İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış iqtisadçıdan dollar-manat kursu ilə bağlı xəbərdarlıq

9912 29.07.2017 08:10 İqtisadiyyat A A

Vüqar Bayramov: “Növbəti iki ay və dekabr Mərkəzi Bank üçün çətin olacaq”


Dolların rəsmi məzənnəsi manat qarşısında cüzi olaraq ucuzlaşıb. Belə ki, Azərbaycan manatının iyulun 28-nə olan məzənnəsi 1 ABŞ dollarına görə 1,7009 manat səviyyəsində müəyyən olunub. Ümumilikdə milli valyutanın yay aylarında sabit qaldığını demək mümkündür.
Xatırlayırsınızsa, bir neçə ay öncə bəzi iqtisadçılar ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarından sonra manatın məzənnəsinin ucuzlaşacağını proqnoz edirdilər. Lakin artıq yay fəslinin ilk yarısı geridə qalıb və bu dövr ərzində manat sabitliyini qoruyub saxlayıb.
İqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, son günlər valyuta bazarında aparılan monitorinqlərə görə, dollara tələb artıb: “Bu da özünü valyuta bazarındakı məzənnədə göstərməkdədir. Əgər əvvəl 100 dollar almaq üçün 169 manat ödəmək lazım idisə, indi bu rəqəm 170 manatdan çoxdur. Təbii ki, bahalaşma cüzidir. Ancaq bu bahalaşma dollara olan tələbin artmasından xəbər verir. Sözsüz ki, burada digər məqam da var ki, dollara tələb artsa da, valyuta bazarında doların manata nisbətən məzənnəsi yüksəlsə də, Mərkəzi Bankın rəsmi kursunda dolların manata nisbətən ucuzlaşması müşahidə olunur. Bu isə ondan xəbər verir ki, Mərkəzi Bank mövcud məzənnə intervalını qoruyub saxlamağa çalışır”.


Ekspert manatın məzənnəsi ilə beynəlxalq idman yarışları arasında birbaşa əlaqənin olmadığını diqqətə çatdırdı: “Manatın məzənnəsini müəyyənləşdirərkən daha çox dollara tələbin artacağı və azalacağı ayları müəyyənləşdirməyə ehtiyac var. Nəticə etibarilə, dollara tələbin artacağı aylardan biri avqustdur. Bu ay yaxınlaşdıqca dollara tələbatın artdığını müşahidə edirik. Digər ay isə dekabr ayıdır. Həmin dövrdə də dollara tələbin artacağı proqnozlaşdırılır. Səbəb isə odur ki, dekabr xarici borc öhdəliklərinin ödənilməsi ayıdır, digər tərəfdən, həmin ayda idxal və xarici səfərlər artır. Bu da valyuta bazarında özünü göstərir. Bu baxımdan, avqust və dekabr ayında dollara tələbin artacağını proqnozlaşdırırıq. Bunun manatın məzənnəsinə təsir göstərəcəyini demək çətindir. Çünki Mərkəzi Bank yenə də məzənnənin müəyyənləşdirilməsində aparıcı rol oynayır və valyuta bazarına təsir göstərir. AMB-nin rəsmi açıqlamasında da bəyan edilir ki, ilin sonuna kimi manatın dollara nisbətən mövcud məzənnəsinin saxlanılmasına çalışılacaq. Bəzi hallarda hərraclara çıxarılan dolların müəyyən hissəsi satılmır. Buna rəğmən, AMB manatın da möhkəmlənməsində maraqlı deyil”.

Related image


İqtisadçının fikrincə, AMB-nin hərraclardan sonra elan etdiyi rəsmi məzənnə də ondan xəbər verir ki, qurum mövcud intervalı qoruyub saxlamağa çalışır: “Mərkəzi Bank nə manatın, nə də dolların kəskin möhkəmlənməsində maraqlı deyil. Buna necə nail olunacağı dollara olan tələbin necə ödənilməsindən asılı olacaq. Növbəti iki ay, eləcə də dekabr Mərkəzi Bank üçün elə də asan keçməyəcək”.


V.Bayramov onu da vurğuladı ki, əvvəlki dövrdən fərqli olaraq Mərkəzi Bank manatın məzənnəsinin sabitliyi üçün vəsait xərcləmir: “AMB intervensiyanı dayandırıb, artıq Dövlət Neft Fondunun bazara çıxartdığı vəsaitlər hesabına manatın məzənnəsini müəyyənləşdirməyə və qoruyub saxlamağa çalışır. Bu da AMB-nin rezervlərində öz əksini tapır. Bu qurumun rezervlərində son aylar artım müşahidə olunur. Bu da intervensiya xərclərinin olmaması ilə bağlıdır. Bazarda dollara olan tələbin ödənilməsində aparıcı olan Dövlət Neft Fondudur. DNF bazarda əsas oyunçudur. Bu qurumun hərraclara çıxardığı valyutanın həcmi birbaşa manatın məzənnəsinə təsir göstərir. Digər tərəfdən, manatın dollara nisbətən məzənnəsinin necə dəyişməsinə baxsaq, burada Rusiyada olan təcrübənin də əkini tapmasını görə bilərik”.


Ekspertin fikrincə, hazırda dollara artan tələb yığımlarla bağlı deyil, əsasən idxal əməliyyatları ilə bağlıdır: “Xatırlayırsınızsa, biz dollarlaşma prosesi yüksələn zaman əks dollarlaşma prosesinin də olacağını bildirmişdik. Çünki banklardakı yığımların təxminən 80 faizi dollarda saxlanılır, vətəndaşlardakı yığımların da 90 faizindən çoxu dollarladır. Praktik olaraq, biznes də, sadə vətəndaşlar da dollarlaşıb. Nəticədə dollara tələb azalıb. Ümumilikdə isə idxalın əvəzlənməsi, dövlət qurumları üçün idxalın qadağan edilməsi, DNF-nin vəsaitləri hesabına dollara olan tələbin ödənilməsi manatın sabitliyi üçün zəmin yaradır. Təbii ki, burada Mərkəzi Bankın bazara göstərdiyi təsir də rol oynayır”.


Nərgiz LİFTİYEVA

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR