İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şuşada mərmi atəşi altında rabitə yaratmağa çalışırdıq” - Qəhrəman rabitəçi ilə MÜSAHİBƏ

2678 26.06.2022 14:13 Müsahibə A A

Orduda rabitə sistemi daim müasirləşir. Azərbaycan Silahlı Qüvvələrinin də maddi-texniki təminatına güclü, müasir rabitə sistemləri daxildir. Relyefə görə rabitə xətti qurmaq, əlverişsiz hava şəraitində kəsilmiş əlaqəni bərpa etmək asan deyil. Bir sıra digər məqamları da nəzərə almaqla müasir rabitə qurğularına malik olmaq, taktiki-texniki xüsusiyyətlərini öyrənmək mühümdür. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı qələbənin təmin edilməsində mühüm rol oynayan vasitələrdən biri də hərbi bölmələr arasında möhkəm və etibarlı rabitə əlaqəsinin təmin edilməsi idi. 26 İyun - Azərbaycan Silahlı Qüvvələr Günü ərəfəsində Müdafiə Nazirliyinin dəstəyi ilə

Musavat.com-un əməkdaşı Vətən müharibəsində iştirak edən peşəkar rabitəçilərdən biri ilə, rabitə bölmələrinin nümayəndəsi polkovnik-leytenant Cəmil Əsədovla söhbətləşib:

-Rabitəçilik ixtisasına maraq nədən yarandı?

- Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) ümumqoşun növü üzrə ixtisaslaşırıq. 2 ildən sonra aldığımız təhsilə, bilik və bacarığımıza görə seçim edilir. Rabitəçilik funksional ixtisasdır.

-İdealınız olub?

- Sözün düzü, yox. Öz üzərimdə çox çalışmışam. İxtisasım üzrə magistr dərəcəsi almışam.

-44 günlük Vətən müharibəsində iştirak etmisiniz. Məlumdur ki, Qarabağın bəzi ərazilərinin mürəkkəb relyefi var. Rabitə əlaqəsini yaratmaqda çətinliklər oldumu?

-Sentyabrın 27-si döyüş bölgəsində idik. Ali Baş Komandan İlham Əliyevin əmri bizim üçün gözlənilməz oldu. Hərbçi olaraq bunu 20 ildən çoxdur gözləyirdik çünki biz biliyimizi,bacarığımızı yalnız döyüş meydanında nümayiş etdirə bilərik. İstədiyimiz an yetişdi. Bu əmri alan hər bir hərbçi sevinirdi. Nəhayət ki, işğala son qoyulacaqdı və Azərbaycan xalqının başı bütün dünya ölkələri önündə uca olacaqdı. Döyüşə nəzarət, idarəetmənin təşkili, təbii ki,qarşılıqlı fəaliyyət üçün rabitə xidməti lazım idi. Hər bir tapşırığın öhdəsindən məharətlə gəldik.

-Lələtəpədən başlayaraq Şuşaya qədər 44 gün ərzində xidmət göstərmisiniz. Bildiyim qədər Şuşada rabitə əlaqəsi yaratmaq asan olmamışdı.

- Əraziyə o qədər də bələd deyildik. Məlumdur ki, Şuşa dağlıq ərazidə yerləşir. Buna görə də əlaqəni çətinliklə yaradırdıq. Dağlıq ərazi olduğu üçün rabitə yüksəkliklərdə qurulmalı idi. Əziyyətli olsa da, öhdəsindən gəlirdik. Müharibə günlərində hərbçilər deyirdilər ki, harada rabitə görürdüksə, oranın bizdə olduğunu anlayırdıq.

-Müharibə dövrünün ən çətin anlarını bizimlə paylaşa bilərsiniz?

-Cəbrayılın girişində düşmən teleqüllə qurmağa imkan vermirdi. Təxminən, 50 metrlik qüllə idi. Döyüşün müqəddəratını həll edən faktorlardan biri rabitədir. Düşmən də hər vasitə ilə bu əlaqənin qarşısını almağa çalışırdı. Bizi PUA-larla izləyirdilər, həm də mərmi atəşi altında idik. Şuşada da çətinliyimiz çox oldu. Cəbrayılın Şükürbəyli kəndi yeni geri alınmışdı. Bir neçə yüksəklikdə rabitə qurmalı idik. Avtomobilimiz hərəkətə başlayanda düşmən mərmisi ön təkərə dəydi. Bütün çətinliklərə baxmayaraq, biz rabitə vasitələrini qura bildik. Şuşada ilk rabitə əlaqəsini yaradanlardan biri də mən olmuşam. Bu xoşbəxtlik mənə nəsib olub.

-Azərbaycanda rabitəçilərin hazırlığını necə dəyərləndirirsiniz?

- Mən Azərbaycanda təhsil almışam. 1998-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirmişəm. Rabitəçilərimiz Azərbaycanda təhsil alırlar. Xarici ölkələrdə kurslarda iştirak edirik. Rabitəçilik get-gedə təkmilləşir. Azərbaycan rabitəçiləri yeniliklərlə ayaqlaşırlar. Bu gün yüksək hazırlıqlı kadrlar yetişir. Azərbaycan Ordusunda rabitə o dərəcədə inkişaf edib ki, dünya orduları ilə bir sıradadır. Ali Baş Komandan sayəsində Azərbaycanın ordu sıralarında ən müasir rəqəmsal rabitə vasitələri istifadə olunur.

-Vətən müharibəsi zamanı sağlamlığı döyüş meydanında savaşmağa imkan verməsə də, rabitəçi olmaq üçün can atanlar var idi. Döyüş şəraitində təlimatlandırılmaqla könüllülər üçün bu imkanı yaratmaq olur?

- Təlim-tədris mərkəzlərində ixtisaslara uyğun yüksək səviyyədə təhsil əldə etmək imkanı var. İstər nəzəri, istərsə də praktiki cəhətdən hər mənada hazırlıqlı kadrlar yetişdirilir. Rabitəçi olmaq üçün xüsusi hazırlıq keçilməlidir.

Polkovnik-leytenant Cəmil Əsədov Ali Baş Komandanın əmri ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Nigar HƏSƏNLİ,
Foto müəllifindir,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR