İnsanlara hürriyət, millətlərə istiqlal!

“Türk Dil Qurumunun fəaliyyəti genişlənməlidir” - yazıçıdan təklif

1434 04.08.2022 09:12 KİVDF layihələri A A

Şərif Ağayar: "Bizi doğrudan da dilimizin taleyi maraqlandırırsa, müəllifin dəyərini bilməliyik"

Azərbaycan əsrlər boyu müxtəlif dövlətlərin əsarəti altında olub: ərəb xilafəti, SSRİ və s. Tariximizin böyük hissəsini əhatə edən işğal dövrlərində milli şüurumuz, kimliyimiz daim təhdid altında olsa da, onları qorumağı bacarmış, bu günə çatdırmışıq. Qorumağı bacardığımız, bütün kənar təsirlərə rəğmən hifz edə bildiyimiz həm də dilimizdir. Vətənimizi, milli kimliyimizi dilimizlə tanıdırıq. Milli dilimizin olması nə qədər qürurvericidirsə, ona sahib çıxmaq, daşıyıcıların vasitəsilə zənginləşdirmək də bir o qədər vacibdir.

Yazıçı Şərif Ağayar “Yeni Müsavat”a ana dilinin qorunması ilə bağlı danışarkən bildirib ki, dil inkişaf etdikcə, mənfi xarici təsirlərə məruz qalmır və onu qorumaq da lazım gəlmir. Bunun üçün müəlliflərin dəyəri bilinməlidir: “Mən ana dilini qorumaq ifadəsini başa düşə bilmirəm. Bunu daha çox ana dilini inkişaf etdirmək kimi anlamaq lazımdır. Siz balaca bir araşdırma aparın: mediada və ədəbiyyatda yaxşı müəlliflər necə qiymətləndirilir? Məncə, pis. Dilin əsas daşıyıcısı müəllifdir. Yəni yazıçı və publisistlər. Onlar çox yaza bilmirlər. Hər gün yaza bilmirlər. Əvəzində çox oxuyurlar. İstər tərcümə ədəbiyyatını, istər bildikləri xarici dillərdə orijinal ədəbiyyatı. Analogiyalar apararaq alternativlər yaratmaq imkanı əldə edirlər. Onlar həm də yaxşı redaktor olurlar. Yaxşı yazıçı, yaxşı publisist təkcə öz sahəsi üçün deyil, dilçilik sahəsi üçün də əvəzedilməz sərvətdir. Belə adamların sayı çox olmur. Birdən-birə dilimizlə bağlı ciddi narahat olan adamlar yadıma məşhur cırcırama və qarışqa əhvalatını salır. Qışda donmamaq üçün yayda narahat olmalısan. Bizi doğrudan da dilimizin taleyi maraqlandırırsa, müəllifin dəyərini bilməliyik. Dil canlı orqanizmdir. Onun immuniteti düşəndə zərərli xarici təsirlərə həddindən artıq çox məruz qalır, bəzən isə ölüb çıxıb gedir. Bu prosesdə müəllifi immuniteti qaldıran qiymətli preparata bənzətmək olar. Sırf təşkilati işlərə qalanda, dilin milli korpusu yaradılmalıdır. Detallara varsaq, ilk növbədə Türk Dil Qurumunun fəaliyyəti genişlənməli, saytı gücləndirilməlidir, ictimai sektor aktivləşməlidir, yeni tendensiyalar rəsmi qurumlardan əvvəl cəmiyyətin özündə dövriyyəyə buraxılmalı və müşahidə aparılmalıdır. Ədəbiyyat və digər yaradıcı sahələr sivil qaydalara uyğun təşkilatlanmalı və inkişaf etməlidir, kitab sənayesi çağdaş mütərəqqi dəyərlər üzrə formalaşmalıdır və s.”         

Yazıçı hesab edir ki, xarici dili ana dili kimi qəbul edib öyrənmək soykökündən uzaqlaşma ilə nəticələnə bilər: “Rus dili məsələsi ölkəmizdə xeyli siyasidir. Ona görə bu haqda danışmaq asan deyil. Sadəcə, bunu deyə bilərəm ki, öz ana dilini qoyub rus dili öyrənən adamların müalicəyə ehtiyacı var. Xarici dilləri öyrənmək günün qaçılmaz reallığıdır. Fəqət bu dillərin xarici dil olduğunu qəbul etmək lazımdır. Xarici dili ana dili yerində öyrənirsənsə, manqurtluq başlayıb artıq. Dil çox həssas məsələdir. Sən daşıdığın dilə məxsussan. Vay o günə ki, öz ölkəndə başqasının dilinə məxsus olasan. Belə insanların vətən üçün faydalılıq əmsalı da aşağı düşür. Dilini yaxşı bilmədiyin, hətta hiss etmədiyin xalqı yaxından tanıya bilməzsən. O xalqın nümayəndəsi olsan belə. Tanımadığın bir xalqa isə istəsən belə yaxşı nəsə verə bilməzsən".      

Ş.Ağayar həm dərsliklərdə, həm də digər sahələrdə Azərbaycan dilinə münasibətə dair narahatlığını da dilə gətirdi: “Qeyd etdiyim kimi, müəllifin dəyərdən düşməsi, təşkilati işlərin axsaması, milli korpus bir yana, Azərbaycan Dil Qurumunun ortabab bir redaksiya kimi fəaliyyət göstərə bilməməsi, QHT sektorunun çöküşü, mətbuatdakı ciddi böhran, kitab sənayesinin lazımı səviyyədə olmaması, müasir ədəbiyyat qurumlarının yaranmasına və fəaliyyətinə imkan verilməməsi və s. ciddi səbəblər nəticəyə təsirini göstərir. Təhsilimiz bərbad vəziyyətdədir. Sanki kimsə bizim şagirdlərin yaxşı oxumasını istəmir. Dərsliklər tamamilə siyasiləşib. Kitabları açanda elmdən çox təbliğat görürsən. Dilini inkişaf etdirmək üçün həm də azad olmalısan. Dil həqiqətdən danışanda su kimi çağlayır, sevinir, öz varlığından zövq alır. Çünki onun mayası həqiqətdəndir. Dili yalanlara məhkum edəndə o ekologiyası çirklənmiş mühitdə solub-saralan ağaca bənzəyir. Bu, kimlərinsə işinə yaraya bilər. Amma geniş götürəndə dil də vətəndir. O yoxdursa, biz də yoxuq. Bir xalq ilk növbədə dili ilə mövcuddur. Bu cür tale yüklü məsələ öz marginal maraqları ilə yaşayan xırda insanlara deyil, ciddi mütəxəssislərə tapşırılmalıdır”.

Nigar HƏSƏNLİ

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR