İnsanlara hürriyət, millətlərə istiqlal!

Urus üçün yumurta

1306 01.02.2024 12:55 Yazarlar A A

Yaxud alman maşını almamaq haqda

Avropa Şurasında məlum səsvermə olanda Almaniyadan 4 deputat da Azərbaycanın əleyhinə çıxıb deyə Milli Məclisin deputatlarından biri təklif irəli sürmüşdür: xalqımız nemes maşınlarından imtina etməlidir. Ancaq sonra camaat baxıb ki, deputatın özü elə nemes maşınında gəzir. Soruşublar o nə pəhriz, bu nə alça turşusu, hörmətli deputat ərz edibdir: siz bilməzsiniz, bunlar dövlət siyasətidir, hökumət mənə bu maşını xidməti istifadə üçün vərmişdir.  

Doğrudan da, hökumət vəribsə nə etmək olar? Bəy verən atın dişinə baxmazlar. Lap olsun “Mersedes”in ən pis, ən axırıncı modeli (ana dilimizdə qəribə hikmətlər var, bəzən “axırıncı” pis məna daşıyan söz olur, bəzən də yaxşı). Maşını yandır, yaxud təzə qanuna görə utilizasiya elə, özün qal payi-piyada. Sonra gərək evə taksi çağırasan - qanun lahiyə və layihələrinin müzakirəsinə çatdırmaq üçün. O da gələ “Primus” çıxa, apara səni vura divara-zada. Nəticədə daha bir dairə deputatsız qala. Bu yaxşıdırmı? Yaxşı deyil. Bizdə dairə deputatsız qaldısa, vəssalam, ömür-billah orada təkrar seçki qayırılmaz. Deyəsən bunu bizdə konstitusiyaya həkk ediblər, yoxsa niyə belə olsun? 

Üstəlik, bizdə kimsə özündə olan nöqsanları tənqid eləsə, stabillik pozular. Biz mütləq başqalarını tənqid etməliyik. Rəhmətlik Sartrın “Başqaları cəhənnəmdir” afyorizmi sanki deputat və məmurlarımızın boyuna biçilmişdir. O baxımdan, əgər deputat alman maşınlarından imtinaya çağırıb özü Neftçalanın “Azsamand” avtomobilini sürsəydi heyrətamiz olardı, dövlətçilik prinsipimiz pozulardı. İndiki halda, Allaha min şükür, sabitlik baş veribdir. 

Həmin sabitlik ənənələri bizi vadar edir ki, Almaniyanı tənqid eləyək, ancaq əski səhiyyə nazirimiz azarlayanda onu “Kəndçilər balnisası”na deyil, məhz nemes klinikalarına yatıraq. (Sözgəlişi, bir ünlü mütəfəkkirimiz də var, həmişə qədim maarifçilərimizi söyər, molla, pir və sairə kimi şeyləri isə xalqa tərifləyər. Təzəlikcə sənətkar qızılcaya yoluxub, lakin nədənsə müalicə üçün Şəkidəki Öskürək pirini yox, Məhəmmədi kəndindəki modul xəstəxananı seçmişdir. Allah şəfa vərsin, nə deyə bilərik). Pis çıxmasın, bizim hətta təhsil nazirimiz də xaricdə oxumuşdur və bununla qürur duyuruq. Əlimizdən ayrı nə gəlir? Atalar demişkən, malına düşdü talan, sən də bir yandan tala. 

Əlbəttə, uğurlarımız var. Məsələn, son məlumatlarda deyilirdi ki, Azərbaycan Rusiyaya toyuq yumurtası satışında lider mövqeyə keçmişdir. Səhv eləmirəmsə, Putinə tək bir ayda 4 milyon yumurta göndərmişik. Ki, qayğanaq eləsin, vursun bədənə. “Dəli Kür” filmimizdə bir epizod var, uşaq kəndə gəlib Qori seminariyasına tələbə yığan rus maarifçisi Çernyayevski ilə yumurta döyüşdürür və deyir: “Urus, bu toyuq bu yumurtanı doğub”. Nədənsə həmin kadrlar yadıma düşdü, bəlkə heç bir dəxli yoxdur. Dəxli olan sitatları həmişə tapmaq olmur ki. 

Yeri gəlmişkən, toyuq-yumurta istehsalçıları təşkilatımızın informasiyasına görə hazırda Azərbaycanda gündəlik 5 milyon toyuq yumurtası istehsal edilir. Xalqımızın gündəlik tələbatı isə 3,5 milyon yumurta imiş, deməli, günə milyon yarım yumurta artıq - yeyilməmiş qalır. Bax, xaricə satdığımız həmin yumurtadır. Axır ki, bu ölkədə neft-qazdan başqa da xaricə satılan nəsə tapıldı. Sevindirici haldır. Qeyri-neft sektorunu inkişaf etdirdikləri üçün toyuqlara dərin minnətdarlığımızı bildiririk. Yoxsa həmişə belə olmayıb ki. İndiki uşaqların yadına gəlməz, biz 1990-cı illərdə Bakıda hətta Hollandiya yumurtası alırdıq. Uzun yol gəldiyindən bəzən onlar lax çıxırdı. Vəziyyət elə qalsa, gərək indi deputatın çağırışıyla holland yumurtasından da imtina edəydik.

Bəyin sözünə nəzirə eləsək, xaricdən nə millət almaq olur, nə də millət vəkili. Maşın alırıq, əvəzinə yumurta veririk. Nağılvari durumdur: dınqır, sazım, dınqır-dınqır... 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR