İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosial şəbəkələr gəncləri necə “udur” - ilginc məqamlar...

1900 30.06.2022 08:20 KİVDF layihələri A A

Şok faktlar, intihara aparan səbəblər

Böyük Britaniyada aparılan araşdırmanın nəticələrinə görə, sosial şəbəkələr uşaq və gənclərdə narahatlıq və qorxu yaradır. Gənclərə qarşı zorakılıq və şiddətə qarşı mübarizə aparan “Ditch the Label” adlı təşkilatın apardığı araşdırmaya görə, gənclərin yüzdə 40-ı kimsə selfilərini bəyənmədikdə özlərini pis hiss edirlər.

Yüzdə 35 nəfər isə onlara qarşı etimadın təqibçi sayına bağlı olduğunu bildirib.

12 və 20 yaş arasındakı 10 min uşaq və gənc arasında aparılan araşdırma kiber zorakılığın getdikcə yayıldığını müəyyən edib.

Hər üç nəfərdən biri internetdəki görüntülərindən dolayı istismara və zorakılığa məruz qalmaqdan qorxurlar.

Araşdırma iştirakçılarının təqribən yüzdə 70-i internetdə başqa birinə qarşı istismarçı davranış nümayiş etdirdiklərini, yüzdə 17-si isə kompüter başında zorakılığa məruz qaldıqlarını söyləyiblər.

İştirakçıların yarısı həyatları ilə bağlı pis şeylərdən bəhs etmədiklərini, sosial şəbəkəyə, sadəcə, həyatlarının “uydurulmuş” versiyasını təqdim etdiklərini ifadə ediblər.

“Ditch the Label” yardım təşkilatının başçısı Liam Hackett insanların gedərək həqiqəti göstərməkdən yayındıqlarını söyləyib.

Hackett “İnternet, sadəcə, zorakılıq iqlimini müəyyənləşdirmir. Eyni zamanda gənc istifadəçilərin şəxsiyyətinə və davranışlarına çox böyük təsir göstərir” deyib.

Social Media Danger Vector Stock Illustrations – 2,917 Social Media Danger  Vector Stock Illustrations, Vectors & Clipart - Dreamstime

Böyük Britaniyadakı mütəxəssislər valideynlərin də eyni şəkildə sosial şəbəkəyə bağlı olmasının bu təsirləri artırdığına diqqəti yönəldiblər.

Bir mütəxəssis “Ata-anaların uşaqlarına həyatın sosial şəbəkələrdən və bu şəbəkələrin yaratdığı təmtəraqlı rəsmdən daha artıq olduğunu öyrətmələrinin zamanı gəlib” söyləyib.

Bu gün Azərbaycan gəncliyi də gününün əhəmiyyətli hissəsini sosial şəbəkələrdə keçirir. Bir çox hallarda müzakirə, bəzən lağlağı, bəzənsə siyasi proseslərdən məlumatlı olmaq istəyi onu bu məkana bağlayır. Bəs bu məkana aludəçiliyin fəsadları necə ola bilər? Alimlər, sosioloqlar bu barədə nə deyir?

Gənclər ən çox hansısa sosial media platformasına müraciət edir?

ABŞ-da fəaliyyət göstərən “Piper Sandler” şirkətinin araşdırması nəticəsində gənclərin ən çox istifadə etdikləri sosial media platformaları məlum olub. Sorğu 10 min amerikalı gənc arasında keçirilib. Araşdırma nəticəsində məlum olub ki, gənclər ən çox “Instagram”, ən az isə Facebook-da zaman keçirirlər. Facebook-dan daha çox orta yaşlı insanların istifadə etdiyi məlum olub.

Sosial şəbəkələr populyarlaşmağa başladıqdan sonra internetin özündə olan öncəki kommunikasiya alətlərini kölgədə qoyub. İnsanlar əvvəllər “Hotmail mesencer” xidmətindən istifadə edirdilərsə, indi o şəbəkə yalnız uzaq xatirədir. Eyni zamanda “Skype”dan daha geniş istifadə olunurdusa, hazırda o da öz yerini itirməkdədir. Özündən əvvəlki internet kommunikasiya alətlərini üstələyən və qabaqlayan sosial şəbəkələrə isə Facebook, Tvitter, Instagram-ı misal göstərmək olar. Məhz Facebook özündə mətn, foto, video materialların paylaşılması ilə yanaşı, audio zəng, video zəng, canlı yayım kimi bir çox yeni funksiyaları da cəmləyib.

Texniki olaraq isə sosial şəbəkələr iki tipə bölünür: horizontal və vertikal olanlar. Horizontal olan sosial şəbəkələrdə insanlar xüsusi ortaq maraq dairəsi olmadan toplaşırlar, ünsiyyət qururlar, tanış olurlar. Məsələn, Facebook-da bir-birindən fərqli maraq dairələri olan insanlar dostlaşa bilir. Vertikal sosial şəbəkələrdə isə iyerarxiya mövcuddur. İnsanların ortaq maraq dairəsi olur və öz maraq dairələrinə uyğun olaraq ünsiyyətə başlayırlar. Məsələn, “Linkedin”də bir PR mütəxəssisi öz həmkarları ilə əlaqə qurur, çünki onların ortaq marağı var. Sosial şəbəkələrdə kommunikasiya barədə danışdıqda isə 2 növə bölməliyik: birinci fiziki, individual şəxslərin kommunikasiyası, ikinci isə korporativ kommunikasiya. Bu sosial şəbəkələrin demək olar ki, hər birini, hər iki məqsəd üçün də istifadə etmək olur.

Gənclər virtual əlaqəni real əlaqədən üstün sayır - ciddi psixoloji problem budur

Sorğu nəticəsində müəyyən edilib ki, sosial şəbəkələrin saytlarının aktiv iştirakçılarının 40 %-i virtual əlaqəni real həyatdakı əlaqəyə bərabər hesab edirlər. Hətta Cənubi Afrikanın bütün sakinlərinin 30 %-i və Tayvan sakinlərinin 28 %-i qeyd ediblər ki, onların internet şəbəkəsində daha çox dostları var, nəinki real həyatda.

Mental Health in the Digital Age: How to protect yourself from the dangers  of social media | The Milwaukee Independent

Hətta sosial şəbəkələrdən istifadə gündəlik iş rejiminə də ös təsirini göstərməyə başlayıb. Belə ki, Britaniyada firmalarda işçilərin bu cür sosial şəbəkələrdə bütün vaxtlarını keçirmələri sayəsində hər gün firmaların 263 milyondan çox dolları itirdiyi hesablanıb ki, nəticədə şirkət bu cür şəbəkələrə girişi bağlayıb. Bu isə işdən çıxanların sayının artmasına səbəb olub. Demək, bu gün insanlar sosial şəbəkədən istifadə üçün işini belə itirməyə razıdır...

Bütün dünyada olduğu kimi Azərbaycanda da sosial şəbəkələrə maraq gündən-günə artır. Bəziləri üçün sosial şəbəkə gündəlik həyatın mühüm tərkib hissəsi, digərləri üçün isə vaxt itkisi anlamına gəlir. İnsanlar müxtəlif məqsədlər üçün onlardan yararlanır. Son zamanlar istifadəçilərin sayı ilə yanaşı fəallığı da artıb və hətta bu gün ölkəmizdə də bəzi iş yerlərində gündəlik iş rejminə mane olduğu üçün sosial şəbəkələrdən, o cümlədən Facebook-dan istifadə qadağan edilib. Bununla yanaşı, sosial şəbəkələrdən məhz iş məqsədilə faydalanların da sayı az deyil.

Uşaqların nəinki sosial şəbəkədə, internetdə informasiya təhlükəsizliyinin qorunması ilə bağlı təhlükələr var.

Günün üçdə biri - onların sosial şəbəkə asılılığı belədir

Avropada Uşaq və yeniyetmələr sağlamlığı qrupu 3 il ərzində İngiltərədə 16 yaşa qədər olan 12 mindən çox uşaq və yeniyetmələr arasında sorğu keçirilib. İlk mərhələdə 9 yaşlı uşaqlardan hər gün İnstagram, Feysbuk, Votsap və Tvitter kimi sosial media tətbiqlərindən hansı aralıqlarda istifadə etdikləri soruşulub.

Qızların 51, oğlanların 43 faizi sosial media tətbiqetmələrini gündə üç dəfədən çox istifadə etdiklərini söyləyib. Bu rəqəm 11 yaşında oğlanlar arasında 69 faiz, qızlar arasında 75 faizə qədər artıb. Eyni qrupdan 10 yaşındakı uşaqlardan zehni sağlamlıq ilə bağlı forma doldurmaları istənib və “kiber təqiblər”, yuxu, fiziki fəaliyyətlər haqqında suallar verilib. 11 yaşlarında isə onlardan xoşbəxtlikləri və həyatlarından nə dərəcədə məmnun olduqları barədə sualları cavablandırmaqları istənib.

Gün ərzində üç dəfədən çox sosial mediadan istifadə edən gənc qız və oğlanların zehni sağlamlıqlarının pozulduğu və psixoloji pozğunluqlar yaşadıqları müşahidə olunub.

Tədqiqatçıların sosial mediadan istifadənin psixi sağlamlığa təsir etdiyinə dair güclü dəlilləri var. Qızlarda daha çox yuxu problemi, “kiber təqib” və fiziki fəaliyyət əskiklikləri qeydə alınıb. Bənzər təsirlər oğlanlarda müşahidə olunsa da, qızlara nisbətən daha az olub.

Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR