İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış vəkil Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin məhdudlaşdırılmasından yazdı  

787 28.03.2024 15:35 Ölkə A A

 

 Tanınmış vəkil Əkrəm Həsənov ötən il yaşanan, ictimaiyyətin gözündən yayınan, lakin hüquqşünaslar arasında müzakirə olunan bir hadisə barədə fikirlərini açıqlayıb.

 Musavat.com Əkrəm Həsənovun Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin məhdudlaşdırılması və bunun səbəblərini izah edən statusunu qısa ixtisarla təqdim edir.

Əsas təhlükə mənbəyinə Konstitusiya Məhkəməsi özü çevrilmişdi!

Belə ki, 25 iyul 2023-cü il tarixdən Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarı üzrə şikayətə yalnız o halda baxa bilir ki, həmin qərarın özü qanunsuz (məsələn, Konstitusiyaya zidd) qanuna əsaslanır. Ona qədər isə faktiki olaraq Konstitusiya Məhkəməsi Ali Məhkəmənin istənilən qərarı üzrə şikayətə baxıb onu ləğv edə bilirdi. Bir növ, Konstitusiya Məhkəməsi sonuncu instansiya məhkəməsinə çevrilmişdi və istədiyini edə bilirdi. Bəzi hallarda həqiqətən də Ali Məhkəmənin əsassız qərarlarını ləğv edirdi. Bəzən isə əksinə, əsaslı qərarları ləğv edirdi. Bunun səbəbləri barədə azərbaycansayağı müxtəlif şayiələr də gəzirdi. İş o yerə çatmışdı ki, Konstitusiya Məhkəməsi hətta illər əvvəl qəbul edilmiş və barəsində şikayət müddəti bitmiş qərarları da ləğv etməyə başlamışdı. Bir sözlə, məhkəmə qərarlarının sabitliyi üçün əsas təhlükə mənbəyinə Konstitusiya Məhkəməsi özü çevrilmişdi.

...son iki qərar göstərdi ki, özbaşınalıq davam edir!

Məhz buna görə də ötən il Ali Məhkəməyə yeni sədr təyin olunandan sonra məhkəmə sistemindəki anormal vəziyyətə son qoyuldu. Səlahiyyətlər dəqiq bölüşdürüldü. Ali Məhkəmə sistemin əsas fiquru oldu (o cümlədən Ədliyyə nazirliyinə münasibətdə də), Konstitusiya Məhkəməsinin səlahiyyəti isə sırf qanunlara şərh vermək və Konstitusiyaya uyğunluğunu yoxlamaqdan ibarət oldu. Elə bildik ki, bununla da məsələ bitdi (buna görə də məsələni açıb ağartmadıq, necə deyərlər, yıxılanı baltalamadıq). Lakin elə ötən ilin sonunda Konstitusiya məhkəməsinin qəbul etdiyi son iki qərar göstərdi ki, özbaşınalıq davam edir. Həmin qərarlar barədə aşağıda çox qısaca (hamının başa düşməsi üçün) məlumat verirəm.

  1. 26 dekabr 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Qərarla Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrini qüvvədən düşmüş hesab edərək vərəsəlik institutunu alt-üst edib.

İndiyədək Azərbaycanda vərəsə mirası 3 ay ərzində qəbul edə bilərdi. Bu müddət 6 ayadək uzadıla bilərdi. Üzrlü səbəblər olduqda isə məhkəmə müddəti daha da uzada bilirdi. Yəni hər bir halda mirası qəbul etmək üçün müddət tələbi var idi.

Konstitusiya Məhkəməsi isə son Qərarında hesab edib ki, guya mirasın qəbulu üçün müddətin mövcudluğu mülkiyyət hüququnu pozur. Buna sübut kimi Türkiyə təcrübəsinə istinad edir. Həqiqətən də Türkiyənin hüquq sistemində yanaşma bu cürdür. Həmin mövqenin də kökü İsveçrə və daha da əvvəl Almaniya hüququna söykənir. Çünki həmin ölkələrdə vərəsə müəyyən müddətdə mirasdan imtina etmədiyi halda onu qəbul etmiş hesab olunur.

Lakin dünyada bu, yeganə yanaşma deyil. Belə ki, məsələn, Fransa və Rusiyada əks yanaşma mövcuddur: miras müəyyən müddətdə (Fransada 10 il, Rusiyada isə bizə bənzər) qəbul edilmədikdə, qəbul olunmamış hesab olunur. Eyni zamanda mirasdan əqd formasında imtina da mümkündür.

Azərbaycanda da məhz bu model (Fransa-Rusiya modeli) qəbul olunub. Tam qüsursuz qəbul edilməyib əlbəttə. Konstitusiya Məhkəməsi də indiyədək qəbul etdiyi qərarlarında bu qüsurları (boşluqlar, ziddiyyətlər və s.) aradan qaldırmaqla məşğul olub. Amma son Qərarında Konstitusiya Məhkəməsi modelin özünü dəyişib. Bununla da qanunvericinin səlahiyyətlərinə müdaxilə edib. Konstitusiya Məhkəməsi hüquq norması yaratmamalıdır, onları şərh etməlidir.

Konstitusiya məhkəməsi qaş düzəltdiyi yerdə vurub göz çıxarıb!

Faciə həm də ondadır ki, qərarla mövcud olmuş model məhv edilsə də, ondan irəli gələn bir sıra müddəalar (məsələn, irsi transmissiya institutu) qüvvədə qalıb. Nəticədə Konstitusiya Məhkəməsi qaş düzəltdiyi yerdə vurub göz çıxarıb. Xeyli problem və sual yaranıb. Məsələn, miras qoyanın bütün vərəsələrinin dairəsini kim müəyyən etməlidir ki, miras düzgün bölüşdürülsün? Bunu notarius edəcək? Necə? Hansı müddət ərzində? Hansı normalara əsaslanacaq? Vərəsələri müəyyən edənədək miras əmlakın taleyi (saxlanması, idarə olunması) necə olacaq? Bir sıra əmlak illərlə yiyəsiz qalsa, necə olacaq? Yaxud da əmlaka faktiki bir vərəsə sahib çıxsa, digəri isə onun saxlanması və idarə olunması üçün tədbir görməsə, nə baş verəcək?

...qanunvericinin səlahiyyətini mənimsəyib və xaos yaradıb!

Bu kimi suallar çoxdur. Böyük ehtimalla təcrübədə bundan sonra daha çox sual və problem yaranacaq. Çünki model dəyişkliyi bir normanın ləğvindən ibarət ola bilməz, əks halda, xeyli boşluq yaranacaq və yarandı da. Buna sistemli yanaşmaq lazım idi. Almaniya-İsveçrə-Türkiyə modelinin bir normasını qəbul edərək, Məcəllədə Fransa-Rusiya modelinə xas olan digər normaları saxlamaq olmaz. Bu da həmçinin ona dəlalət edir ki, Konstitusiya Məhkəməsi qanunvericinin səlahiyyətini mənimsəyib və xaos yaradıb.

Maraqlısı həm də odur ki, Konstitusiya məhkəməsi indiyədək vərəsəlikdə müddətin qəbulu ilə bağlı tam fərqli qərarlar qəbul edib. Məsələn, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il Qərarında əks mövqe təsbit olunub: “Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir”.

Yeni Qərar isə həmçinin belə əsaslandırılır: “Hüquqi dövlətin əsas prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə görə isə hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalıdır. Şəxs hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını əvvəlcədən bilməlidir. Yalnız bu halda o, üzərinə düşən öhdəlikləri qabaqcadan görə və davranışını tənzimləyə bilər. Hüquqi müəyyənlik tələb edir ki, normalar proqnozlaşdırıla bilən olsun, fərdlər bütün hərəkət və davranışlarında dövlətə etibar edə bilsin, dövlət isə bu inam hissini sarsıdan hüquqi tənzimləmədən çəkinsin”.

24 ildir ki, Azərbaycanda hər bir hüquqşünas bilir ki, mirasın qəbulu müddəti mövcuddur. Burada qeyri-müəyyən, proqnozlaşdırıla bilməyən heç nə yoxdur. İndiyədək bütün məhkəmə aktları, o cümlədən Konstitusiya Məhkəməsinin qərarları da bu modeli rəhbər tutub. Son Qərarın özündə də vurğulanır ki, baxılmış iş üzrə “İddiaçı tələbini belə əsaslandırmışdır ki, anasının dəfn mərasiminin təşkilində iştirak etməklə mirası qəbul etdiyini nümayiş etdirmiş, bu səbəbdən miras əmlakda məcburi payı olsa da, cavabdeh miras qalmış əmlakın bölünməsindən imtina etmişdir.”

Yəni hətta Qərarın aid olduğu işdə də vətəndaş (iddiaçı) mirasın qəbul müddətini bilmədiyini, yaxud da həmin müddətin mövcudluğunun ədalətsiz, qanunsuz və s. olduğunu iddia etmir. Sadəcə deyir ki, guya müddət tələbinə riayət edib.

Ümumiyyətlə, indiyədək mövcud olmuş modelin yanlış olması haqda heç bir elmi araşdırma, ictimai müzakirələr və s. olmayıb. Bəzən sadəcə vurğulanıb ki, 3 və 6 aylıq müddət çox qısadır, milli mentalitetə uyğun deyil və s., buna görə də onu uzatmaq lazımdır. Bu da yalnız Mülki Məcəllənin təkmilləşdirilməsi əsnasında mümkün ola bilərdi.

Buna görə də, əksinə, Qərardakı mövqe vərəsəlik üzrə normaları qeyri-proqnozlaşdırılan etdi. Həmçinin ona görə ki, Qərarda deyilir ki, “bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır.

Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.”

Bu yanaşmanın özü ziddiyyətlidir. Bir tərəfdən, “Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağı” və  “mülki dövriyyənin sabitliyinin təmin olunması”nın vacibliyi vurğulanır. Buna görə də qeyd olunur ki “Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır”.

Digər tərəfdən isə deyilir ki, Qərar “qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır”. Niyə? Məgər həmin mübahisələrin tərəfləri üçün bu Qərardakı mövqe proqnozlaşdırıla biləndir? Əlbəttə ki, yox. Həmin mübahisə tərəfləri üçün də bu mövqe gözlənilməzdir. Çünki heç kəs mirasın qəbul müddətinin mövcudluğunu mübahisələndirməyib.

Bir sözlə, Qərar qanunsuz, habelə hüquq elminə və sağlam məntiqə zidd olaraq vərəsəlik hüququnu alt-üst edib. Konstitusiya Məhkəməsi isə qanunvericilik hakimiyyətini mənimsəyib.

Bunu yalnız qanun edə bilər!

 

  1. 28 dekabr 2023-cü il tarixli “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərarla Ali Məhkəmənin qərarını ləğv edərək Konstitusiya Məhkəməsi faktiki olaraq daşınar əşyaların bağışlanması müqaviləsi üçün yazılı formanın mütləq olması tələbini müəyyən edib. Halbuki, Mülki Məcəlləyə görə şifahi forma da kifayət edir. Axı kim daşınmaz əşya (məsələn, saat, telefon və s.) hədiyyəsini yazılı müqavilə ilə rəsmiləşdirir?

İşin qısaca mahiyyəti belədir. Boşanmadan sonra arvad məhkəməyə müraciət edərək birgə nikah dövründə alınmış mənzilin bölünməsini tələb edib. Ər bildirib ki, mənzil anasının pul hədiyyəsi hesabına alınıb və arvadın orada payı yoxdur. Məhkəmələr (Ali Məhkəmə daxil) də kişinin tərəfini tutub. Mövqe əlbəttə ki, səhvdir. Çünki kişi mənzilin məhz anasının verdiyi pul hesabına alındığını sübut edə bilməyib. Bununla belə, yuxarıda qeyd etdiyim kimi, ötən ilin 25 iyulundan etibarən Ali Məhkəmənin belə (qanunu düzgün tətbiq etməyən) qərarlarından konstitusiya şikayəti vermək mümkün deyil.

Bununla belə, qadın şikayət verib və Konstitusiya Məhkəməsi də əcaib mövqe sərgiləyib: guya bağışlanma müqaviləsinin yazılı formasına dair tələbin olmaması Konstitusiyanın mülkiyyət hüququna dair 29-cu maddəsinə ziddir. Halbuki, həmin maddədə əqdlərin formasına dair heç nə deyilmir. Beləliklə, Konstitusiya Məhkəməsi özbaşınalıq edərək qanunvericilik səlahiyyətini mənimsəyib və ailə münasibətləri müstəvisində daşınar əşyaların bağışlanması müqaviləsinə dair yazılı forma tələbi təsbit edib. Bunu yalnız qanun edə bilər! Konstitusiya Məhkəməsi yox!

Konstitusiya Məhkəməsi ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır...

Bəli, Konstitusiya Məhkəməsi deyə bilər ki, səlahiyyətini aşmaqda məramı Ali Məhkəmənin ədalətsiz qərarını dəyişmək olub. Lakin ədalətsizliyi daha böyük ədalətsizliklə dəf etmək olmaz! Söhbət sadəcə Konstitusiya Məhkəməsi tərəfindən qanunvericilik səlahiyyətlərinin mənimsənilməsindən getmir. Problem həm də odur ki, bir daha hüquq sisteminin institutları alt-üst edilib. Özü də bu Qərarlar Məhkəmə yalnız bir qadına kömək etmiş oldu. Çünki keçmiş əri anası ilə bağışlanma müqaviləsini yazılı formada bağlamamışdı. Bundan sonra arvadının payını vermək istəməyən ərlər anaları ilə yazılı müqavilə də bağlayar, vəssalam!

Lakin ən böyük problem odur ki, bu Qərarı ilə Konstitusiya Məhkəməsi göstərdi ki, səlahiyyətlərinin məhdudlaşdırılması ilə razı deyil və Ali Məhkəmənin qərarlarını ləğv etmək üçün qanunları istədiyi kimi, o cümlədən tam əsassız və zərərli şəkildə şərh etməyə də hazırdır. Onsuz da bərbad olan hüquq sistemimizi daha da pis günə qoymaq bahasına və qanunvericilik səlahiyyətlərini aşkar mənimsəmək yolu ilə. Bu isə artıq ciddi qanun pozuntusudur və istisna deyil ki, qeyri-sağlam maraqlardan irəli gəlir. Bir sözlə, nə qədər qeyri-adi səslənsə də, Konstitusiya Məhkəməsi ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır...

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR