İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sülhməramlı” Moskva Xankəndidəki “seçki” şousuna niyə susdu?

3097 13.09.2023 13:30 Yazarlar A A

Qarabağdakı qondarma, terrorçu və separatçı rejimin oyuncaq “seçki” şousundan neçə gün keçib? 3 gün.

Bu müddətdə hətta Rusiyanın bəyənmədiyi, bizim də vaxtaşırı tənqid etdiyimiz ABŞ belə, erməni separatçılarının tamaşasına reaksiya verib və “tanımırıq” deyib. Qardaş Türkiyə başda olmaqla dost ölkələr, həmçinin siyasətini birmənalı qəbul etmədiyimiz beynəlxalq təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünə qəsd cəhdini pisləyiblər.

xankendi son.jpg (233 KB)

Yaxşı, bəs niyə ən azı ötən 72 saat ərzində Rusiyadan səs-soraq yoxdur?

Neçə gündür Rusiya rəhbərliyi, rəsmi şəxsləri Ermənistanla virtual savaş aparırlar, Paşinyanı “yaş yuyub, quru sərirlər”, ermənilər üçün etdiklərini onların başına çaxırlar, qaxırlar, ürəkləri soyumur, göyə qaldırıb, yerə çırpırlar. Mariya Zaxarova danışır, ürəyi soyumur, Paşinyanı “küçədən gələn” adlandırır, spiker Simonyanın qabırğasına döşəyir... Sonra Sergey Lavrov başlayır, hə, məlum Kalantaryanı, “damarlarımdan erməni qanı axır” deyən Rusiyanın baş diplomatı, o da əzişdirir qandaşlarını, onların rəhbərliyini... Sonra da Rusiya prezidenti Vladimir Putin...

İQTİSADİ PUTİN.jpg (58 KB)

Rusiya lideri açıb sandığı, töküb pambığı. “Biz Qarabağ, Kəlbəcər və Laçın rayonlarının Ermənistanın yurisdiksiyasında qalması ilə bağlı nizamlanma variantını təklif etdik”.

Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında məhz belə deyib. Bildirib ki, Ermənistan məlum münaqişədən sonra Azərbaycanın 7 rayonuna da nəzarət edirdi. “Biz Azərbaycanla elə razılığa gəlməyi təklif etdik ki, iki rayon – Kəlbəcər və Laçın faktiki olaraq Ermənistanın və Qarabağın (qondarama qurumun - red.) yurisdiksiyasında qalsın. Amma Ermənistan rəhbərliyi bununla razılaşmadı, lakin biz 10-15 il onları razı salmağa çalışdıq. Müxtəlif variantlar ortaya çıxdı, amma nəticədə “nə edəcəksiniz” sualımıza bu cavabı verdilər - döyüşəcəyik”.

Diqqət edin, 10-15 il ərzində Rusiya “həmsədr”, “vasitəçi” qiyafəsində əslində Kəlbəcər və Laçını keçmiş Dağlıq Qarabağın, Azərbaycanın ürəyi olan Şuşanın, eləcədə də əsgərimizin qanı-canı bahasına azad edilmiş Hadrutun üstünə qoyub, Ermənistana bağışlamaq istəyirmiş!!! Bu vaxta qədər özünü məharətlə gizlədib, “sülhməramlı”, “tərəfsiz” olduğunu iddia edərək.

Azərbaycan rəhbərliyi ölkəmizə olmazın təzyiqlər edildiyini vaxtaşırı dilə gətirirdi, detallara varmasa da. Demək danışıqlarda Azərbaycan torpaqlarının hərraca çıxarılması variantı var imiş. Görün Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev hansı təzyiqlərə sinə gərib, hansı çətinliklərlə, diplomatik manevrlərlə torpaqlarımızın azadlığına nail olub.

veten.jpg (259 KB)

Təsəvvür edin, Ermənistan Rusiyanın təkidlərinə baxmayaraq, bu qədər təkliflər müqabilində 5 rayonu azad etməkdən imtina edib. Amma bu gün Azərbaycan dövləti Ermənistanla şərti sərhədlərdəki Sos və Zabux kəndlərində əhalini məskunlaşdırır, Laçın şəhərinin sakinləri evinin çırağını yandırır, Füzuliyə qayıdış başlayıb, Şuşada, Kəlbəcərdə, Ağdamda nəhəng işlər görülür.

Rusiya Azərbaycanı bütün bunlardan məhrum etmək istəyirmiş! Amma hətta 44 günlük müharibənin ilk günlərində “Şuşasız işimiz yarımçıq qalar” deyən Prezident İlham Əliyev üstünə gələn bütün təzyiqlərə rəğmən, hədəfindən imtina etmədi. Yəni heç şübhəsiz, Putin 10-15 illik müddətdə Ermənistanın “kukla” rəhbərliyini öz planına razı salsaydı belə, Azərbaycan Prezidenti Şuşadan, Kəlbəcərdən, Laçından imtina etməzdi, nədənsə Rusiya dövlət başçısı bu məqamın üstündən keçib...

Amma Putinin Ermənistana qəzəbdən irəli gələn açıqlamalarından sual yaranır: hansı haqla Azərbaycan ərazilərini hərraca çıxarmağı xəyalının ucundan keçirmisən?! Putin bu sirləri niyə əvvəllər açmamışdı, indi dilə gətirir: Ermənistan onun üzünə ağ olur, ABŞ-la birgə hərbi təlimlər keçirir, KTMT-dən imtina edir, NATO, Avropa İttifaqına can atır, ona görə? İrəvana alver təklifləri təkcə Paşinyanın hakimiyyəti zamanı yox, həm də Serj Sərkisyan və ola bilsin Köçəryan dövründə olub. Putin sürətlə Rusiyadan uzaqlaşma xətti götürən ermənilərin ürəyini ələ almaqdan ötrü sandıqları açır, az qalır İsaya and içsin ki, “mən sizi sizdən çox istəyirəm”.  

PASİNYAN PUTİN.jpg (84 KB)

Daha sonra nə deyir: “Məsələ ondadır ki, Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb”. Putin 44 günlük müharibədən sonra “beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsisidir” - söyləmişdi. Lakin sonradan fərqli arqumentlərdən istifadəyə başladı. Keçən ilin oktyabrında “Valday” Klubunda Ermənistana dedi ki, istəyirsinizsə, Vaşinqton təkliflərini qəbul edin. Bu, həm də diplomatik şantaj idi. Sonrakı dönəmlərdə Vaşinqton və Brüssel danışıqlarını pozmaq üçün Rusiya əlindən gələni etdi. Ardınca da Rusiya nifrət etdiyi Paşinyanın “dilindən tutdu”. Davamlı şəkildə ermənilərə bildirir ki, Azərbaycanın ərazi bütövlüyünü sizin baş naziriniz tanıyıb, mən neyləyə bilərəm? Bu qədər qeyri-ciddilik ola bilərmi? Vaxtilə ərazilərini anneksiya etmək cəhdi göstərən ölkənin rəhbərliyi indi də onu ittiham edən işğalçı ölkənin vətəndaşlarına, separatçı ermənilərə “məndə günah axtarmayın, gedin Paşinyanın boğazından yapışın” mesajı verir. Bəs deyirdin beynəlxalq hüquq, daha nələr...

Rusiya təhlükəli oyun oynayır. Bölgədə öz mövcudluğunu qorumaqdan ötrü hər şeyə gedir, özü də dövlət başçısı səviyyəsində. 10-15 il ərzində Ermənistana Kəlbəcər, Şuşa, Laçın daxil, Xankəndi, Xocalı, Ağdərə, Xocavəndi “pay” vermək istəyən Rusiyanın bu gün erməniləri ələ almaqdan ötrü yeni “təklif”lərlə çıxış etməyəcəyinə təminat yoxdur. Bəlkə daha 5-10 il keçəcək və Putin “mən o vaxt Şahramanyana, yaxud Paşinyana Qarabağın dağlıq hissəsi ilə bağlı təkliflər verdim, lakin qəbul etmədilər və “sonadək döyüşəcəyik” cavabını verdilər” - deyəcək...

KELBECER.jpg (190 KB)

Deməzmi? Ola bilməzmi?

Hətta Ermənistanda birgə hərbi təlimlər keçirən ABŞ belə, Qarabağdakı saxta “seçkilər”lə bağlı mövqeyini bəyan edib, Rusiya isə susur...

Əslində Rusiya hərbi kontingentinin müvəqqəti təsir dairəsində hansısa “seçki” tamaşasının qurulması 10 noyabr 2020-ci il Bəyanatına ziddir, Putinin imzası olan sənədə qarşı təxribatdır. Bu “seçki”yə göz yuman məhz Rusiya olub. Hətta Paşinyan belə, dolayısı ilə tanımadı Xankəndidəki “seçki”nin nəticələrini, mümkün olanı dedi. “Sülhməramlı” isə susur... Mövqe gözləyirik!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR