İnsanlara hürriyət, millətlərə istiqlal!

“Terror aktından sonra İran gənclərin nifrətini qazandı” - deputat

916 02.02.2023 12:43 Media A A

Tehranda Azərbaycan səfirliyində törədilən xain terror İrana qarşı qəzəb və nifrəti daha da artırıb.

Millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktını şərh edərkən bildirdi ki, İranda törədilən terror aktının dərin kökləri var. O xatırlatdı ki, həm Azərbaycan, həm də İran müsəlman ölkəsidir, lakin təhlil edərkən İranın Azərbaycana qarşı qərəzli münasibətinin şahidi oluruq: “İran tez-tez Azərbaycan haqqında dost, qardaş ifadələrini işlədir, lakin son hadisələr və ondan öncəki proseslər göstərdi ki, İran sözdə bir, əməldə isə tam fərqli münasibət göstərir. Tehranda törədilən terror aktı təsadüfən baş verməyib. İran uzun müddətdir öz mediasında Azərbaycan əleyhinə ciddi təbliğat aparır. Məsələn, "Səhər" kanalında davamlı olaraq həm Azərbaycan xalqını, həm cənab Prezidenti hədəfləyən müəyyən fikirlər söyləyirlər. Hətta zaman-zaman təhqirlər də səslənir. Terror aktı zamanı polisin heç bir reaksiya verməməsi, İran hökumətinin hadisəni məişət zəminində baş vermiş hadisə kimi təqdim etməyə çalışması ikrah doğurur. Digər tərəfdən, şəhid olmuş vətəndaşımızın cənazəsi ən qısa zamanda təhvil verilməli olduğu halda saatlarla hava limanında saxlandı. Bu məsələdən də Azərbaycana qarşı təzyiq kimi, təsir məqsədilə istifadə etmə niyyəti özünü aşkar göstərdi. İran terror dövləti olduğu üçün belə davrandı. İran öz məqsədlərinə nail olmaq üçün hər zaman bu cür təxribatlardan, terrordan istifadə edir. İranın yanaşması belədir ki, Azərbaycan müstəqil dövlət ola bilməz, çünki hər zaman İranın tərkibində olub. Buna görə də Azərbaycanın güclənməsinə imkan vermək istəmir. İran daxili auditoriyada təbliğat zamanı Azərbaycanda sionizmin yayıldığını iddia edir. Daha bir iddia isə guya Azərbaycanda İsrailin hərbi bazalarının olmasıdır. Bu iddianın heç bir əsası yoxdur. Tarixən bir-birinə yaxın və bağlı olmuş iki dövlət arasında münasibətlər bu qədər gərginləşməməli idi. Bunun bilavasitə əsas səbəbkarı İrandır. İran öz siyasətini, yanaşmasını, baxışını dəyişməlidir. Bunu həyata keçirmədikcə belə hadisələr mütəmadi baş verəcək".

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Ceyhun Məmmədov: “Tehran Azərbaycanın güclənməsinə imkan vermək istəmir”

Millət vəkilinin fikrincə, münasibətlərin get-gedə pisləşməsi fonunda yaranan vəziyyətdə ən çox əziyyət çəkən dövlət elə İran özü olacaq: “Zatən Azərbaycanda gənclərin İrana münasibəti heç də xoş deyildi. Terror aktından sonra İran Azərbaycan dövlətinin, xalqının, xüsusilə gənclərimizin nifrətini qazandı. Qərəzli açıqlamalar, bəyanatlar, sözdə bir, əməldə başqa münasibət vəziyyəti daha da gərginləşdirdi. Artıq Azərbaycanda İrana qarşı hər hansı etimad, inam, yaxud xoş münasibətdən söhbət gedə bilməz. Münasibətlərdə inamı bərpa etmək üçün xeyli müddət lazım olacaq”.

C.Məmmədov hesab edir ki, növbəti mərhələlərdə İran yeni təxribatlar törətməyəcək: “Hesab edirəm ki, İran Azərbaycanla münasibətlərin daha da gərginləşməsinə, daha da pisləşməsinə yox, əksinə, normallaşmasına çalışacaq. Eyni zamanda dəstəyini daha çox Azərbaycana göstərəcək. Bu günə kimi İran hər zaman Ermənistanın yanında olub, Ermənistana hər cür yardım edib, dəstək olub. Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror hadisəsindən sonra İran bu yanaşmaya son qoyaraq iki xalq arasında zədələnmiş münasibətlərin normallaşmasına çalışmalıdır. Ümid edirik ki, İran növbəti mərhələdə daha diqqətli olacaq, Azərbaycan xalqına və dövlətinə qarşı təxribatlar törətməkdən çəkinəcək. Azərbaycanın gəncləri də bunu unutmamalı, xatırlamalı, mövqeyini bildirməli, tariximizə, dəyərlərimizə sıx bağlı olmalıdırlar”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusunda hazırlanıb.

Hazırladı: Nigar HƏSƏNLİ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR