İnsanlara hürriyət, millətlərə istiqlal!

Taliban Orta Asiyaya hücum hazırlayır - Regionda yeni müharibə riski

2562 30.03.2022 16:45 Yazarlar A A

Martın 30-da Çinin paytaxtı Pekində Əfqanıstanın qonşuları olan ölkələrin XİN başçılarının iki günlük konfransı öz işinə başlayıb. İlk bu cür toplantı 2014-cü il sentyabrın 8-də Əfqanıstana qonşu ölkələrin xarici işlər nazirlərinin iştirakı və Çinin ev sahibliyi ilə keçirilib. Pekindəki iclasda Rusiya, İran, Çin, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan XİN başçıları və nümayəndə heyətləri iştirak edir.

Qəribə olsa da, toplantı ərəfəsində Talibanla bağlı iki xəbər ortaya atılıb.

Birincisi, ilk dəfə olaraq Taliban qonşu ölkəyə - Türkmənistana qarşı ərazi iddiası ilə çıxış edərək Əfqanıstanın Faryab əyalətində 30 kilometr sərhəddən içəriyə doğru ərazinin Türkmənistan tərəfindən işğal edildiyini bəyan edib. Taliban Türkmənistandan “itirilmiş torpaqları” geri qaytarmağı tələb edir.

İkinci məlumat isə Talibanın Tacikistana hücum edəcəyi ilə bağlı ortaya atılan iddialardır. İddialara görə, Əfqanıstan Talibanı Rusiyanın başının Ukraynada qarışmasından istifadə edərək aprelin ikinci yarısında – dağlarda qar əriyəndən sonra Tacikistana hücum etməyə hazırlaşır.

Qeyd edək ki, hələ keçən il Talibanın Tackistana hücum ordusu hazırlaması ilə bağlı xəbərlər yayılmışdı. Ötən ilin oktyabrında Tacikistanda fəaliyyət göstərən və ideoloji olaraq Talibana yaxın hesab olunan “Camaat Ənsarullah” qrupunun rəhbəri Mehdi Arsalan ölkədə hakimiyyəti ələ keçirməyə hazır olduqlarını bəyan edib.

Mehdi Arsalan Əfqanıstanın Tacikistanla sərhəddə yerləşən bir neçə rayonuna nəzarət edir. Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Tacikistanla münasibətləri gərginləşib. Çünki ölkənin şimalında Talibana yeganə təslim olmayıb müqavimət göstərən qrup tacik Əhməd Şah Məsudun oğlu Əhməd Məsuddur. Məlum olduğu kimi, hazırda taciklər Əfqanıstanda puştunlardan sonra ikinci böyük qrup hesab olunur, bu ölkədəki taciklərin sayı Tacikistandakı taciklərin sayından çoxdur. Taliban Tacikistana qaçan bir neçə min Əfqanıstan ordusu əsgərini geri almaq, həmçinin Tacikistandan Əfqanıstandakı tacik qruplara dəstək verdiyini iddia edir.

Ötən ilin sentyabrında Tacikistan Prezidenti Emoməli Rəhmonun BMT Baş Assambleyasının növbədənkənar sessiyasında etdiyi çıxış Talibanla münasibətləri daha da pisləşdirib.

Tacikistan hakimiyyətin zəif olması və daxildə ciddi münaqişə riskinə görə Orta Asiyanın “zəif bəndi” hesab olunur. Talibanın Tacikistana daxil olması Orta Asiyada “cinin şüşədən çıxması” deməkdir ki, bu da regionun gələcəyi üçün ciddi risk təşkil edir.

Orta Asiyanın daha bir “zəif bəndi” Türkmənistandır. Əfqanıstan və Türkmənistan arasında sərhəd gərginliyi yeni deyil. Bir neçə il əvvəl İŞİD-in Əfqanıstandan Türkmənistan sərhədinə hücum cəhdi olmuşdu. Bu il yanvarın əvvəlində Taliban qüvvələri ilə Türkmənistan sərhəd qoşunları arasında Şimali Cevzcan əyalətinin Hamad rayonunda toqquşma baş verib. Taliban bildirib ki, atışma türkmən sərhədçilərinin sərhəddə öldürülmüş əfqan sakinin qətlini araşdıran Taliban nümayəndələrini atəşə tutması ilə başlayıb.

Onu da qeyd etmək lazımdır ki, Yaxın Şərqdə İŞİD-in məğlub olmasından sonra bir sıra mənbələr münaqişə ocağının Orta Asiyaya “köçürüləcəyi” ilə bağlı iddialar ortaya atdılar. Talibanın 2021-ci ilin avqustunda Əfqanıstanda nəzarəti ələ keçirməsi və ABŞ qüvvələrinin ölkəni tərk etməsindən sonra bu narahatlıq daha da artıb. Məsələ ondadır ki, Orta Asiyada ciddi siyasi legitimlik problemi var, radikal islamçı qruplar çox fəaldır. Başqa sözlə, region hər an partlamağa hazır “barıt çəlləyidir”.

Yanvarda Qazaxıstanda baş verən hadisələr göstərdi ki, kiçik bir hadisə regionda böyük xaos dalğasına səbəb ola bilər.

Orta Asiyada hazırda əsas sabitlik və güc mərkəzi Özbəkistandır. Yeri gəlmişkən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ötən gün Özbəkistana rəsmi səfər edib.

Hazırda Ukraynada başı qarışan Rusiyanın Talibanın Orta Asiyaya müdaxiləsinin qarşını ala biləcəyi inandırıcı deyil.

Əgər belə bir plan varsa, bunun qarşısını alacaq qüvvə Çindir. Çinin Taliban üzərində ciddi təsiri var və Pekin Orta Asiyada ildən-ilə daha da güclənir.

Bu mənada Çində keçirilən Əfqanıstan sammiti mühüm əhəmiyyət kəsb edir. Ancaq baş verənlər göstərir ki, yaxın illərdə Orta Asiya daha çox dünyanın diqqət mərkəzində olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR