İnsanlara hürriyət, millətlərə istiqlal!

Teatrlar yeni mövsümə köhnə repertuarla başlayır

805 15.09.2023 08:38 Mədəniyyət A A

Ssenari yoxdur, yoxsa yeni ssenariyə ayrılacaq maddi vəsait?

Teatrlar artıq yeni mövsümü açıq elan ediblər. Yeni mövsümdə olacaq repertuarları izləyəndə aydın olur ki, bu dəfə də teatrlar köhnə ənənəsinə sadiq qalaraq, köhnə repertuarla tamaşaçıların qarşısına çıxacaq. Yəni bu dəfə də teatrsevərlər yeni tamaşaların üzünə həsrət qalacaq.

Məsələn, ölkənin ana teatrı sayılan Akademik Milli Dram Teatrı bu dəfə də sentyabrın 15-də mövsümü İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında yazılmış “Qarabağnamə” əsəri ilə açacaq. Teatr illərdir ki, mövsümü yalnız bu əsərlə açır, Qarabağ işğal altında olanda da, işğaldan azad ediləndə də. Əlbəttə ki, İlyas Əfəndiyevin “Qarabağnamə”si möhtəşəm əsərdir. Əsər XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədov, səhnə alan aktyorlar Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Kazım Abdullayev və digərləridir. Amma Qarabağ mövzusunda və yaxud Zəfərimizlə bağlı yeni ssenari səhnələşdirilə bilməzdimi? Maraqlıdır, ssenari yoxdur, yoxsa yeni ssenariyə ayrılacaq maddi vəsait?

Teatrın digər sentyabr tamaşaları bunlardır: C.Məmmədquluzadənin  “Ölülər”, “Dəli yığıncağı”, M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, İ.Əfəndiyev “Xurşidbanu Natəvan”, Q.Çoxeli “Küknarlara məktub”, Ə.Əmirli “Ah, bu uzun sevda yolu”, Ç.Aytmatov “Manqurt”, E.Flippo “Filumena Marturano”, C.Zeynalov “Şükriyyə” əsərləri.

Azərbaycan Dövlət Akademik Musiqili Teatr da mövsümü köhnə tamaşalarla açacaq. Belə ki, teatr sentyabrın 16-da mövsümü Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşası ilə açacaq. Teatrın sonrakı sentyabr tamaşaları isə bunlardır: “O olmasın, bu olsun”, Tofiq Quliyevin yubileyinə həsr olunmuş “Bəxtiyar” iki hissəli komediya, Fikrət Əmirovun musiqiləri əsasında “999-cu gecə”, Elçinin hekayələri əsasında “Baladadaşın toy hamamı”, S.Rüstəmovun “5 manatlıq gəlin” əsəri.

Paytaxtın digər populyar teatrlarından biri olan Gənc Tamaşaçılar Teatrı isə bu il mövsümü yeni, İlqar Fəhminin “Balaca kişilər” tamaşası ilə açacaq. Sonrakı digər tamaşalar isə A.Tolstoyun “Buratinonun macəraları”, Şekspirin “Romeo və Cülyetta”, Anım Gününə həsr olunan, Ü.Heydərovanın “İnanıram”, P.Züskindin “Kontrabas”, P.Cullifordun “Şirinlər”, Şekspirin “III Riçard” əsərləridir.

Bəs səbəb nədir? Teatrlar niyə yeni əsərlərə, dramaturqlara müraciət etmir?

Səməndər Rzayevin qızı: “Atam onun ölüm hökmünü ləğv etdirdi” – Müsahibə

Rübabə Rzayeva 

Mövzu ilə bağlı teatrşünas Rübabə Rzayeva “Yeni Müsavat”a danışıb: “Təbii ki, bu sualı teatrlar verib, cavab almaq lazımdır. Çünki bu, çox vacib məsələdir. Belə ki, repertuar məsələsi illərdir ki, problem olaraq qalır. Üstəlik, bu problem yeni əsərlərin səhnəyə qoyulması ilə bağlı deyil, məsələn, bəzən görürük ki, Akademik Milli Dram Teatrına Musiqili Teatrın əsərini gətirib, səhnələşdirirlər. Halbuki hər teatrın özünə məxsus estetikası var və əvvəllər bu məqamlar qorunurdu, indi isə qorunmur.

Bir çox teatrlar tamaşaçını cəlb etmək üçün yüngül əsərlərə üstünlük verməyə başlayıb. Məsələn, çox təəssüf ki, Rus Dram Teatrında əsasən bu cür tamaşalar səhnələşdirilir.

Əlbəttə ki, bu məsələ təkcə teatrdan deyil, ümumi abu-havadan asılıdır. Təkcə teatrlar deyil, televiziyalar da daha çox şouya, əyləncələrə üstünlük verir. Yəni izləyici kütləsi toplamaq üçün müxtəlif yollara əl atırlar ki, bu da həmin yollardan biridir.

Repertuar dəyişəndə həmin repertuara uyğun aktyorlar, rejissor, yeni dekorasiya olmalıdır ki, bütün bunların da hamısı maddi vəsait tələb edir. Belə başa düşürəm ki, bu, az vəsaitlə daha çox pul qazanmaq istəyindən  irəli gələn məsələdir. Amma böyük yanlışdır və teatrın inkişafına çox pis zərbə, balta vurur. Nə qədər səhnəyə yeni, maraqlı tamaşalar gəlsə, teatr da bir o qədər çox inkişaf etmiş olar və daha çox qazanc əldə edilər. Yəni tamaşaçı yeni tamaşaya gəlməyə can atacaq. Görünür ki, işləmək, özlərinə əziyyət vermək istəmir, yeni dramaturqlarla əməkdaşlıq etməkdən çəkinirlər. 

Məsələn, Akademik Milli Dram Teatrı illərdir ki, mövsümü “Qarabağnamə” əsəri ilə açır. Bu əsərə nə qədər baxmaq olar? Əlbəttə ki, Qarabağ hamımızın gözünün işığıdır, çox sevinirik ki, işğaldan azad olundu, amma burada söhbət sənətdən gedir. Qarabağla bağlı başqa əsəri səhnəyə qoymaq olardı. Təsəvvür edin, illərdir ki, eyni əsər, eyni aktyorlar, eyni estetika, ritorikadır. Əlbəttə ki, tamaşaçı bu eynilərdən bezəcək, yorulacaq və teatra gəlməyəcək. Köhnə klassik əsərlərimiz var ki, bu günlə səsləşir, çox maraqlıdır. Amma onları yeni formatda qoymaq, təqdim etmək lazımdır".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR