İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətəndaş cəmiyyəti yeddi fevral hazırlığında - necə iştirak edəcəklər?

644 16.01.2024 12:26 Media A A

Prezident seçkisində QHT-lərin bir hissəsi koalisiya şəklində  müşahidəçi olacaq, təşkilatlar “exit-poll” da keçirə bilər 

7 fevral - növbədənkənar prezident seçkisi öncəsi QHT-lərin ciddi şəkildə təşkilatlanması və koalisiyalarda birləşməsi müşahidə olunur. “Yeni Müsavat” yazır ki, sosial mediada və internet resurslarında yayılmış informasiyalar əsasında toplanan məlumatların təhlili bunu göstərir. 

Hazırda seçkiləri monitorinq etmək üçün QHT-lərin 3 koalisiyası elan olunub: “Mənim səsim” Seçki Monitorinq Koalisiyası - burada məşhur QHT sədrləri birləşib. Bunlar D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənəniyarlı, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlıdır. Koalisiya artıq bəyan edib ki, tanınmış ekspert və politoloqlardan ibarət qrup formalaşdırıblar. Koalisiya seçkinin bütün mərhələlərinin monitorinqini apararaq aralıq, seçki günü və yekun hesabatlar hazırlayıb ictimaiyyətə təqdim edəcək.  Məlumata görə, hazırda seçki günü respublika üzrə müşahidə aparacaq şəxslərin sənədlərini toplayırlar və yaxın günlərdə onların müşahidəçi kimi qeydə alınması üçün məktubla MSK-ya müraciət olunacaq. Koalisiya seçki dairələrinin 50%-dən çoxunda müşahidə aparacaq.

Sivil Toplum Monitorinq Koalisiyası - burada “Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli, “Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri Aydın Kərimli, “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli güclərini birləşdirib. Koalisiya artıq seçki günü respublika üzrə müşahidə aparacaq nümayəndələrinə təlimlər keçir, təlimləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidəçiləri də izləyib. Yanvarın 9-da Sivil Toplum Monitorinq Koalisiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) uzunmüddətli müşahidəçiləri Naemi Arcidiacono və Oljas Akanovla görüşüb. Görüşdə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Koalisiyanın yaydığı açıqlamalardan məlum olur ki, 63 seçki dairəsində seçki günü monitorinq aparmaları nəzərdə tutulur.

Seçki Müşahidə və Təhlil Qrupu Koalisiyası - burada “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” İctimai Birliyini sədri Mirvari Qəhrəmanlı, “Vətəndaş Cəmiyyəti uğrunda” İctimai Birliyin sədri Rafiq İsmayıl, “Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi” İctimai Birliyinin sədri Osman Gündüz birləşib. Yanvarın 10-da koalisiya ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının nümayəndələri Oljas Akanov və Naemi Arcidiacono görüşüb. Bu koalisiyanın ölkə üzrə seçki günü 500-dən çox müşahidəçi ilə seçkiləri izləyəcəyi bildirilir. Koalisiyalarda birləşməyən xeyli sayda QHT-nin də respublika üzrə seçkiləri izləmək üçün yarışa girdiyi müşahidə olunur. Artıq Azərbaycan Milli QHT Forumu, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bəyanat yayaraq ölkə boyu seçki günü seçkiləri müşahidə edəcəklərini açıqlayıb. Azərbaycan Tələbə Gənclər Təşkilatı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası da oxşar bəyanatlar verib.

Xeyli sayda QHT isə yerlərdə lokal müşahidəçiləri ilə seçkini izləyəcək. Nəzərə alsaq ki, budəfəki seçkilər bütöv Azərbaycanda, bütün regionlarda tam qüvvə ilə həyata keçiriləcək, Azərbaycan Respublikası Prezidenti seçkilərinin hüquqi dövlət quruculuğunda mühüm addım olduğunu söyləməyə yetərli əsas var. Seçkilərdə QHT-lərin iştirakı da vacib məqamlardandır. Təşkilatlar seçkilərdə “exit-poll”, müşahidəçilik kimi fəaliyyətlər icra edirlər. “Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərovanın sözlərinə görə, vətəndaş cəmiyyətinin güclü olması dəyər yaradan amillərdən biridir: “Həm işğal dövrü, həm müharibə zamanı, həm də Qarabağımızın azad edildikdən sonrakı zamanda vətəndaş cəmiyyətinin səfərbərliyi nümunə oldu. Bu gün vətəndaş cəmiyyəti daha proaktiv, daha səmərəli, hadisələri qabaqlayan, yeni reallıqlara uyğunlaşan və ən əsası milli mövqeyi ən ümdə məsələ kimi dəstəkləyən etapa qədəm qoyur. Vətəndaş cəmiyyətinin fəlsəfəsinə  şəxsi ambisiyalar, fərdi eqolar yaddır  və dövlət marağından, milli mövqedən üstün heç  nə ola bilməz”.

Hazırladı: Emil SALAMOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR