İnsanlara hürriyət, millətlərə istiqlal!

Tacikistan hədəfdə - “Taliban” Rusiyanı bölgədən qovmaq, bu ölkəni götürmək istəyir

1838 03.04.2024 11:51 Analitika A A

Rusiyanın hüquq-mühafizə orqanlarının təhqiqatçıları martın 22-də Moskva yaxınlığındakı “Krokus Siti Holl”da törədilən terror aktının sifarişçilərini qərb istiqamətində (Ukrayna, Avropa, ABŞ) axtararkən rusiyalı jurnalistlər diqqətlərini ölkənin cənub-şərqinə yönəldiblər və əlllərindəki çoxsaylı informasiya və arqumentlərə əsaslanaraq terror aktının izinin Əfqanıstana apardığını iddia edirlər.

“Krokus”un vurulmasının ertəsi günü adları və şəkilləri yayılan terrorçuların bağlı ola biləcəyi terrorçu qruplaşmanın İŞİD, konkret olaraq onun Əfqanıstandakı “Vilayət Xorasan” qanadı olduğu iddia olundu və bu versiya getdikcə daha da gücləndi.

Bu günlərdə İrandan yayılan mötəbər açıqlamadan da aydın oldu ki, “Vilayət Xorasan” təşkilatının Rusiyada terror aktı həyata keçirmək planı hələ ilin əvvəlindən olub. Belə bir planın mövcudluğu bu ilin yanvar ayının əvvəlində, iranlı general Qasım Süleymaninin anım günündə teror aktı törətmiş və yaxalanmış terrorçuların istintaqı zamanı ortaya çıxmışdı.

Məsələ ondadır ki, həmin qruplaşma həm Rusiyanı, həm də İranı Suriyada Bəşər Əsəd rejimini qoruyub saxlamaqda və İŞİD-ə sarsıdıcı zərbələr vurmaqda ittiham edir və onlara qarşı qisas aksiyası keçirməyi özünün ümdə vəzifəsi sayır.

Martın 22-nə qədər güman olunurdu ki, İŞİD artıq təşkilat kimi məhv olub, hücrələrə dağılıb, dibə çəkilib, səs-küylü aksiyalar keçirmək gücünü itirib. Ancaq unudulurdu ki, müqəddəs yer boş qalmadığı kimi “müqəddəs” elan və hesab edilən yerlər də boş qalmır: İŞİD Üsamə bin Ladenin “əl-Kaidə”sini əvəz etdiyi kimi, hansısa bir terrorçu qrup da özündən əvvəlkinin döyüşçülər bazası əsasında yenidən dirçələ bilər.

xorasan.jpg (291 KB)

2015-ci ildən mövcud olan “Vilayət Xorasan” vaxtilə İŞİD-in balası olsa da, hazırda “böyüyüb boya-başa çatmış” kimi görünür və Asiyada öz təsir gücünü artırmaqdadır.

“Taliban”, “əl-Kaidə”, İŞİD və digər terrorçu qruplar kimi “Vilayət Xorasan”ın da məqsədi orta Şərqdə “islam xilafəti” qurmaq, bütün müsəlman dövlətlərini bir bayraq altında birləşdirməkdir. Nə qədər utopik bir ideya olsa da, belə bir plan gerçəkdən də mövcuddur.

Bu ideyanın yenidən dövriyyəyə girməsinin tətikçisi Əfqanıstanda “Taliban” təşkilatının ikinci dəfə hakimiyyətə gəlməsidir. Ərazisinə görə, dünyada 40-cı, əhalisinə görə 37-ci (40 milyon nəfər) ölkə olan Əfqanıstanda hakimiyyətə gələn terrorçu təşkilat öz qonşuları üçün təhdid mənbəyidir. Əsas da ona görə ki, bu dövləti idarə edənlər öz “uğurlar”ını başqa ölkələrə də yaymaq, sirayət etdirmək istəyirlər.

Bu anlamda “talibançılar” 1917-ci ildə Rusiyada hakimiyyətə gəlmiş bolşevikləri xatırladırlar. Necə ki bolşeviklər öncə yaxın ölkələrdə - Çində, Monqolustanda, İranda, Türkiyədə, Avropa ölkələrində sosialist inqilabları təşkil etmək, kommunistləri hakimiyyətə gətirmək istəyirdilər, eləcə də “Taliban” və digər terrorçu qruplar da region ölkələrində “islam respublikaları” bərqərar etmək fikrindədirlər.

Bəs “Krokus”dakı terror aktıyla bu niyyətin reallaşması arasında hansı əlaqə var? Əlaqə birbaşadır. Rusiyada dəhşətli terror aktı kimlərin əliylə törədildi? Taciklərin. Nəticədə Rusiyada yaşayan taciklər kütləvi deportasiya, həbs, təqib-təzyiq təhlükəsi altına düşdülərmi? Düşdülər. Son həftələrdə minlərlə əmək miqrantı ya Tacikistana qayıdıb, ya da qayıtmağa hazırlaşır.

Ehtimal olunur ki, bu şəxslər yuvalarının dağılması, qazanc yerlərini itirmələri, öz ölkələrində sıxıntıya məruz qalmaları səbəbindən terrorçu qruplara qoşulmaq, onları qovan ruslardan qisas almaq fikrinə düşəcəklər və RF-nin Tacikistandakı 201-ci hərbi bazası hədəf halına gələcək. Əgər Rusiya ard-arda baş verən təxribatlardan sonra öz hərbi bazasını Tacikistandan çıxarmağa məcbur olsa, heç 3 ay çəkməyəcək ki, “Taliban”a rəğbət bəsləyən tacik ekstremistlər Əfqanıstandan aldıqları gücə dayanaraq Emoməli Rahmon klanının rejiminə son qoyacaq, Tacikistanı yeni bir “islam respublikası” elan edəcəklər.

Əfqanıstanda xeyli tacik millətindən olan şəxs yaşayır. “Taliban” hakimiyyətə yeni yiyələnəndə onlar müqavimət göstərmək istədilər, ancaq təşkilat rəhbərliyi onlarla necəsə dil tapdı, barışdılar və özləri üçün ümumi hədəf müəyyənləşdirdilər.

2022-ci ildə ekspertlər, o cümlədən Rusiya xüsusi xidmət orqanlarının rəsmi nümayəndələri Əfqanıstanda İŞİD-in 6 mindən çox döyüşçüsü olduğunu müəyyən ediblər. Onların əhəmiyyətli bir hissəsi əcnəbilərdir. Orta Asiya respublikaları, Şimali Qafqazı xalqlarının nümayəndələri, ərəblər, pakistanlılar və başqaları “islamın siyasi coğrafiyasının genişləndirilməsi” ideyasına könül veriblər.

haqqani-t.jpg (58 KB)

Etnik taciklərin Əfqanıstanda kompakt yaşadıığı bölgədə - Bədəxşanda “Taliban” ordusunun güclü nüfuza malik olan baş qərargah rəisi Qari Fəsihəddin Fitrətin “Vilayət Xorasan”ın fəaliyyətini idarə etməsi ilə bağlı məlumatlar var. Əfqanıstan DİN-in rəhbəri Siracuddin Haqqani də İŞİD-in Əfqanıstandakı rəhbərliyinə güclü təsir göstərir.

2015-ci ildən sonra İŞİD-in Rusiya ilə terror müharibəsi aparmasına dair çoxlu faktlar var. Onlardan biri Sinay yarımadası üzərində Rusiyanın sərnişin təyyarəsinin vurulmasıdır. Daha sonra Rusiya ərazisində, xüsusən Şimali Qafqazda, Volqaboyu, Ural və Sibirdə çoxsaylı terror aktlarına cəhdlər edilib, ancaq xüsusi təyinatlılar tərəfindən həmin terror cinayətlərinin qarşısı alınıb. 2022-ci il sentyabrın əvvəlində “Vilayət Xorasan”ın kamikadzesi Rusiyanın Kabildəki səfirliyinin girişində özünü partladıb, ikisi Rusiya diplomatik missiyasının əməkdaşları olmaqla beş nəfər həlak olub. Bu ilin fevral ayında Rusiya xüsusi xidmət orqanları İnquşetiya, Kaluqa, Moskva və Yekaterinburqda “Vilayət Xorasan” tərəfdarlarının terror aktlarının qarşısını alıb. “Crocus City Hall”da isə bu dəhşətli cinayətin qarşısı hansı səbəbdənsə alınmadı.

İndilikdə proses terrorçuların planına uyğun gedir. Rusiya ilə Tacikistanın münasibətləri pisləşib, prezident Rahmonun Kremldəki mövqeyi zəifləyib, Rusiya ictimaiyyəti tacikləri ucdantutma terrorçu sayır, Tacikstanda dini ekstremizmə meyl güclənir və s.

2001-ci ildə “Taliban” hakimiyyətə gələndə Türküstan ölkələri (100 il qabaq Orta Asiya respublikaların ümumi adı belə olub) yeni hakimiyyətin regionda destablizasiya yaradacağını, bu ölkələrə müdaxilə edəcəyini düşünərək möhkəm əndişələnmişdilər. Ancaq onların qorxusu sonradan azaldı. Hazırda bu ölkələr yenidən həyəcanlanıblar və işlərini ehtiyatlı tutaraq din pərdəsinə bürünmüş ekstremist təşkilatlara, terrorçu qruplara qarşı sərt mübarizə aparırlar.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR