İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətən müharibəsindən diplomatik masaya - Brüssel uğuru, Minsk Qrupunun iflası...

908 12.04.2022 09:40 KİVDF layihələri A A

Azərbaycan 44 günə hərb meydanında əlini gücləndirməklə danışıqlar stolunda diktə edən tərəfdir; ekspert: “Brüssel görüşündən sonra Ermənistanın bəhanələrinə son qoyulacaq”

Vətən müharibəsindən sonra bəlli idi ki, bizi diplomatik masada uzunmüddətli mübarizə gözləyir. Azərbaycan 44 günə hərb meydanında əlini gücləndirməklə siyasi mübarizəyə üstün tərəf kimi gedirdi. Son ilyarım ərzində Azərbaycanın danışıqlar stolunda diktə edən tərəf kimi iştirakı da göstərir ki, şərtləri biz irəli sürürük, təklifləri də biz veririk, Ermənistan isə yalnız bu tələblər qarşısında seçim etmək məcburiyyətindədir. Bütün bu siyasi dividentin əldə olunması, hüquqi və mənəvi üstünlüyü qazanmağımız məhz müzəffər Ali Baş Komandanın və qalib Ordumuzun sayəsində baş verib.

“Yeni Müsavat” yazır ki, postmüharibə dövründə Azərbaycan bir addım belə geriyə atmayıb. Bizim Soçi və Brüssel görüşlərindən eyni səviyyədə üstün ayrılmağımız, hər dəfəsində İrəvanı sülh sazişinə gətirib çıxaracaq vəziyyətə salmağımız, masadan nəticəli çıxmağımız deməyə əsas verir ki, Ermənistan bütün cığallıqlara baxmayaraq, şərtləri qəbul etməli olacaq.

Bundan əlavə, ötən həftə Rusiyanın baş diplomatı Sergey Lavrovun Minsk Qrupunun ləğv edildiyini açıqlaması 44 günlük azadlıq mübarizəmizdən sonra əldə olunan növbəti zəfər kimi qiymətləndirilə bilər. Bəli, Bakının dediyi kimi oldu, Minsk Qrupu yoxdur, ləğv olunub və onların işini Ordumuz görüb. Bir sözlə, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbəni indi diplomatik meydanda davam etdiririk. Məğlub Ermənistan isə özünə hamilər tapıb danışıqlar prosesində hər nə qədər manevr etməyə çalışsa da, böyük sülh müqaviləsi qaçılmazdır. Bəs bizim analitiklər necə düşünür?

Xəyal Bəşirova İMZA-da vəzifə verildi

Xəyal Bəşirov

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Brüssel görüşünün nəticələri Azərbaycanın diplomatik masada uğurudur: “Paşinyana Minsk Qrupu məsələsini qaldırmaq sanki qadağan edilmişdi və ovqatını pozmuşdu. Onun hərəkətlərindən və görünüşdən də bu sezilirdi. Minsk Qrupu institutu iflasa uğrayıb. Azərbaycan Prezidenti həmişə deyir ki, bu format 30 il fəaliyyətsiz olub, boş bəyanatlar, mənasız səfərlərlə yadda qalıb. Artıq Minsk Qrupunun tarixə qovuşması de-fakto olduğu kimi de-yure təsdiqini tapıb. İndi Azərbaycan 5 bəndlik sülh təklifi irəli sürüb və Ermənistan bu şərtlərlə razışmalı olacaq”.

Ekspertin sözlərinə görə, sadəcə, İrəvan küləyin əsdiyi istiqamətdə siyasət yürüdürdü, onun da zamanı gəldi və Brüssel görüşündən sonra Ermənistanın bəhanələrinə son qoyulacaq: “Odur ki, İrəvan dalana dirənib və sülh sazişi bağlanması istiqamətində ciddi proses getməkdədir. Brüsseldə birgə Sərhəd Komissiyasının yaradılması razılığı da önəmli addımdır və Ermənistanın delimitasiya prosesində bəhanələrini əlindən almış olacaq”.

Asif Nərimanlı yazır...

 Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Qarabağla bağlı Qərb və Rusiyanın yarışı başlayıb: “Hər iki cəbhə öz masasında əldə olunan razılaşmanın icrasına çalışır və hər iki masadakı razılaşmalar bu və ya digər formada Bakının maraqlarına uyğundur. Və bu vəziyyət Azərbaycana təzyiq imkanlarını da azaldır. Moskva ”bizim masada əldə olunan razılaşmalar yerinə yetirilməlidir" desə, Bakı razıdır, analoji hal Qərbə də aiddir. Hər iki cəbhə onu da anlayır ki, Azərbaycanın maraqlarına uyğun olmayan şərtlərdə Bakının alternativi var. Bu baxımdan, tərəflər Ermənistan üzərindən oynayacaqlar. Lavrovun Mirzoyana dedikləri də bununla bağlı idi. Qərbdən də İrəvana müxtəlif vədlərin gəlməsi mümkündür. Maraqlı mənzərədir. Sanki Əliyev kartları paylayıb oyunu izləyir".

Ekspertin fikrincə, Paşinyan etiraf edir ki, Brüsseldə Qarabağın “statusu” məsələsini gündəmə gətirsə də qəbul edilməyib: “Erməni baş nazirin açıqlamalarının ümumi məğzi Brüssel görüşündən razı qalmadığını və bəyanat mətninin Bakının istəyinə uyğun hazırlandığını göstərir. Brüssel razılaşması nəzəri baxımdan maraqlarımıza uyğundur, lakin əvvəlki təcrübə bunun praktikada işləyib-işləməyəcəyini sual altına salır. İrəvan razılaşmaya əməl etməsə belə, Avropa İttifaqının vasitəçiliyi ilə belə bir görüş və razılaşmanın olması Bakının praktiki həll yollarına əl atacağı təqdirdə Avropanın qaşısında arqument portfelini gücləndirir, çünki sülh üçün əlindən gələni edən tərəfdir”.

Emil SALAMOĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR