İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS - Balaxanıda 632 yaşlı məscid-memarlıq abidəsi dağılmaq üzrədir- FOTOLAR

3717 04.04.2017 16:59 Ölkə A A

Sırada dağılmaq təhlükəsi ilə üzləşən digər tarixi abidələr də var

Bakının ən qədim kəndlərindən olan Balaxanıda tarixi abidələrin bir çoxu baxımsız vəziyyətdədir. Yolları uçuq-sökük kəndin qəbristanlığında yerləşən Hacı Şəhla məscidi isə tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Hacı Şəhla məscidinin üstündə vaxtilə iki sətirlik kitabə olub. Həmin kitabədə bu sözlər olub: “Bu imarət Hacı Şəhla bin Şakir bin Mustafa Köşkinindir. Yeddi yüz səksən yeddinci il”. Bu kitabədən bir az solda, qapı çərçivəsindən bir az aralı ərəbcə bir kitabə də olub ki, bu da imarəti tikən ustaların adını bildirir. İki sətirlik bu kitabə belə oxunub: “Ustad Arif bin ustad Musa Cibalın işidir”. Üzərində olan kitabələrdə məscid imarət adlandırılıb.

Ancaq bəzi məscidlərdə onları son imarət kimi qeyd olunmasına rast gəlinir. Məsciddə məzarlığa təsadüf olunmadığı üçün məzarın harada yerləşməsi bu günə qədər bilinmir. Yəni məscid tədqiq olunmadan tarixə qovuşmaq üzrədir.Tikili hazırda uçulmuş vəziyyətdədir. Bir qədər əvvələ kimi məscidin tam yarısı, cənubdan-şimal tərəfə dağınıq vəziyyətdə olsa da qalırdı. Yəni portal hissəsinin yarısı, qərb divarı salamat idi. Hazırda isə həmin tikilinin olan-qalan divarları da tamamilə dağılmaq ərəfəsindədir. Məscidin dağınıq qalıqları üzərində “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Yerli əhəmiyyətli memarlıq abidəsi. Hacı şəhla məscidi. 1385-ci il. İNV № 127. Abidə dövlət tərəfindən qo.....” sözləri yazılan, artıq ironiyaya çevirilmiş tanıtım lövhəsi də göz deşir. Lövhədə məscid tikdirən Hacının adı belə orfoqrafik səhvlə yazılıb. “Nazirlik məscidi necə qoruyur” sualı da açıq qalır. Məscidin salamat qalaraq günümüzə qədər gəlib çıxan divarında yaranan geniş çat lövhənin alt hissəsini də sındırıb. Nəticədə lövhədəki “qorunur” sözü “qo...” şəklinə düşüb və sanki məscid divarları ironiya-lövhədən, onu məscid üzərinə pərçimləyənlərdən yaxa qurtarmağa can atır. Tarixi abidə əbədiyyətə onu qorumayanların adı ilə deyil, öz adı ilə qovuşmağa can atır. Fotolardan da aydın şəkildə göründüyü kimi memarlıq abidəsi son günlərini yaşayır. Ümimiyyətlə isə Balaxanı qəsəbəsindəki tarixi abidələrin hər birinin durumu acınacaqlıdır. Şirvanşah əmiri Xacə Zeynəddinin göstərişi ilə XIV əsrdə tikilmiş ovdanın ümumi görünüşü də ürək parçalayır. Tarixi abidəni əhəngləyib qədimiliyini tamamilə itiriblər. 40 pilləkanlı su ovdanı vaxtilə insanların suya olan tələbatı ödəməyə görə inşa edilib. XIV əsrdən XIX əsrin sonuna qədər, eləcə də 1920-ci ilin aprel inqilabına qədər istifadə olunub. Yeddi metr dərinliyi olan bu ovdan Balaxanı sakinləri üçün təmiz sudan istifadə üçün nəzərdə tutulmuşdu. Su quyusunun ortasında olan çarxa sakinlər at bağlayaraq suyu çəkiblər. Su arxlara, eləcə də Qum hamamına da gedərmiş. Sovet dövründə tarixi abidə baxımsızlıqdan zibil atılan məkana çevirilmişdi. Müstəqilliyin ilk illərində isə su ovdanı yerli sakinlərin təşəbbüsü ilə təmizlənib səhmana salınmışdı. Kəndin cənubundakı “Boq-boqi” adlanan yerin yaxınlığında vaxtilə Suraxanı atəşgahına bənzər abidə olub. Kəndin cənub hissəsindəki köhnə qəbiristanlıqda “Pirə Moulo” piri, kəndin ortasındakı böyük tut ağacının yanında olan “Sənqıran” piri olub. Tarixi abidələrə biganəlik sadalanan abidələrin tarixdən silinib yox olmasına gətirib çıxarıb.

1636-cı ildə tikilmiş Hacı Ruhulla tikilisi, yerli sakinlərin Şah Səfi karvansarayı adlandırdığı bina kəndin mərkəzində yerləşir. Abidə yaxşı günlərini yaşamıq desək, yanılmarıq.

Balaxanı qəsəbəsi coğrafi mövqeyinə görə, Abşeron yarımadasının mərkəzində, tarixi “İpək yolu”nun üstündədir. Zamanında bütün tacirlərin yolu buradan düşüb və Şah Səfi karvansarayı da onların ixtiyarında olub. Azərbaycan höküməti inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi turizm sahəsi seçildiyini bəyan edib. Ölkəyə yenicə turist axını başlayıb. Belə bir vaxtda Abşeronun, ölkəmizin tarixi, inkişaf yolu ilə maraqlanan turistlərə ölkəboyu səpələnən, Bakının kənd və qəsəbələrində baxımsızlıqdan uçulub dağılaraq torpağa qarışan tarixi abidələri göstərmək məqsədəuyğun deyil?

E.Məmmədəliyev

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR