İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şuşa Media Qlobal Forumu müzakirələr üçün yaddaqalan platforma oldu” - Vüqar Zifəroğlu

591 24.07.2023 12:25 Media A A

“Şuşada baş tutan Qlobal Media Forumu son dərəcədə yaddaqalan, maraqlı, möhtəşəm keçdi. Şəxsən mənim üçün 3 məqam daha yaddaqalan oldu”.

Bunu Musavat.com-a Mətbuat Şurası sədrinin müavini, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib.

O, ilk növbədə Prezident İlham Əliyevin çıxışına diqqət çəkib: “Cənab Prezident forumda 2 saatdan artıq müddətdə həm əcnəbi, həm də yerli jurnalistlərin suallarını cavablandırdı. Sualların məzmunu müxtəlif idi - media daxil, regionda baş verən proseslər, Qarabağ, Şuşa ilə bağlı maraqlı suallar verildi. Prezident hər bir suala ətraflı cavab verdi. Cavablarda kifayət qədər aydın, konkret mesajlar var idi. Təsadüfi deyildi ki, 3 gün davam edən foruma beynəlxalq medianın diqqəti böyük oldu. Bu, çox önəmlidir. İstər beynəlxalq mətbuat orqanlarında, istərsə də televiziya kanallarında media forumuna kifayət qədər böyük diqqət ayrıldı.

İkinci önəmli məqam forumun məhz Qarabağda, Şuşada keçirilməsidir. Forumda təxminən 200 qonaq iştirak edirdi. Onların hər biri aparıcı media quruluşlarının təmsilçiləri idi. Onlar öz gözləri ilə həm Şuşada gedən bərpa prosesini gördülər, həm də yolboyu ermənilərin 30 illik işğal dövründə törətdiyi vandallıqların şahidi oldular. Bunun özü dünya ictimaiyyətinə bir mesajdır”.

Vüqar Zifəroğlu həmçinin forumda beynəlxalq jurnalistikada aktual olan problemlərin müzakirə olunduğu, panellərin hər birində jurnalistləri düşündürən bir çox problemlə bağlı maraqlı çıxışların olduğunu qeyd edib:

“Beynəlxalq spikerlərin çıxışları əsasında gündəmin əsas məsələləri müzakirə olundu. Media savadlılığı, süni intellektin jurnalistikaya təsiri, feyklər, dezinformasiya, yeni media və klassik media münasibətləri, klassik medianın, ələlxüsus, print medianın gələcəyi, sosial media. Bu cür platformaların təşkili, problemlərlə bağlı fikir mübadiləsinin aparılması müasir dövrün çağırışlarına hazır olmaq baxımından əhəmiyyətlidir. Jurnalistika çox sürətlə inkişaf edir, bu inkişafla ayaqlaşmaq üçün yeni rendensiyalar, dəyişikliklərlə bağlı aydın təsəvvürə malik olmaq lazımdır. Və nəzərə alaq ki, sözü gedən məqamlar yalnız bizi narahat edən problemlər deyil, bütünlükdə beynəlxalq jurnalistika üçün aktualdır və zatən çıxışlarda bu özünü aydın şəkildə göstərdi. Ümumiyyətlə, Şuşa Qlobal Media Forumu müzakirələr üçün yaddaqalan platforma oldu. Prezidentin dediyi kimi, forum davamlı keçiriləcək”.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR