İnsanlara hürriyət, millətlərə istiqlal!

KAMAL ABDULLA NOBELƏ ÖDÜLÜNƏ DOĞRU

4321 29.03.2012 15:49 Son xəbər A A

***

Bakı Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdullanın Nobel mükafatına namizədliyi qeydə alınıb. Bəzi media orqanlarının yazdığına görə, onun namizədliyini Azərbaycan Yazıçılar Birliyi irəli sürməyib. Bunu AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu da təsdiqləyib. Yazıçının söylədiklərindən məlum olur ki, onun namizədliyinin hansı qurum tərəfindən irəli sürülməsi məlum deyil. Maraqlıdır, onda Kamal Abdullanın namizədliyini kim irəli sürüb?

1901-ci ildən etibarən Nobel mükafatının verilməsi qaydalarına görə namizədlərin irəli sürülməsi qapalı saxlanılır. 1974-cü ildən bu informasiyalar tədricən açılmağa başlandı. Və Nobel Komitəsinin əsasnaməsində yer alan bir maddə 50 il müddətində qapalı qalan informasiyaların açılmasına imkan yaratdı. Yəni 2005-ci ildə 1901-1954-cü illər üzrə informasiyalar, 2009-cu ildə isə 1959-cu ilin informasiyaları əlçatan oldu. Bəs namizədlərin seçim proseduru necədir?

Nobel Komitəsinin əsasnaməsinə görə Ədəbiyyat üzrə Nobel mükafatına namizədliyi aşağıdakı subyektlər irəli sürə bilərlər:

- İsveç Akademiyasının üzvləri, yaxud analoji məqsəd və vəzifələri daşıyan digər Akademiya, İnstitut və cəmiyyətlər;

- Universitetlərin tanınmış ədəbiyyat tarixçiləri və dilşünasları

- Uyğun ölkələrin yaradıcı insanlarını (sənətkarları) təmsil edən Birliyin sədri;

 - Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları.

 Əslində Kamal müəllimin namizədliyinin Yazıçılar Birliyi tərəfindən verilməməsi maraqlı məqamları ortaya çıxarır. Belə çıxır ki, hörmətli Kamal Abdullanın namizədliyini Əsasnaməyə görə yerdə qalan subyektlərdən biri irəli sürüb.

Bu yerdə olduqca maraqlı bir faktı oxucuların diqqətinə çatdırmaq istərdim. Ötən əsrin 70-ci illərində Azərbaycanın tanınmış cərrahı Mustafa Topçubaşov və fizioloq Qəhrəman Qəhrəmanovun fiziologiya və tibb üzrə Nobel mükafatına namizədlikləri irəli sürülüb. Hətta sovet rejiminin ən tünd cağlarında onlara dəvətnamə də göndərilib. Professor Qəhrəman Qəhrəmanovla söhbətimizdən məlum oldu ki, onların namizədliklərini bir Nobel mükafatı laureatı həkim irəli sürübmüş. Bunu onlara Macarıstanda keçirilən elmi simpoziumda başqa bir nobelçi həkim söyləyib. Bu prosedur mükafatın verilməsi üçün ən yaxşısı sayılır. Məsələn, İvan Buninin namizədliyini Romen Rollan, Şoloxovun namizədliyini Jan Pol Sartr, Taqorun namizədliyini Uilyam Yeyts irəli sürmüşdür. Ancaq Topçubaşov və Qəhrəmanovun işləri Nobelə layiq olsa belə sovet rejimi onları mükafatı qəbul etməyə imkan verməyəcəkdi. Və belə də oldu. Kommunistlərin əsas qəzetlərində Nobelin şəxsiyyətini və mükafatı təhqir edən seriya yazılar dərc olunmağa başlandı. Bu hərəkətlərdən sonra Nobel Komitəsində bir daha bu iki Azərbaycan aliminin adı çəkilmədi. 

1948-50-ci illərdə Pasternakın namizədliyini İsveç Kral Akademiyasının üzvü Martin Lamm irəli sürmüşdü.  Akademiyanın bircə üzvünün namizədi 1958-ci ildə bu möhtəşəm mükafata layiq görüldü.

Azərbaycan yazıçısının namizədliyinin hansısa Nobel mükafatı laureatı, yaxud dünya universitetlərinin tanınmış alimlərindən biri tərəfindən irəli sürülməsi mümkündür. Kamal Abdulla iri həcmli əsərləri ilə yanaşı həm də tanınmış nəşrlərdə sanballı yazıları ilə də tanınır. Bu faktın özü də namizədliyin irəli sürülməsində mühüm rol oynaya bilər. Bütün bunlarla yanaşı Kamal müəllim həm ölkəmizdə, həm də dünyada yüksək intellekti ilə seçilən yaradıcı insanlardan biri kimi qiymətləndirilir.

Konkret olaraq yazıçının Komitəyə təqdim olunmuş “Sehrbazlar dərəsi”, “Yarımçıq qalmış əlyazma” və “Unutmağa kimsə yox” əsərləri tənqidçilər tərəfindən yüksək qiymətləndirilir. Əsərlərin yerli və xarici səviyyədə geniş təhlilləri aparılıb. Kamal müəllimin bu əsərləri Nobel Komitəsinin “ideal yönümlü” kriteriyasına tam uyğun gəlir. Bu kitablarda həqiqətən məhdud praqmatik dəyərlər deyil, universal dəyərlər ifadə olunur.

Azərbaycan yazıçısının əsərləri universal dəyərləri və ideal yönümü ehtiva etmək nöqteyi-nəzərindən heç də Nobel laureatları Patrik Uaytın “Bəşəriyyətin səcərəsi”, Xaldor Laksnessin ”Qaytarılmış cənnət”, İsaak Zingerin “Məmnunluq günləri”, professor Sol Bellounun “Hersoq”, Vladislav Raymontun “Kişilər” və s. əsərlərindən geridə qalmır.

Namizədliyin qeydə alınması birinci mərhələdir. Yazıçı əsərlərindəki ideal yönümü, universal dəyərlərin ifadə olunmasını oxucuların və Nobel Komitəsinin gözlədiyi sonrakı esselərində, hekayə və romanlarında davam etdirməlidir. Onun romanlarının, müsahibələrinin, esse və hekayələrinin dünya xalqlarının dilinə tərcümə olunması işi genişlənməlidir.

Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş onlarla yazıçı və şairin namizədliyinin cəmi bir dəfə irəli sürülməsi ilə də məqsədə çatılıb. Bu hal tanınmış Azərbaycan yazıçısının timsalında da təkrarlana bilər. Kamal Abdullanın Nobel mükafatına layiq görülməsi ondan çox xalqımıza lazımdır. Bu xalqın bir nümayəndəsinin timsalında Nobel mükafatı səviyyəsi üçün yetişməyimizə bir sübut ola bilər. Millət isə yalnız uzun mənəvi inkişaf yolu keçdikdən sonra mükafata layiq şəxslər yetişdirir.

Dekabrın 10-nu gözləyək....

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR