İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkə üzrə orta aylıq əmək haqqının məbləği açıqlandı: Aldadıcı statistika...

11296 16.03.2015 16:00 Sosial A A

Dövlət Statistika Komitəsi ölkədə yanvar-fevral aylarının yekunu olaraq, ölkə üzrə orta aylıq əmək haqqını açıqlayıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə maaşlarda 4,3 faiz artım qeydə alınandan sonra bu göstərici 444,4 AZN olub. 

Ekspertlər isə bildirirlər ki, orta aylıq əmək haqqı göstəricisi aldadıcı statistikadır. Onların fikrincə, median məvacib göstəricisi əhalinin gəlirlərinin səviyyəsi ilə bağlı real mənzərəni daha aydın şəkildə göstərir. Bu göstəricinin səviyyəsi isə orta əmək haqqından xeyli aşağı olur.  

Ekspert İlham Şaban isə işçinin bir saatına düşən maaşı hesablayıb: “Orta əmək haqqı hazırda 444,4 AZN və ya 421,23 dollar təşkil edir. Rəsmən ayda 22 iş günü və 176 iş saatı var. Hərçənd muzdlu işçilərin əksəriyyəti çoxdan unudublar ki, şənbə günü istirahət günüdür və praktikada 8 saatlıq iş günü qrafikinə çox az yerlərdə əməl olunur. Demək, Azərbaycan vətəndaşı 2015-ci ilin martına 1 saatlıq iş üçün orta hesabla 2 manat 52 qəpik və ya 2,39 dollar məvacib almaqla, gəlib çıxıb. Və bu göstərici ilə hökumətimiz iddialıdır ki, Azərbaycanın adını cəmi 5 il sonra dünyanın inkişaf etmiş ölkələri sırasında görsün. 

Ancaq bir şeyi bilmək lazımdır ki, Almaniyada bu ölkənin vətəndaşlarına hər saat üçün 8 avrodan aşağı əməkhaqqı ödəmək qanunla qadağandır. Hətta qastrabayterlərə (ölkədə çalışanlara- R.R) ayda 1,7 min avro minimumu deyilən müqavilə forması tətbiq olunur”.

Ekspert Rövşən Ağayev isə qeyd edib ki, orta aylıq əmək haqqının hesablanması üçün ölkə statistikasında median əmək haqqından istifadə edilmir: “Rəsmi statistikaya görə, fevralın sonuna Azərbaycanda orta aylıq əmək haqqı 444.4 manat təşkil edib və bu, ötən illə müqayisədə 4,3 faiz çoxdur. Azərbaycan statistikasında median əmək haqqından bir göstərici olaraq, istifadə edilmir. 

Səbəb isə çox sadədir - median əmək haqqı göstəricisi əhalinin gəlirlərinin səviyyəsi ilə bağlı real mənzərəni daha aydın şəkildə göstərir və bu göstəricinin səviyyəsi orta əmək haqqından xeyli aşağı olur. Ən sadə izaha görə, median gəlir nöqtəsi o nöqtədir ki, əmək haqqı alan bütün işçilərin 50 faizi həmin nöqtədən aşağı, 50 faizi isə həmin nöqtədən yüksək əmək haqqı alır. 

Məsələn, Azərbaycanda 1,5 milyon maaşa çalışan işçi qüvvəsi, muzdlu işçi var. Tutaq ki, bunların tən yarısı - 750 min nəfəri 250 manatdan aşağı, o biri yarısı - 750 min nəfəri isə 250 manatdan yüksək maaş alırsa, deməli, iqtisadiyyat üzrə median əmək haqqı 250 manatdır. Amma belə şəraitdə ölkədə orta aylıq əmək haqqı 500 manat da ola bilər. Nəyin hesabına..? 

Median məvacibdən, məsələn, nümunədəki 250 manatdan yüksək əmək haqqı alan 750 min nəfərdən 300-350 min nəfərinin maaşı 700, 800, 1000, 1500 manat olarsa, orta aylıq əmək haqqının kifayət qədər yüksək olacağı aydındır. Bir sözlə, iqtisadiyyat üzrə ən yüksək əmək haqqı alan 20 faizin maaşları nə qədər yüksək olursa, orta aylıq əmək haqqı göstəricisinin median əmək haqqı göstəricisindən bir o qədər yüksək olması qaçılmazdır. 

Azərbaycanda ən yüksək məvacibə malik 20 faizə kimlər daxildir? Ali ranqlı dövlət məmurları, xarici neft şirkətlərində çalışanlar, bank-sığorta sektorunda çalışanlar... Hazırda Azərbaycanda bu kateqoriyadan olan işçilərin məvacibi ilə ən aşağı əmək haqqına malik 20 faizin maaşı arasında fərq on dəfələrlə ölçülür”. 

Ekspertin sözlərinə görə, hələlik 2014-cü ilin məlumatı açıqlanmayıb, amma 2013-cü ilin timsalında Azərbaycanda median əmək haqqı və orta aylıq maaşlar arasında fərqi görmək çətin deyil: “Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə Azərbaycanda orta aylıq əmək haqqı 425 manat olub. Maaş cədvəlinə qol çəkib, məvacib alan işçi qüvvəsinin sayı 1,5 milyon nəfər təşkil edib. Amma bu qədər işçi qüvvəsinin nə qədər hissəsi orta aylıq əmək haqqı alıb? 

Dövlət Statistika Komitəsinin 2013-cü ilin noyabr ayı üzrə apardığı müayinənin nəticələri belədir: maaş alanların təxminən 80 faizinin aylıq maaşı ölkə üzrə orta aylıq əmək haqqı məbləğindən aşağı olub. Öz növbəsində, bütün işçi qüvvəsinin 66 faizinin, təxminən 990 min nəfərin aldığı maaş orta aylıq əmək haqqı məbləğinin 70 faizdən, yəni 300 manatdan az olub. İndi bizdə median əmək haqqının nə qədər olduğunu bilmək istəyirsinizmi? 

Rəsmi statistikaya görə, müayinə aparılan ayda maaş alan bütün işçi qüvvəsinin 50 faizinin orta aylıq əmək haqq 200 manatdan aşağı, 50 faizinin əmək haqqı 200 manatdan yuxarı olub. Deməli, ölkə üzrə orta aylıq əmək haqqının 425 manat olduğu bir ildə median əmək haqqı 200 manat təşkil edib, yəni 2 dəfədən də çox az olub. 

İndi sual oluna bilər ki, əgər iqtisadiyyatda çalışanların 65 faizdən çoxunun aylıq maaşı hökumətin elan elədiyi orta əmək haqqı məbləğinin 70 faizindən də azdırsa, orta maaş göstəricisi bu insanların sosial rifah göstəricisi sayıla bilərmi? Maaşlar arasında nisbətin kəskin olmadığı, beynəlxalq praktikada qəbul edilmiş 7,5 dəfədən çox, gəlirlərin ədalətli bölgü mexanizmlərinin effektiv çalışdığı ölkələrdə median əmək haqqı orta aylıq əmək haqqının 70-75 faiz səviyyəsində olur”.

Röya RƏFİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR