İnsanlara hürriyət, millətlərə istiqlal!

Təzyiqə məruz qalmış jurnalistlər izahat üçün Sabirabada gedə bilməyiblər

927 31.01.2014 12:51 Media A A
Sabirabadda təzyiqə məruz qalmış jurnalistlər izahat üçün çağırılıb.

Prezident seçkiləri ərəfəsində, prezidentliyə namizəd Cəmil Həsənlinin oktyabrın 4-də Sabirabadda seçicilərlə keçirdiyi görüşü zamanı qarşıdurma baş vermişdi. Cəmil Həsənlinin seçicilər ilə görüşünü işıqlandıran bir qrup jurnalist (“Azadlıq” radiosunun bölgə müxbiri Tural Mustafayev, “Azadlıq” qəzetinin əməkdaşları Sevinc Vaqifqızı və Ramin Deko, “Turan” informasiya agentliyinin müxbiri Etimad Budaqov, “Yeni Müsavat” qəzetinin müxbirləri Röya Rəfiyeva, Məhəmməd Türkmən) təzyiqə məruz qalmışdılar. 

Musavat.com-un təzyiqə məruz qalan jurnalistlərdən aldığı məlumata görə, oktyabrın 11-dən etibarən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Sabirabadda döyülən jurnalistlərin hüquqlarını müdafiə etməyi öz üzərinə götürüb. Həmin tarixdən lazımi qurumlara şikayət ərizəsi ünvanlanıb. Mətbuat Şurası bu məsələnin araşdırılması üçün daxili işlər naziri Ramil Usubova müraciət göndərib. 

Zərərçəkmiş jurnalistlərdən biri olan “Yeni Müsavat” qəzetinin reportyoru Məhəmməd Türkmənin verdiyi məlumata görə, onları yanvarın 31-də izahat almaq üçün Sabirabad rayonu prokurorluğuna çağırıblar: “Hadisə 2013-cü ilin oktyabr ayının 4-də baş versə də, bizi izahat almaq üçün indi çağırırlar. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu bu işdə bizə köməklik edir. Biz öz üzərimizə düşən işi yerinə yetirmişik. Əsas tələbimiz, peşə fəaliyyətimizi yerinə yetirərkən bizə qarşı qanunsuz əməllər edənlərin cəzalandırılmasıdır. Bu nə təasdüfdür, nə də hər hansı qarşıdurma zamanı baş vermiş hadisədir. Bu birbaşa biz jurnalistlərə qarşı bilərəkdən edilmiş zorakılıqdır. Bunu edənlər öz cəzalarını çəkməlidirlər. Yanvarın 31-də izahat vermək üçün Sabirabad rayonuna çağırıblar. Ümüd edirəm ki, baş vermiş hadisə bir daha təkrarlanmaz”.

Ancaq jurnalistlərin səfəri baş tutmayıb. Bu haqda jurnalistlərin hüquqlarını müdafiə edən Ruslan Əliyev musavat.com-a açıqlamasında bildirib: “Biz bu gün bir neçə jurnalistlə Sabirabada getməli idik. Amma səfərimiz baş tutmadı. Yağan qar nəticəsində yollar iflic vəziyyətinə düşüb. Havalar normallaşana qədər gözləməli olacağıq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR