İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosial şəbəkələrdə yazı mədəniyyət(sizliy)i

1844 20.09.2023 08:38 Media A A

Qulu Məhərrəmli: “Yuxarı siniflərdə media savadlılığı fənni keçilməlidir, çünki... ”

Son zamanlar sosial şəbəkələrdə, eləcə də ictimaiyyətdə yerli şou-biznes əhlinin savadsızlığı, nitq mədəniyyətinə, ədəbi dilin normalarına riayət etməməsi müzakirə obyektinə çevrilib. Bu mövzunun növbəti dəfə gündəmə gəlməsi müğənni Xatirə İslamla bağlı olub. Belə ki, sosial şəbəkə hesabında məclislərdən birindən video yayımlayan ifaçı “Səhnədən darıxdım” şərhini yazıb.

Onun yanlışı izləyicilərin gözündən yayınmayıb. Bir çoxları Xatirəyə cümləni anlaşılmaz qurduğunu bildirməklə irad tutub. 

Musavat.com-un xəbərinə görə, məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğluna görə, hər şeyin kökü gedib təhsilə dayanır: “Əsas müzakirə edilməli olan məsələ təhsilimizin niyə bu gündə olmasıdır. Niyə insanlar, sadəcə, adlarının qarşısına "quş" qoyulması xətrinə məktəbə gedirlər? Bütün bunlar aradan qaldırılmasa, problemlər həll olunmayacaq... Gedib 2 sinif oxuyub əlifbanı öyrənirlər, sonra olurlar “alim”, hələ üstəlik, sosial şəbəkələrdə də insanlara nəsihət  verirlər". 

Qeyd edək ki, son illərdə təhsilin səviyyəsi ilə bağlı xeyli narazılıqlar var. Hətta elm və təhsil naziri Emin Əmrullayev də dəfələrlə bu mövzuya toxunub. Bugünlərdə verdiyi açıqlamada isə bəzən yüksək nəticələrə malik olan abituriyentin bir səhifəlik esse yaza və ya başa sala bilmədiyini deyib. Bu baxımdan, bir çox mütəxəssislər təhsil sistemində müəyyən dəyişikliklər edilməsinə, yeni təhsil proqramlarının həyata keçirilməsinə böyük ehtiyac olduğunu bildirir.

Firudin Cəlilov: "Mən və mənim kimi alimlər qara siyahıya salınıb" -  MÜSAHİBƏ

 Firudin Cəlilov 

Mövzu ilə bağlı sabiq təhsil naziri Firudin Cəlilov “Yeni Müsavat”a danışıb: “Əslində bu məsələdə mənim də təqsirim var. Belə ki, təhsilə test imtahanlarını gətirməklə şagirdlərin yazı yazma, hətta danışıq qabiliyyətini zəiflətmiş olduq. Əvvəllər adətən yuxarı siniflərdə şagirdlərə imla, inşa yazdırardılar. İndi  isə yuxarı sinif şagirdlər repetitor yanına hazırlığa gedir, bu işlərlə çox da məşğul olmurlar. Hətta məktəbdən yayınıb, repetitor yanına gedən şagirdlərin danışıq qabiliyyəti də zəifləyib. Nəticədə cəmiyyətdə savadsız nəslin yetişməsinə, bəzi diplomlu insanların öz ana dilini, bu dilin orfoqrafik qaydalarını yaxşı bilməməsinə gətirib, çıxarır. Yəni test imtahanlarının bu cür ziyanlı tərəfləri də var. 

Qeyd edim ki, o vaxt test imtahanlarını ölkəyə gətirəndə fikirləşirdik ki, bu, müvəqqətidir, yəni müəyyən müddət ədalət bərpa olunsun ki, kasıbların uşaqları oxuya bilsin və bir neçə ildən sonra test imtahanlarını ləğv edərik. Lakin həyat elə gətirdi ki, biz o işlərdən uzaqlaşası olduq, ona görə də artıq savadsız bir nəsil yetişib. 

İkinci bir tərəfdən, qeyd edim ki, hazırda təhsil sistemi həddən artıq bərbad vəziyyətdədir. Dərd burasındadır ki, bəzən savadlı bildiyimiz, hətta alim saydığımız insanlar da yazı qaydalarını pozurlar. Bunun bir səbəbi də orfoqrafiya qaydalarında dəqiqləşmənin aparılmamasıdır. Yerindən  duran deyir ki, filan sözü filan cür yazmaq olar. Məsələn, yazırlar ki, “Xankəndinə qayıtmalıyıq”. Halbuki “Xankəndinə” olmalıdır. 

Çox təəssüf ki, cəmiyyətdə çox sayda alim adını almış, diplomlu, amma savadsız insanlar var. Onlar bu diplomu oxumadan, hansısa yollarla alır, dissertasiyalarını da başqalarına yazdırırlar. Adam tanıyıram ki, ömründə bir dəfə də olsun məqalə yazmayıb, amma professordur.

Bu mənada, yeni təhsil sisteminə, həmçinin yeni təhsil proqramlarına ehtiyac var. Biz artıq 21-ci əsrdə yaşayırıq. Yeni əsrdə yeni texnologiya bumu yaranıb. Yəni  texnologiya sürətlə inkişaf edir və onunla ayaqlaşmaq lazımdır. Bunun üçün bu sahənin mütəxəssislərini yetişdirməliyik. Bu mənada təhsil sistemi dəyişməli, yenidən qurulmalı, yeni dövrə uyğunlaşdırılmalıdır".

Qulu Məhərrəmlinin 60 illik yubileyi ilə bağlı toplantı keçirilib

Qulu Məhərrəmli

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli isə mövzu ilə bağlı bunları qeyd edib: “Təbii ki, qaldırılan məsələ ciddi problemdir.  İstər sosial şəbəkədə, istər televiziya ekranlarında görürük ki, ana dilində danışanların bir çoxu həqiqətən dayaz düşüncənin sahibidir, özlərini ifadə edə bilmir və bununla bağlı ciddi problemlər var.  Bəs niyə belədir? Burada təhsil sistemi, yoxsa ailə günahkardır -                                       bu,  əbədi müzakirələr və mübahisələrdir. 

Fikrimcə, birinci növbədə bu adamların özləri günahkardırlar. Yəni təhsil heç kimi məcburi şəkildə məktəblərə dartmır. Adamlar özləri məktəblərdə çox zəif oxuyur, yalançı attestat alır və sonra da ortaya çıxanda məlum olur ki, səviyyəsi o qədər aşağıdır ki, heç, ümumiyyətlə, adam içinə çıxarılası deyil. Bəs bunun qarşısını necə almalıyıq? Orta məktəbin yuxarı siniflərindən  başlayaraq, məsələn, 9-cu siniflərdə media dərsi və yaxud  media savadlılığı dərsi keçirilməlidir. Bununla bağlı qardaş Türkiyədə artıq 10 ilə  yaxındır ki, xüsusi fənn keçirilir. Həmin fənn üzrə sosial şəbəkədə həm yazı qaydalarını, həm necə davranmağı , informasiya ilə necə işləməyi, necə kiçik mətnlərlə status yazmaq texnologiyasını öyrədirlər. Bir sözlə, bütün bu problemlərin kökündə savadsızlıq dayanır, bunu aradan qaldırmalıyıq".

Hazırladı: Xalidə GƏRAY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR