Təlim maşınları dayanacağından reportaj - FOTOLAR
Avtomobil sahibi olmaq hər kəsin arzusudur. Ancaq onu idarə etmək də bir uşağın əlifbanı öyrənməsi qədər çətindir. Bunun üçün sürücülük kurslarına getmək birinci şərtdir. Orada istənilən nəticə əldə edilməzsə növbəti variant təlim maşınlarıdır. Paytaxtın müxtəlif yerlərində 1 saatı 20 manata təlim maşını tapa bilərsiniz. Bu sayədə avtomobil idarə etməyi nəzəri deyil, praktiki şəkildə öyrənəcəksiniz. Burada sizin bacarığınız qədər təlimçinin təcrübəsi də önəmlidir. Təlim maşınları necə fəaliyyət göstərir və onları harada tapmaq mümkündür? Musavat.com-un müxbiri bu sualın izi ilə "Gənclik" metrostansiyası yaxınlığında təlim avtomobillərinin dayandığı dayanacağa baş çəkib və təlimçilərlə söhbət edib.
Dayanacaqda 50-dən çox təlim avtomobili yanaşı düzülərək müştəri gözləyirlər. İlk baxışdan hər növ avtomobilə rast gəlmək mümkündür. Təlimçilər deyir ki, kim hansı markalı maşının arzusundadırsa, təlim zamanı da həmin avtomobildən istifadə etməlidir. "Mersedes", "Opel"," Hunday", "Mitsubişi" markalı maşınlar sürücülük öyrənmək istəyənlərin əsas seçimidir.
Qeyd edək ki, təlim maşınlarının əsas özəlliyi sükan arxasında tələbənin olmasına baxmayaraq, təlimçinin ayağında da idarəetmə qurğularının olmasıdır. Bununla təlimçi avtomobili qəzalardan sığortalayır.
Təlim maşınları haqqında ətraflı məlumat almaq üçün 25 illik sürücü təcrübəsi olan təlimçi Əhməd Nabatovla həmsöhbət oldum. Müsahibim deyir ki, 16 yaşından başlayaraq sürücülük kurslarına tələbə cəlb olunur, elə təlim avtomobillərini idarə etmə icazəsi üçün də 16 yaşın tamam olması əsas şərtdir: "16 yaşdan yuxarı şəxslər üçün sürücülük təlimləri keçirik. Qadınlar da, kişilər də təlimlərdə iştirak edirlər. Bəzən elə hallar da olur ki, valideynlər 12-13 yaşlı övladlarını sürücülük kurslarına gətirirlər. Lakin bu yolverilməzdir, qanunla qadağandır. 16 yaşdan aşağı uşaqlar təlim keçə bilməz. Bu cür qanunsuz iş görənlər cərimələnirlər. Ümumiyyətlə uşaqları təlimə gətirmək düzgün deyil. Qavrama baxımında da hazır olmurlar".
Təlimin qiymətinə gəlincə, bu saatla hesablanır. Sürücülük təlimlərinin saatı adətən 20 manatdan başlayır, avtomobilin markasından və qiymətindən asılı olaraq dəyişir: "Təlim zamanı əsasən Bakıdan kənara çıxmırıq. Elə təlimçilər var öz aralarında müştərilərlə aşağı qiymətə razılaşırlar. Əslində bu düzgün deyil. Standart qiymət olmalıdır. Təlim keçmək çox diqqət və məsuliyyət tələb edən işdir. Avtomobilinizi bəzən sürücülükdən heç bir anlayışı olmayan, sükan arxasına keçərkən həyəcandan əli-ayağı əsən şəxslərə etibar edirik. Bu zaman həm təlimçi, həm də psixoloq olmalısan. Bəzən yarım saatı 10 manata təlimlərimiz də olur".
Müsahibim deyir ki, ilk dəfə gələn şəxsi öncə idarə edəcəyi avtomobillə tanış edir: "Sürət qutusunun idarə olunmasını başa salırıq. Yerində işə salınma, önə, geriyə hərəkət etdirmə, güzgülərlə işləmə, park etmə və sair kimi qaydaları öyrədirik. Tələbə 2-3 dərs təlim maşınları üçün nəzərdə tutulmuş ərazidə bu qaydaları təkrarlayır. Növbəti dərslərdə tələbələri magistral yola çıxmaq üçün psixoloji təlimlər keçirik. Bu təlimlər sərbəst olmaq üçün çox vacibdir. Şəhərin magistral yollarında təlimlərə başlayanda qarşıya çıxan yol nişanlarını tələbəyə başa salırıq. İşıqforlardan istifadə, yolayrıclarından keçmə, ötmə əməliyyatı, dönmələr, yol vermə, sürət həddi və digər lazımı nişanları tələbəyə başa salırıq.
Qeyd edək ki, sürücü olmaq istəyən tələbənin bunu neçə dərsə öyənməsi onun özündən asılıdır. Bəzən 10, bəzən isə 20 və daha çox təlim ilkin sürücülük təcrübəsi üçün kifayət edir.
Təlimçilərlə apardığımız söhbətdən məlum oldu ki, son zamanlar avtomobil bazarındakı durğunluq onların da işinə təsir edib. Yeni avtomobil alanların sayı azaldığından təlimlərə də həvəs azalıb. Əvvəllər gün ərzində 4-5 nəfər tələbə gəlirdisə, indi bir nəfər tapmaq belə çətindir.
Məğrur Salmanov
Fotolar müəllifindir






