlham Əliyev çıxışında deyib ki, əsl yüksək əxlaqlı, xeyirxah adam yalnız o adam hesab edilə bilər ki, o, özünün bütün hərəkət və davranışlarını əsil vətənpərvərliklə uyğunlaşdırsın. Azərbaycanın Vətən müharibəsində qələbə qazanması ilə Vətən uğrunda canından keçən qəhrəmanlar təəssübkeşliyi sübut etmiş oldular.

Vətənpərvərlik həm də çalışdığın sahədə vətənə xidməti ehtiva edir. Hər bir vətəndaş öz sahəsində xidmətləri ilə vətənpərvərliyini göstərə bilər. Bunun ən uğurlu yolarından biri də tarixdə qalacaq əsərlər yaratmaqdır. Vətənpərvərlik şeirləri, romanlar, poemalar, musiqi əsərləri, tablolar, filmlər və s. Tarix də sübut edir ki, bir xalqı, ölkəni tanımaq, onun özəyini dərk etmək üçün çox zaman məhz ədəbiyyat, incəsənət nümunələrinə müraciət olunur. Nə qədər kiçik yaşlardan aşılansa da, təhsilin müxtəlif pillələrində təbliğ olunsa da, vətənpərvərliyin tərbiyəsi həm də bu yolla daha uğurlu olur. Düşünün, biz hələ də Ü.Hacıbəylinin “Koroğlu” operasının uvertürasını dinləyəndə ruhumuz Vətən eşqi ilə qabarır, yaxud elə Ü. Hacıbəylinin müəllifi olduğu Dövlət Himni səslənəndə. Vətənə aid şeirlər həm tarixi əks etdirir, həm də bu günü. Tarixi romanlar bir dövlətin keçdiyi yolu, görkəmli şəxsiyyətlərin bu dövlətləri yaratmaq üçün verdiyi mücadiləni sözlərlə ifadə edir. Ötən əsrdən etibarən bütün dünyada ən effektli təsiredici vasitələrdən biri də filmlərdir. Bir sözlə, vasitə çoxdur, yetər ki, istək olsun...

Xalq şairi Vahid Əziz “Yeni Müsavat” a bildirib ki, insan şəxsiyyətini, ləyaqətini qorumağı bacarırsa, deməli, milli mənliyi var: “Ləyaqətini qorumağı bacarmayan şəxs Vətəni qoruya bilməz. Milli mənlik şüuru qan yaddaşı ilə bağlıdır. Təbii ki, mühitin də təsiri var. Əgər milli təəssüb hissi varsa, satqınların içinə düşsə də, mənliyini qoruyub saxlaya bilər. Bir sözlə, vətənpərvərlik qanla gəlməlidir, lakin xarici təsirlər də rolunu oynayır. Bəzən milli qeyrəti olan adamı layiq olmadığı münasibət pərişan edə bilər. Şəxsən mən də bunu yaşamışam. 52 yaşımda işsiz-gücsüz qalmışam. Hətta Vətəndən getmək istədim, amma qeyrət məni boğdu ki, belə getmək olmaz”.

Xalq şairi jurnalist, “REAL Tv-nin” rəhbəri Mirşahin Ağayevin bugünlərdə incəsənət, ədəbiyyat xadimlərini vətənpərvərliyə, Vətən müharibəsinə aid əsərlər yazmamaqda ittiham etməsinə də münasibət bildirib: “Mənə belə gəlir ki, Yazıçılar İttifaqı, Bəstəkarlar İttifaqı, Mədəniyyət Nazirliyi bununla bağlı bəyanat verməlidirlər. Bu gün Mirşahin Ağayevin tənqid etdiyi qələm adamlarının içində xalq şairləri, xalq yazıçıları, ordenli insanlar, xalq artistləri var. Onlara həm Heydər Əliyev, həm də İlham Əliyev orden, medallar veriblər. Vətən müharibəsindən kifayət qədər əsərlər yazılıb: Sabir Rüstəmxanlı ”Qarabağa dönüş" poemasını, Nəriman Həsənzadə şeirlər yazıb, mən “Param-parça illər” kitabını dərc etdirdim, o cümlədən 100-ə yaxın şeir yazdım. Ümumiyyətlə, 1988-ci ildən bu günə qədər yazdığım şeirlərin əksəriyyəti həmin kitabda toplanıb".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR