İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh danışıqları niyə dayandı - top kimdədir?

600 18.04.2024 10:57 Siyasət A A

Ermənistan rəhbərliyi yekun sənədin imzalanmaması üçün manevrlərini davam etdirir; ekspertlərdən bədbin reaksiyalar: “Bu il sülh müqaviləsi imzalanmaya bilər”; “Qarşıdakı aylarda sülh müqaviləsi ilə bağlı proseslər dalana dirənəcək”

Artıq 2024-cü ilin ikinci rübünə daxil olmuşuq, amma bu müddətdə sülh prosesi ilə bağlı konkret bir nəticə təəssüf ki, yoxdur. Ermənistan yenə də müxtəlif bəhanələrlə sülh sazişi imzalanmasından yayınır.

Düzdür, rəsmi açıqlamalarda belə pozitiv məlumatlar da verilir ki, əksər məsələlər razılaşdırılıb. Son olaraq ötən həftə Ermənistan tərəfi Azərbaycanın təkliflərinə dair öz cavabını göndərdiyini açıqlamışdı. Görünən budur ki, İrəvan konkret masa arxasında əyləşib sənəd imzalamaq əvəzinə, vaxt uzadır. Ermənistan bu xətti davam etdirdikcə, 2024-cü ildə də sülh sazişinin olacağına ümidlər azalır. Faktiki olaraq hazırda danışıqlar dayanmış durumdadır, heç bir təşəbbüs üzrə görüşlər keçirilmir. Ermənistan buna deyil, daha çox onları revanşa həvəsləndirən Aİ-ABŞ-İrəvan anlaşmaları üzrə “baş sındırır”...

Bu arada, Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinə gedib. Məlumata görə, baş nazir Voskepar (Əskipara) sakinləri ilə görüşüb. Qeyd edək ki, Paşinyan bu il ikinci dəfə adıçəkilən kəndə gedib. Keçirilən görüşdə gərginlik yaşandığı barədə məlumat var. Amma bildirilir ki, görüşün maksimum qapalı keçirilməsi qərarlaşdırılıb. Keçəndəfəki görüşdən sonra Ermənistan hakimiyyəti sülh prosesini uzatmaq üçün yeni bəhanələr uydurmuşdu. Odur ki, bu dəfə nələr baş verəcək, bunu proqnozlaşdırmaq çətindir. Ümumiyyətlə, bu qeyri-müəyyənlik nə vaxtadək davam edəcək? Politoloqların gözləntisi nədir? Proses qarşıdakı aylarda canlana bilərmi?

Tural İsmayılov: Azərbaycan OPEC ilə əməkdaşlığını genişləndirir - AZƏRTAC


Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi ekspert Tural İsmayılov məsələlərə qlobal miqyasda baş verən proseslərn bir hissəsi kimi baxmağı zəruri sayır: “Müşahidələrimizə əsasən, deyə bilərik ki, hazırda dünyanın hər bir coğrafiyasında xaos elementləri kifayət qədər yüksəkdir. Təhdidkar fonda da bu xaos elementləri dünyanı narahat etməyə davam edir. Bütün bunların fonunda həm İran-İsrail, həm Ukrayna-Rusiya qarşıdurması Qərbin şərqə doğru təhlükəli planlarından xəbər verir. Neoimperialist şəbəkələr Qərb coğrafiyasından kənar ərazilərdə təhdidkar ritorikanın daim savaş elementlərinin üstünlük təşkil etməsinə çalışırlar və belə olan təqdirdə, əlbəttə ki, bu, bizim bölgədə də gərginlik fonunun daha da artmasına xidmət edir. Eyni zamanda əlbəttə ki, bütün bu məsələlər Azərbaycanla Ermənistan arasında vəziyyətin gərginləşmə ehtimallarını artırır. Baxmayaraq ki, Azərbaycan hər zaman Ermənistanla sülh müqaviləsini dəstəkləyir və sülhlə bağlı özünün səmimi mövqelərini ortaya qoyur”. T.İsmayılov əlavə etdi ki, özəlliklə də Brüsseldə Avropa İttifaqı, ABŞ və Ermənistan arasında keçirilən üçtərəfli görüşdə Ermənistana iqtisadi yardımları və dəstəyin artırılması ilə bağlı Ermənistana verilən vədlər bölgənin çaxnaşmaya çevrilməyi ehtimallarını və riskini artırmağa davam edir: “Eyni zamanda əlbəttə ki, bu gün Cənubi Qafqaz regionuna daxil olmaq istəyən ölkələr burada da Rusiya əleyhinə bir cəbhənin yaradılmasına çalışır və buna görə də Fransa başda olmaqla, bir çox dairələr Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına qarşı çıxır və əlbəttə ki, sülh müqaviləsi bağlanmasa, bu, növbəti dəfə regionda hərbi ritorikanın artmasına səbəb olacaq və bu da sülh müqaviləsi imzalanmayacağı təqdirdə bölgədə savaş əhval-ruhiyyəsinin yüksək olmasına səbəb olacaq. Önümüzdəki aylar həlledicidir deyə düşünürəm”.

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda faktiki Nikol Paşinyan Almatı Bəyannaməsində və  özlərinin təklif etdiyi qondarma “sülh qovşağı”nda ilişib qalıb: “Azərbaycana bunu qəbul etdirmək istəyir. Halbuki Azərbaycan tərəfi beş prinsip verib. Bu prinsiplərə uyğun olaraq sülh sazişi bağlanmalı idi. Almatı Bəyannaməsini Ermənistan özü Birinci Qarabağ müharibəsində pozub. Azərbaycanın ərazilərini işğal etməklə, faktiki olaraq öz ərazi bütövlüyünü də sual altına qoyub. Ermənistan tərəfi öz sərhədlərini Azərbaycan ərazisindən çəkmişdi. Bu da Almatı Bəyannaməsinin pozulmasıdır. İndi də rəsmi İrəvan çalışır ki, özü əməl etmədiyi bəyannaməni gündəmə gətirsin. Çünki anklav kəndləri qaytarmaq istəmir. Üstəlik, Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə çalışır”. M.Əsədullazadənin sözlərinə görə, qondarma sülh qovşağı da Zəngəzur dəhlizini sual altına qoyub: “Sülh qovşağı, ümumiyyətlə, regionun nəqliyyat çağırışlarına cavab vermir. Hesab edirəm ki, Ermənistan çalışır ki, onun təklifləri Avropa tərəfindən Azərbaycana qəbul etdirilsin. Ona görə də sülh danışıqları çətin vəziyyətə düşüb. Azərbaycan sülh danışıqlarında maraqlıdır və əsas tərəfdir. Əgər Ermənistan tərəfi sülhdən yayınacaqsa, Azərbaycana da sülh lazım deyil”. Ekspert hesab edir ki, bu il sülh müqaviləsi imzalanmaya bilər: “Bunun məsuliyyətini Ermənistan daşıyır. Azərbaycan dörd anklav olmayan kəndi qaytarmaq hüququna malikdir. Ermənistana siyasi təzyiqləri artırmalıdır. Fransa çalışır ki, sülh olmasın. Ermənistan rəhbərliyi prosesi pozacaqsa, iqtisadi blokadada qalacaq. Avropa və ABŞ birtərəfli şəkildə Ermənistana dəstək versə, sülh olmayacaq. Qarşıdakı aylarda sülh müqaviləsi ilə bağlı proseslər dalana dirənəcək”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR