İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tezliklə Qərbi Azərbaycana da qayıda biləcəyik”

1316 18.01.2023 11:29 Media A A

Əli Orucov: “Məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaq və məskunlaşdırmaq sürətlə reallaşacaq”

Qarabağa “Böyük Qayıdış” proqramı çərçivəsində görülən işlər durmadan sürətlənir. Artıq hədəf kimi təkcə işğaldan azad etdiyimiz ərazilərə geri dönüş qoyulmayıb, eyni zamanda quldurların yuvasına çevrilən tarixi torpağımız Xankəndini də geri qaytarmaq əsas hədəflərimizdən birinə çevrilib. Dekabrın 12-dən bu günə qədər Laçın-Xankəndi yolunda ekofəalların keçirdikləri aksiya bunun bariz sübutudur.

Onu da qeyd etmək yerinə düşər ki, Qərbi Azərbaycan İcmasının yaradılması da böyük tarixi hadisə olmaqla yanaşı, bu qayıdış prosesin tərkib hissələrindən biri sayılmalıdır.

Əli Orucov: “Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə  təzyiqləri artırmalıdır”

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov prosesin gedişinin qənaətedici olduğunu qeyd etdi: “44 günlük müharibədən sonra Azərbaycan əraziləri məruz qaldığı və dünya birliyinin etinasız yanaşdığı işğaldan azad olundu. Tarixi ədalət tam da olmasa bərpa edildi, xalq-ordu birliyi qarşıya qoyulan birinci mərhələni zəfərlə başa vurdu. Dünya hərb sənətinə yüksək dəqiqlikli silahların tətbiqi ilə yeni müharibə taktikası gətirildi. Döyüş meydanında qazanılan uğuru möhkəmləndirmək üçün rəsmi Bakı diplomatik fəaliyyətini artırdı. Lakin təcavüzkar Ermənistan himayədarlarının bilavasitə dəstəyi ilə həm regionda, həm də bu gün Rusiya sülhməramlıları-hərgah buna sülh məramlı demək də doğru deyil-qüvvələrinin nəzarətində olan ərazilərimizdə təhlükə sovuşmayıb və revanşistlər əlverişli şərait gözləsələr də, Azərbaycanın xeyrinə yaradılan yeni reallıqları dəyişmək qeyri-mümkündür. Bu gün Azərbaycanın qarşısında duran əsas məsələ işğaldan azad olunmuş əraziləri minalardan və digər çirklənmələrdən təmizləmək və məhv edilmiş infrastrukturu bərpa etmək və ya yenidən inşa etməkdir.

Təbii ki, bütün bunlardan sonra məcburi köçkünləri öz doğma yurd yuvalarına qaytarmaq və məskunlaşdırmaq sürətlə reallaşacaq. Bu, çox ağır və uzun bir prosesdir. Bunun üçün böyük resurslar cəlb etmək lazımdır və bu da çox vaxt aparacaq. Bildiyimiz kimi, ilk köçürülmə Zəngilan rayonunun Ağalı kəndinə həyata keçirildi. Bu, işğaldan azad olunmuş torpaqlarımıza gerçəkləşdirəcəyimiz Böyük Qayıdışın ilk addımları idi. Mən proses ləng getsə də, tempin artacağına ümidlə yanaşıram. Məcburi köçkünlər nə qədər tez öz torpaqlarına qayıtsalar, bir o qədər yaxşıdır. Çünki həmin ərazilərdə həyat bərpa edilir, soydaşlarımızın həyat şəraiti müsbətə doğru dəyişir, dövlət həm də artıq yükləmədən azad olur. Doğrudur, müxtəlif üsullarla ermənilər buna mane olmağa çalışırlar. Fürsətdən yararlanaraq Azərbaycanın təbii sərvətlərini talamaqda və yağmalamaqda davam etmək istəyirdilər. Ancaq ekofəalların etiraz aksiyası və rəsmi Bakının qətiyyətli mövqeyi onların bu planlarının da üzərindən xətt çəkdi. Yeri gəlmişkən, Prezident İlham Əliyevin həm 24 dekabrda Qərbi Azərbaycan İcmasının inzibatı binasının açılışı zamanı çıxışında, həm də yerli TV-lərə verdiyi müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycanın aydın və qəti mövqeyini bir daha ortaya qoymaqla yanaşı, eyni zamanda ruhlandırıcı faktor oldu. Təsadüfi deyil ki, erməni cəmiyyətində getdikcə bədbinlik əhval-ruhiyyəsi geniş vüsət almaqdadır. Mən şübhə etmirəm ki, soydaşlarımız Qərbi Azərbaycana da tezliklə qayıda biləcəklər. Ortada milli iradə var. Bu mütləq gerçəkləşəcək. Azərbaycan dövlətinin gücü və qüdrəti bu xəyalları gerçəkliyə çevirməyə yetər".

“Hazırda qədim Şuşa şəhərindəyik. Bir neçə il əvvəl bizə desəydilər ki, doğma torpaqlarımızı bu qədər qısa müddətdə işğaldan azad edəcəyik, bəlkə də inanmazdıq. Amma əmin idik ki, mənfur düşməni torpaqlarımızdan gec-tez qovacağıq. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, ordumuzun qəhrəmanlığı və peşəkarlığı sayəsində artıq dədə-baba torpaqlarımıza qayıtmışıq”.

Bunu Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev Şuşada AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.

Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin növbəti məclisi keçirilib -  AZƏRTAC

Azər Əliyev 

Füsunkar Şuşa şəhərində olmağın unudulmaz təəssürat bağışladığını vurğulayan A.Əliyev bildirib: “Yaşadığım hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm. Otuz ilə yaxın davam edən işğaldan sonra əzəli torpaqlarımıza qovuşmaq olduqca qürurverici hissdir. Ən önəmlisi odur ki, biz doğma Qarabağımıza qalib xalqın nümayəndələri, gəncləri kimi qayıtmışıq. Bununla yanaşı, erməni vandalları tərəfindən dağıdılan şəhər, qəsəbə və kəndlərimizi gördükcə insan dəhşətə gəlir”.

Artıq böyük qayıdışın başladığını qeyd edən A.Əliyev Azərbaycan gənclərinin də bu prosesdə böyük rol oynamaq əzmində olduqlarını vurğulayıb: “Doğma Qarabağa böyük qayıdış prosesi artıq başlayıb və uğurla davam edir. Burada həyata keçirilən nəhəng quruculuq işləri bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycanın gənclər təşkilatlarının üzvləri də bu quruculuq işlərinə böyük töhfələr vermək əzmindədirlər”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış"" mövzusunda hazırlanıb.

Hazırladı: Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR