İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşanın “Ağıllı şəhər” konsepsiyasında qurulması planı

1374 29.04.2022 08:30 KİVDF layihələri A A

Bu, turizm potensialına əlavə üstünlük verəcək

“Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı” ilə bağlı qəbul olunan Dövlət Proqramında bir sıra mühüm istiqamətlər yer alıb. Belə ki, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.

2020-ci ildə isə 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra azad olunmuş ərazilərin də sosial-iqtisadi inkişafı istiqamətində mühüm işlər görülür. Ölkə başçısı çıxışlarında qeyd edib ki, bu torpaqlarda həyat yenidən bərpa ediləcək. Ərazilər minalardan təmizlənəcək, hər cür infrastruktur layihələr icra olunacaq. Dövlət başçısı çıxışlarında onu da bildirib ki, inşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaq.

Ötən həftə isə Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi Qarabağın sosial-iqtisadi inkişafı  istiqamətində atılmış addımlardan biri oldu. İşğaldan azad ediləndən sonra Qarabağda keçirilmiş ən böyük tədbir olan və Zəfər Qurultayı adını almış bu tədbirdə bütün dünyaya azərbaycanlılarının birliyi mesajı verildi. Qurultayda diaspor təşkilatları Qarabağın gələcək inkişafında, bərpa və yenidən qurulması istiqamətində atılacaq addımlardan bəhs ediblər. Bəs görəsən,  diaspora təşkilatlarının bu işdə nə kimi töhfəsi olacaq?

c5d591c9-a374-4f92-b984-5d3e13e4.jpg (327 KB)

 Esmira Bayramova 

Qurultayda spiker kimi çıxış edən ABŞ-ın Florida Azərbaycan İcmasının təsisçisi və rəhbəri Esmira Bayramova “Yeni Müsavat”a bu və digər yeniliklər barədə məlumat verib: “Azad edilmiş ərazilərdə qurulacaq ”Smart-city", “Smart-village”, - yəni, “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası ilk növbədə dünyada baş verən qlobal cağırışlara cavab verəcəyinə və Qarabağ regionunun texnoloji investisiyalar üçün maraq mərkəzinə çevriləcəyinə inanırıq. Ümumiyyətlə, “Smart city” konsepsiyasını işğaldan azad olunmuş ərazilərdə reallığa çevirmək üçün  ilk növbədə davamlı beynəlxalq təcrübələri öyrənmək, növbəti mərhələdə tətbiq etmək üçün əsasən informasiya və kommunikasiya texnologiyaları sahəsində dünyanın  aparıcı şirkətlərində çalışan  həmvətənlərimizin təcrübə və biliklərindən geniş istifadə etmək lazımdır.

“Ağıllı şəhər” həllərini ən çox tətbiq edən 5 şəhər var ki, bunlar Sinqapur, London, Amsterdam, Honq-Konq, Nyu-Yorkdur. Bu şəhərlər həm də dünyanın əsas turizm mərkəzləridir. Deməli, “Ağıllı şəhər” texnologiyaları böyük potensiala malik Qarabağ regionunda turizm sektorunu inkişaf etdirmək üçün əlavə imkan yarada bilər. Bu aspektdən ilk olaraq pilot layihə kimi Şuşa şəhərinin “Ağıllı şəhər” konsepsiyası  çərçivəsində qurulması turizm potensialına əlavə üstünlük verəcək. Məsələn, Şuşada interaktiv məlumatverici lövhələrin quraşdırılması, turizm xidmətləri ilə bağlı mobil tətbiqlər, tarixi abidələr, keçmiş münaqişənin izləri haqqında məlumat verən robot-bələdçilər,  intellektual nəqliyyat sistemi, “yaşıl” enerji istehsalının  tətbiq olunması ilə ekoloji daha təmiz turizm məkanlarının  mümkünlüyü həmin regiona xarici turist axınına şərait yaradacaq".

E.Bayramova qeyd edib ki, “Ağıllı şəhər”lə bərabər post-konflikt ərazilərdə “Ağıllı kənd” layihəsinin də həyata keçirilməsi nəzərdə tutulub: “Beynəlxalq təcrübədə ”Smart village" dedikdə kənd əhalisinin qarşılaşdığı əsas problemlərin həlli və daha da önəmli olan kənd ərazilərində yeni iqtisadi imkanların yaradılması başa düşülür. “Ağıllı kənd” texnologiyası rəqəmsallaşma, kənd sərhədlərindən daha böyük düşünmə, kəndlə ətraf bölgələr arasında yeni əməkdaşlıq formatı deməkdir. İşğaldan azad olunmuş ərazilərdə “Ağıllı kənd” texnologiyalarını tətbiq etməklə “azalma həlqəsinin” (circle of decline) yaranma ehtimalını da bloklaya bilərik. Həmçinin “Smart-village” texnologiyaların tətbiqi həmin ərazilərə sosial innovasiyaların, start-up tipli mikro və kiçik sahibkarlığın kənd əhalisi arasında geniş yayılmasına şərait yaradacaq.Yekun olaraq xaricdə tech sahəsində böyük uğurlar qazanmış həmvətənlərimizin iştirakı ilə  “Ağıllı şəhər”  texnologiyaların tətbiqi Qarabağ regionunu dünyanın süni intellekt və təbiət gözəlliyinin vəhdətindən yaranan turizm incisinə və eyni zamanda Azərbaycanın innovasiya-start-up fabrikinə çevirə bilər".

Hazırladı: Afaq Mirayiq,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR