İnsanlara hürriyət, millətlərə istiqlal!

Teymur Musayevdən Azərbaycan-Türkiyə investisiya forumunda mühüm açıqlamalar

541 21.12.2023 16:48 Səhiyyə A A

Bakıda xalqımızın ümummilli lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilən Azərbaycan-Türkiyə investisiya forumu keçirilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə baş tutan forum çərçivəsində müxtəlif mövzuları əhatə edən panel sessiyalar keçirilib.

Bu barədə Musavat.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.

“Azərbaycanda sağlamlıq turizmin inkişafı perspektivləri” adlı panel sessiyada çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, iki qardaş dövlətin prezidentlərinin rəhbərliyi altında ölkələrimiz arasında strateji əlaqələr dinamik inkişaf edir və müxtəlif sektorlar üzrə birgə tədbirlərin təşkili ənənə halını alır.

Nazir son illərdə qlobal səviyyədə sağlamlıq turizmi və tibbi turizmin rolunun artdığını qeyd edib.

“Dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda turizm sektorunun davamlı inkişafını təmin etmək üçün strateji, institusional və maliyyələşmə mexanizmlərinin gücləndirilməsi əsas fəaliyyət istiqamətlərindən biri olaraq müəyyən edilib”, - deyə nazir bildirib.

Teymur Musayev qeyd edib ki, son illərdə müasir tibbi infrastrukturun qurulması, mütərəqqi texnoloji avadanlıqların tətbiqi və ixtisaslı insan resursları sayəsində Türkiyə Respublikası sağlamlıq və tibbi turizm üzrə beynəlxalq mərkəzə çevrilib.

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz 44 günlük Vətən müharibəsində tarixi torpaqlarımızı işğaldan azad etdi. Hazırda həmin ərazilərdə aparılan bərpa-quruculuq işlərində turizm infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilir. İşğaldan azad olunmuş ərazilər sağlamlıq turizminin, ekoturizmin inkişafında böyük potensiala malikdir”, - deyə Azərbaycanın səhiyyə naziri vurğulayıb.

Çıxışının sonunda Teymur Musayev forumun sektorun gələcək inkişafı baxımından faydalı olacağına ümidvar olduğunu bildirib.

Panel sessiyada, həmçinin Türkiyə Respublikasının səhiyyə nazirinin müavini Şuayip Birincinin, Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini İlqar Qasımovun, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin və digərlərinin çıxışları dinlənilib. Çıxışlarda Azərbaycanın sağlamlıq turizmin potensialı və ondan istifadə imkanlarının genişlənməsi, eyni zamanda Türkiyə təcrübəsinin Azərbaycanda tətbiqinin vacibliyi qeyd olunub.

Forum çərçivəsində “Azərbaycan Respublikasında investisiya imkanları”, “İkitərəfli ticarət dövriyyəsinin artırılmasında nəqliyyat və logistika mərkəzlərinin rolu”, “Yaşıl enerji və “smart city””, “Kənd təsərrüfatı və qida sənayesi sahələrində dialoq: cari çağırışlar və müasir həllər” və “Hərbi-texniki əməkdaşlıqda mütərəqqi texnologiyanın rolu” mövzularında panel sessiyalar keçirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR