İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Ölkədə koronavirus və qızılca tüğyan edir - Həkimdən HƏYƏCAN TƏBİLİ

1941 06.01.2024 15:30 Səhiyyə A A

Adil Qeybulla: “Qızılca virusunun yeni xassəsi təkcə vaksin olunmamaqla bağlı deyil...”

Azərbaycanda son günlər insanlar arasında virus infeksiyaları yayılmaqdadır. Əhali arasında əsasən koronovirus və qrip viruslarının yayıldığı bildirilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus da bir gün öncə deyib ki, bir çox ölkədə koronavirus və qripin yaratdığı tənəffüs yoluxucu xəstəliklərin sayı artmaqdadır. Bunun bayramlardan sonra da davam edəcəyi gözlənilir. O qeyd edib ki, maskalardan, havalandırmadan mütəmadi istifadə etmək lazımdır.

Digər tərəfdən qızılca virusu da canlar almaqdadır. Belə ki, Şəkidə 6 yaşlı uşaq xəstəxanada ölüb. Sarıca kənd sakini, 2017-ci il təvəllüdlü Y. M. müalicə olunduğu Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində dünyasını dəyişib. Azyaşlının xəstəxanada qızılca xəstəliyindən müalicə olunduğu bildirilir.

Yanvarın 4-də isə Cəlilabadda tələbə qızılca xəstəliyindən vəfat edib. Rayonun Sabirabad kənd sakini Sevil Cabbar qızı İbayeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Məlumata görə, o, ötən ayın 26-da xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış.

Xəstəliklər niyə bu qədər artıb? Hazırda epidemioloji vəziyyət necə dəyərləndirilir? Pandemiya geri qayıdırmı? Qızılcadan ölüm sayları niyə çoxalır?

Tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a fikirlərini açıqlayıb:

image_750x_641158d202370.jpg (52 KB)

“Qış fəslində əvvəllər də, pandemiyadan öncə müxtəlif virus infeksiyalarının fəallaşması baş verirdi. İndi situasiyanı ağırlaşdıran təbii ki, pandemiyadan sonrakı dövrdür. Pandemiya bitsə də, onun yenidən yaranma təhlükəsi yoxdur, çünki infeksiya zənciri qırılıb. Xeyli insanda da immunitet yaranıb, xəstələnib sağaldıqları üçün və vaksin olunduqları üçün. Ona görə də pandemiya bitmiş sayılır. Amma epidemiya hələ davam edir, epidemik ocaqlar var. Koronavirusun SARS-2, Omikron ştamlarının mutasiyaları hələ davam edir. Lakin bu pandemiyanın yenidən yaranmasına səbəb ola bilməz. Bir müddət sonra virus yoxa çıxacaq, yaxud da koronovirusun əvvəlki kimi insanda soyuqdəymə yaradan növləri kimi qalacaq.

Qızılca virusuna gəlincə isə professor dedi ki, görünən odur ki, qızılca bu gün özünü yeni formada büruzə verir:

“Qızılca virusunun yeni xassəsi təkcə vaksin olmamaqla bağlı deyil. Bütün dünyada bununla bağlı işlər aparılır. Düşünürəm ki, koronovirus pandemiyasının buna təsiri var. İmmun sisteminin təlatümləri bu cür viruslara yol açır. Neçə müddət öncə də demişəm, əgər Azərbaycanın bir neçə rayonunda artıq problemlər varsa, o deməkdir ki, situasiya epidemik vəziyyət kimi dəyərləndirilməlidir. Ona uyğun da karantin tədbirləri görülməlidir”.

Həkim əlavə edib ki, modul tipli xəstəxanalar da açılmalıdır:

“Bu xəstələrin izolyasiyası, onların müalicəsinin davam etdirilməsi, itkilərin az olması baxımından vacibdir. Bu baxımdan müəyyən karantin tədbirləri görülməlidir. Hər halda gigiyena qaydalarına ciddi riayət edilməlidir. Xəstələnən şəxslərin izolyasiyası ən azı ev şəraitində aparılmalıdır. Lazım olarsa, həkim müayinəsindən sonra onların xəstəxanaya transferi məsələsi də müəyyən edilməlidir”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR