İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəfa borcu...

2717 08.02.2023 12:19 Media A A

Türkiyənin bütün xəbər məkanında xüsusilə vurğulandı ki, yardıma ilk gələn qardaş Azərbaycanın heyəti oldu, çünki bizim bir-birimizə vəfa borcumuz var

Azərbaycan öz dövlətçilik tarixində hər zaman Türkiyə ilə xüsusi qardaşlıq münasibətində olub. Tariximizin müxtəlif dövrlərində, eləcə də ötən əsrin əvvəllərində, Birinci və İkinci Qarabağ müharibəsində Türkiyə dövləti, xalqı ölkəmizin yanında olub, birgəlik nümayiş etdirib. Eləcə də Azərbaycan xalq, dövlət olaraq Türkiyə xalqının kədərini, sevincini bölüşüb. 

Qardaş ölkədə dəhşətli zəlzələ baş verən anlardan Türkiyə xalqının fəryadına, acısına ilk səs verən Azərbaycan dövləti oldu ki, bu da ölkəmiz adına çox qürurvericidir. Türkiyə mətbuatı bu məsələyə xüsusi önəm verdi, sosial şəbəkələrdə insanlar Azərbaycan xalqına öz təşəkkürünü bildirdi.

Millət vəkili Fazil Mustafa  Türkiyənin yardımına ilk olaraq Azərbaycanın getməsi, onun yanında olmasının dövlətimiz adına qürurverici olduğunu bildirib:  “Türkiyənin faciəsi bizim də faciəmizdir. Xeyli sayda dünyasını dəyişən, yaralı, evlərini itirən çox sayda insan var. Vətəndaşların əmlakına böyük zərər dəyib. Bu hamımız üçün üzücü hadisədir.

Bütün Türkiyənin xəbər məkanında xüsusilə vurğulandı ki, yardıma ilk gələn qardaş Azərbaycanın heyəti oldu, çünki bizim bir-birimizə bir vəfa borcumuz var. Bu borcu yerinə yetirmək olduqca vacibdir, zəruridir".

Millət vəkili Sabir Rüstəmxanlı  dedi ki, qışın bu mövsümündə  bu cür zəlzələnin baş verməsi təbii ki, faciədir: “Türkiyənin bütün dostları, qardaşları bu faciədən təəssüflənir. İndiki zamanda böyük bir yüksəliş dövründə olan, Türkiyə Cümhuriyyətinin 100 illiyi, seçkilərin keçiriləcəyi ərəfədə birdən-birə bu cür faciənin baş verməsi hamımızı yandırır. Zəlzələ Türkiyənin 10 bölgəsini əhatə edir, insanların yatdığı bir zamanda sübh çağında baş verib. Buna görə də dağıntılar altında xeyli insanın olduğu ehtimal olunur. Bu zəlzələ 4-cü dərəcədən yuxarıdır, bu o deməkdir ki, dünya yardıma gəlməlidir. İlk dəstək Azərbaycandan gəldi və bu qürurvericidir.

Türkiyə xalqına böyük keçmiş olsun deyirik. Qardaş Türkiyə bundan əvvəl də daha dəhşətli faciələr yaşamışdı. Ümid edirəm ki, bu bəlanı,  faciəni də geridə qoyacaq, yarasını sarıyacaq. Hesab edirəm ki, zəlzələlər,  təbii fəlakətlər Türkiyə xalqının iradəsini sarsıda bilməz. Ərdoğan başda olmaqla, bütün Türkiyə xalqına başsağlığı verir, ölənlərə Allahdan rəhmət, yaralılara tezliklə şəfa diləyirik!"

“Türkiyə, 200 milyon dünya türklərinin göz dikdiyi bir mərkəzdir, Vətəndir, Turandı!” Bu sözləri isə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu TV Müsavat-ın canlı efirində deyib. Rauf Arifoğlu qeyd edib: “Azərbaycan üçün, Türkiyə üçün, Türk dünyası üçün sınaq günləridir. Türkiyəmiz üçün keçmiş olsun. Həlak olanlara Allah rəhmət etsin, ailələrinə başsağlığı veririk. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib və "hər cür dəstəyə hazırıq" deyib. İnanın ki, bunu sıra nəfərimizə qədər hamımız deyirik. Mən daxil, siz daxil, media qrupumuz, vətəndaşlarımız daxil. Hamımız deyirik ki, Türkiyəmiz üçün hər şeyə hazırıq".

Tənzilə Rüstəmxanlı – Rəsmi İnternet Saytı

Tənzilə Rüstəmxanlı

Azərbaycan Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib:  “İlk öncə həm Türkiyəmizə, həm də xalqımıza başsağlığı verirəm. Çünki bu həm də bizim acımızdır, necə ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub. Biz bunu həm Birinci Qarabağ, həm də Vətən müharibəsində  gördük.  Baş verən təbii fəlakət böyük bir faciə olaraq bütün Türkiyəni bürüyüb. Xeyli sayda itkilər, yaralılar, dağıntılar, dağıntıların altında qalan insanlar var. Bütün bu acılar bizim də ürəyimizdən keçir.

Xatırladım ki, 1999-cu ildə bu cür faciə olmuşdu. Həmin vaxt da Azərbaycan xalqı xalq olaraq Türkiyə xalqının  önünə koşub, qanını, canını verməyə hazır olduğunu bildirmişdi. Mən Azərbaycan Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar Birliyinin rəhbəri olduğumdan yüzlərlə insan sosial şəbəkə üzərindən mənə yazır ki, “biz nə edək, qardaş xalqın necə köməyinə, yardımına yetək?” Biz də çalışırıq ki, onları yönləndirək,  kim əlindən nə gəlirsə etsin.

Türkiyə mətbuatı da yazdı ki, ilk dəstək, yardım Azərbaycan Prezidenti  İlham Əliyevdən, Azərbaycan xalqından gəldi. Qardaşlıq nəyi tələb edirsə, Azərbaycan onu etdi. Əlbəttə ki, digər, o cümlədən türk dövlətləri bu yardıma qoşulacaq. Amma ilk olaraq arama-qurtarma dəstəsi Azərbaycandan getdi, bununla bağlı ilk təyyarə Azərbaycandan havalandı. Türkiyə xalqının bununla bağlı Azərbaycana həssaslığını, duyğusunu sosial şəbəkələrdə gördüm. Türk milləti xalqımıza təşəkkür etdi.

Azərbaycan  xalqı hər zaman Türkiyənin yanındadır. Çox inanıram ki, Türkiyə və xalqımız bu acının öhdəsindən gəlib, onu geridə qoyacaq, bu imtahanın da altından çıxacaq, yaralarını sarıyacaq. Bu, çox böyük fəlakətdir! Türk millətimizin başı sağ olsun deyirəm".

Onu da qeyd edək ki, Azərbaycanda artıq zəlzələdən əziyyət çəkən Türkiyə xalqı üçün yardım kampaniyası başladılıb. “Türkiyə Yüz İli Birlik və Həmrəylik Platforması Azərbaycan” adlı yardım toplama məntəqəsi zəlzələdən əziyyət çəkən insanlara kömək etmək üçün çağırışlar edib.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycançılıq ideyasının təbliği" mövzusunda hazırlanıb.

Hazırladı: Xalidə GƏRAY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR