İnsanlara hürriyət, millətlərə istiqlal!

Ufuk Turganer: “Budəfəki gəlişimdə Azərbaycan insanını daha qürurlu gördüm”

2965 31.08.2022 12:20 Müsahibə A A

“Şuşaya getmək istərdim”

Dünyanın ədalətsizliyinə məruz qalan Türk dövlətlərindən biri də Şimali Kipr Türk Cümhuriyyətidir. Kiprin yunan kəsimini dövlət olaraq tanıyan beynəlxalq birlik illərdir ki, Türk faktorunu görməzdən gəlir, hətta Birləşmiş Millətlər Təşkilatının federasiya təşəbbüsünü belə qəbul etməyərək, Quzey Kipr türklərinə qarşı sanksiyaları qüvvədə saxlayır.

Amma qardaş ölkə bütün bu haqsızlıqlara rəğmən sınmır, usanmır və haqq mübarizəsini davam etdirir. Qardaş Türkiyənin, həmçinin Azərbaycan dövlətinin Kipr türklərinə arxa-dayaq olması isə son nəticədə böyük hədəfə çatmaqda mühüm fürsətlər yaradır, buna əminik.

Avqustun əvvəllərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarla görüşdü və bu, Azərbaycan-Şimali Kipr münasibətlərində yeni mərhələ oldu. Daha sonra cənab Tatarın Azərbaycana səfər edəcəyi ilə bağlı xəbərlər yayıldı. Bütün bu mövzularla bağlı Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin rəhbəri Ufuk xanım Turganerlə müsahibəmizdə bəhs etdik.

“Quzey Kipr Türk xalqı olaraq artıq irəliyə baxmamız lazımdır”

Qeyd edək ki, Ufuk xanım 2016-2020-ci illərdə də Bakıda bu vəzifəni icra etmişdi, daha sonra ölkəsinə dönmüş və QKTC-nin Xarici İşlər Nazirliyinin xarici işlər dairəsi genel müdiri vəzifəsində çalışmışdı.

- Ufuk xanım, sizi yenidən Azərbaycanda görmək çox xoşdur. Sonuncu dəfə sizinlə söhbətimiz 2020-ci ilin iyul ayında olmuşdu, Xarici İşlər Nazirliyində çalışacağınızı demişdiniz. Açığı, sizi tanıyanların bir çoxu sizin yenidən Bakıda, Quzey Kipr Türk Cümhuriyyətinin təmsilçisi olaraq fəaliyyətə başlamağınızı sürpriz xəbər kimi qarşıladılar. Bəs sizin özünüz üçün necə, bu, sürpriz qərar oldu? 

- Yox, mənim üçün sürpriz olmadı, Elşad bəy. Bizim qanunvericilikdə qaydalar var, vəzifə yeri boşalan xarici təmsilçilərə siyahı verilir və seçim etmək tövsiyə olunur. Bakı da bu şəhərlərdən biri idi, mən Bakını seçdim.

- Seçimi özünüz etdiniz?

- Bəli, təbii ki. Mən Şimali Kiprə getdiyim gündən bəri həmişə arzu edirdim ki, yenidən Azərbaycana, Bakıya gəlim.

- Bir il Xarici İşlər Nazirliyində də çalışdınız, eləmi?

- İki il Xarici İşlər Nazirliyində baş direktor olaraq işlədim. 2 il təbii ki, çətin keçdi.

- Təklif olunan digər ölkələr hansı idi? Əgər sirr deyilsə...

- Brüssel də var idi. Amma daha öncə də Brüsseldə vəzifə icra etmişdim. Təbii ki, Azərbaycan daha üstün gəldi.

- Nə gözəl! Bakıdan ayrılarkən arzu-istəkləriniz olmuşdu ki, tezliklə Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun və Qarabağı ziyarət etmək arzunuzu dilə gətirmişdiniz. Sizin buradan gedişinizdən az sonra torpaqlarımız uğrunda müqəddəs savaş başladı və şükürlər olsun ki, Qarabağ azaddır! Yəqin ki, bütün bunları Quzey Kiprdən izləyirdiniz...

- Həqiqətən elədir. İnsanlardakı o sevinci, coşğunu, duyğusal anları həmişə televizorda görürdük və deyirdik ki, kaş biz də o hissləri birlikdə paylaşa bilərdik. Amma biz də Azərbaycan xalqının haqlı qüruruna, mübarizəsinə Şimali Kiprdə dəstək verdik. Artıq bu haqq mübarizəsinin zəfərlə yetişməsinin zamanı gəlmişdi.

- Azərbaycan əsgərinin Şuşada bayrağımızı qaldırmasını necə qarşıladınız, hansı təəssüratlar yarandı?

- Təbii ki, çox qürurlandıq, çox duyğusal bir an idi. Çox şükür ki, texnoloji imkanlar var və biz bəzi türk kanalları vasitəsilə izləyirdik, xəbərdar ola bilirdik bunlardan. Bütün bunların nümayiş olunması çox vacib idi. Quzey Kiprdə biz bu sevinci sizlərlə bərabər yaşadıq. Azərbaycanlı qardaşlarımızın əldə etdiyi bu uğur çox böyük bir uğurdur.

- Ötən illərdəki söhbətlərimizdə həm sizin və həmçinin bizim istəyimiz olmuşdu ki, tezliklə Şimali Kipr Türk Cümhuriyyətində bayraq beynəlxalq səviyyədə dalğalansın və inşallah, növbəti arzumuza da çatacağımıza inanırıq. Bu istiqamətdə proseslər necə gedir?

- İnşallah! Digər ölkələrin mövzuya olan münasibətinə görə Kipr mövzusunda irəliyə getmək çox təəssüf ki, asan olmur. Beynəlxalq arenada özümüzü qəbul etdirmək üçün böyük əmək sərf edirik, mücadiləmizi anlatmağa çalışırıq. İştirak etdiyimiz hər platformada bu işlər həyata keçirilir. Bizim təbii statusumuzun qəbul edilməsi lazımdır. Biz bu nöqtədəyik. Bu günə qədər bütün yollar yoxlanıldı, federasiya üzərində çalışıldı. 50 il ərzində bunun üzərində çalışıldı, amma həmişə rədd edən tərəf yunan tərəfi oldu. Artıq bunun üzərinə getməyin, bu variantın üzərində təkrar israr etməyin bir anlamı yoxdur. Çünki məsələni həll etmək üçün görüşmələr oldu, amma Quzey Türk Kipr xalqı olaraq təbii ki, artıq irəliyə baxmamız lazımdır.

Eyni zamanda sınanmamış, başqa variantlar üzərində dayanmaq gərəkdir. Vacib olan mövzunun, problemin diaqnozunun doğru qoyulmasıdır. Kipr mövzusunun əsası nədir, bunu ortaya qoymaq lazımdır. Kıbrıs adasında iki ayrı dövlət var və Kıbrıs Türk xalqının suverenlik haqqı ilə bərabər beynəlxalq statusa malik olması qaçılmazdır. Digər ölkələrin, beynəlxalq təşkilatların  bunu anlaması lazımdır, bunlar bizim üçün önəmlidir. Bilirsiniz ki, Kipr Türk xalqı illərdir sanksiyaların altındadır. Bu, hər mövzuda qarşımıza çıxan böyük bir əngəldir. İdman yarışmalarında, mədəni fəaliyyətlərdə, səyahətlərimizdə, ticarətlə məşğul olan iş insanlarımızın qarşısına çıxan əngəllər var. Təbii ki, biz dost-qardaş ölkələrin verəcəyi dəstək sayəsində bütün bu problemlərin həllinə nail olmağı arzu edirik, bu, çox önəmlidir.

- Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında təmasların ən üst səviyyəyə qalxması da sevindiricidir. Bir müddət öncə iki ölkə liderləri Konyada bir araya gəldi. Münasibətlərin və əlaqələrin yeni mərhələyə adladığını demək olarmı?

- Prezidentlərimizin bir araya gəlməsi, Türkiyə Cümhuriyyətinin evsahibliyi ilə görüşmələri təbii ki, bizi çox xoşbəxt etdi. Heç şübhəsiz ki, gözləntimiz bu təmasların daha irəliyə aparılmasıdır. Bilirsiniz ki, Azərbaycandan millət vəkilləri, iş insanları, çeşidli qruplar zaman-zaman Şimali Kiprə gəlirlər, ziyarət edirlər və orda yüksək səviyyədə görüşlər keçirirlər. Artıq Azərbaycanda da Şimali Kipr Türk Cümhuriyyətini bir az daha yaxşı tanımaq səyləri göstərildiyi anlaşılır, Şimali Kiprə ziyarətlər bunu göstərir. Bunlar gözəl şeylərdir. Keçmişdə də söylədim: daha çox Şimali Kipr Türk insanı Azərbaycana gəlsin, Azərbaycanı görsün, tanısın. Hazırda Azərbaycandan Şimali Kiprdə ev alan, orada yaşamağa başlayan, evlənən azərbaycanlılar var. Həmçinin universitet oxumaq üçün oraya gedib qalan, iş tapıb işləyən gənclər var. Yəni iki ölkə arasında hazırda əlaqələr var. Bizim arzumuz bu əlaqələrin daha yüksək səviyyəyə gətirilməsi, daha ciddi addımlar atılmasıdır, bunlar üçün çalışacağıq. 

- Şimali Kiprin Prezidenti Ersin Tatarın Azərbaycana səfər edəcəyi barədə xəbər yayıldı. Bu səfər nə zaman reallaşa bilər?

- Təbii ki, münasibətlərin bu şəkildə davam etməsindən çox Şimali Kipr Türk Cümhuriyyəti olaraq məmnun olarıq. İnşallah, önümüzdəki dönəmdə belə bir addım atılacağına ümid edirik.

- Qarabağın işğalda qalması Azərbaycanın Quzey Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanımasında önünü kəsən ən ciddi məsələ idi, şükürlər olsun, artıq torpaqlarımız azaddır. Bundan sonra müstəqilliyin tanınmasına yol açılır, deyə düşünürük. Sizin yanaşmanız necədir?

- Bəli, Azərbaycan üçün daha rahat bir vəziyyətin yarandığını düşünürük.

- Son zamanlar “Bir millət, üç dövlət” deyimi davamlı şəkildə səslənir və bu ifadəni prezident Tatardan da eşitdik.

- Bəli. Hörmətli cumhurbaşqanımızın da dilə gətirdiyi kimi, “üç dövlət, bir millət” ifadəsi daha yüksək səslə sələndirilə bilər. Önəmli olan dövlətlərimizin, insanlarımızın qardaşlıq, dostluq əlaqələrinin hər sahədə - sosial, mədəni, iqtisadi, təhsil və s. inkişaf etdirilməsidir.

- Ufuk xanım, iki il öncəki dönəmlə müqayisədə bu dəfə Bakını necə gördünüz? Müşahidələriniz necədir?

- Biz buradan dönərkən pandemiya idi, sosial məsafə, qadağalar, icazə ilə, SMS-lə bayıra çıxma qaydaları var idi. İndi daha çox qələbəlikdir. Həm də yay mövsümü ilə əlaqədar daha çox turist var. Bakını çox hərəkətli, enerjili gördüm. Təbii, dünyadakı iqtisadi, qlobal sıxıntılar buraya da təsir edib, hər ölkədə belə vəziyyət mövcuddur. Amma yavaş-yavaş bütün ölkələr pandemiyanın təsirlərini geridə qoyaraq, özlərinə gələcəklər, yollarına davam edəcəklər. Budəfəki gəlişimdə Vətən savaşındakı zəfərin təsirindən Azərbaycan insanını daha qürurlu gördüm. Qalib ölkənin qamətləri dik insanlarını, sinəsində medallar olan qaziləri görürəm, bütün bunlar çox gözəldir. Qürurvericidir.

- Şuşaya getmək istərdinizmi?

- Təbii ki, Şuşaya getmək istərdim, inşallah!

- Getmək üçün müraciət etməyi düşünürsünüz?

- Bura gəlməyimin hələ bir ayı tamam olmayıb. Təbii ki, irəlidəki dönəmdə bununla bağlı istəyimizi ifadə edəcəyik.

- Qarabağın yenidən qurulması prosesində Quzey Kipr Türk Cümhuriyyətindən olan mütəxəssislərin, iş adamlarının iştirakı necə, mümkündürmü?

- Nədən olmasın? Bu yenidənqurma planlarında təbii ki, bizim iş adamlarımız da iştirak edə bilər. Kiprli türklərin sahib olduğu, yüksək keyfiyyətlə iş quran şirkətlər var. Onların da bu proseslərdə iştirakı mümkündür.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR